Çində yayılan virusun dünyaya təhlükəsi müzakirə olunub

15:15 24.01.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Çində aşkar olunmuş, Koreya, Yaponiya, Tailand və Sinqapura yayılan yeni koronavirus alovlanması ilə bağlı Beynəlxalq Tibbi Sanitariya Qaydaları (2005) üzrə Fövqəladə Hallar Komitəsinin iclasını keçirib. 

BMT-nin Bakı ofisindən Hafta.az-a daxil olan məlumatda deyilir ki, Çin, Yaponiya, Tailand və Koreya səhiyyə nazirliklərinin nümayəndələri komitəyə ölkələrindəki son vəziyyətlə bağlı məlumat veriblər. Çində müraciət hallarının sayının artdığı bildirilib və onlardan 557 nəfərdə yoluxma halı qeydə alınıb.

Çin hökümətinin təqdim etdiyi yeni epidemioloji məlumat, yoluxma və şübhəli halların, yoluxmuş əyalətlərin sayının artdığını və hazırda qeydə alınmış hadisələrdən 4 faizinin (557-dən 17-si) ölümlə nəticələndiyini aşkarlayıb.

Virusun insandan insana ötürülməsi qeydə alınıb və reproduktivlik dərəcəsi 1,4-2,5 kimi təqdim olunub. Çoxalma hadisəsi yalnız bir səhiyyə müəssisəsində müşahidə olunub. Qeydə alınmış halların 25 faizinin ağır dərəcədə olduğu bildirilir. Xəstəliyin mənbəyi hələ də məlum deyil (daha çox, heyvan mənşəli olması ehtimal edilir) və insandan insana ötürülməsinin nisbəti hələ ki müəyyənləşməyib.

Komitənin 23 yanvar tarixindəki iclasının qərarına əsasən, xəstəliyin əhatə dairəsi məhdud olduğundan və bəzi simptomları müəyyənləşdirilmədiyindən onun ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən, fövqəladə vəziyyət elan edilməsi üçün hələlik, erkəndir.

Komitə üzvlərinin əksəriyyəti, virusdan yoluxma hallarının məhdud sayda və onun ikili təbiətə malik olmasını nəzərə alaraq, İctimai Səhiyyə sahəsində Beynəlxalq Əhəmiyyət daşıyan fövqəladə vəziyyətin elan edilməsinin hələ tez olduğunu bildiriblər.

"Baş direktor zəruri hesab edərsə, Komitə təxminən 10 gün ərzində və ya daha tez yenidən toplaşmağa hazırdır. Xəstəliyin digər ölkələrə yayıla biləcəyi ehtimal olunur. Bu səbəbdən, bütün ölkələr aktiv nəzarət, erkən diaqnostika, təcrid olunma, xəstəlik hallarının idarə edilməsi, ötürülməsinin izlənməsi və "2019-nCoV" infeksiyanın yayılmasının qarşısının alınması daxil olmaqla, cavab tədbirləri görməyə hazır olmalı və bütün məlumatları ÜST-lə bölüşməlidir", - bəyanatda deyilir.