“Dərin dövlət”in Avropada gücləndiyi aydın görünür” - İrakli Kobaxidze

10:42 27.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Biz görürük ki, gürcü mühacirlər Gürcüstanla emosional əlaqəni itirmirlər. Vətənə bağlılıq hissi, onun sevincinə və uğurlarına şərik olmaları Gürcüstanı dünyanın bir çox ölkələrində layiqincə təmsil etdiklərinə ən yaxşı işarədir”.

Hafta.az-ın yazdığına görə, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Diaspor Gününə həsr olunmuş forumdakı çıxışında bildirib.

Hökumət başçısının qeyd etdiyi kimi, gürcü diasporu ölkənin Avropaya inteqrasiya yolunda həlledici həlqədir, Gürcüstanla xarici ölkələr arasında ikitərəfli əlaqələrin dərinləşdirilməsi, ölkənin mədəniyyətini və intellektual potensialını təqdim edir.

“Xaricdə yaşayan soydaşlarımıza, gürcü icmalarına, pravoslav kilsələrinə və gürcü folklor ansambllarına milli-mədəni özünəməxsusluğun və gürcü adət-ənənələrinin qorunub saxlanılmasına xidmət edən fədakarlıqlarına görə təşəkkür etmək istərdim. Diasporamızın vətənimizlə əlaqəsinin dərinləşməsində və qorunub saxlanmasında Pravoslav Kilsəsinin rolu xüsusi əhəmiyyət daşıyan kilsə nümayəndələrinə minnətdarlıq edirəm. Xaricdə fəaliyyət göstərən yeparxiyalara və bu çox dəyərli işə xidmət edən hər bir din xadiminə, regionda yeni siyasi gündəm formalaşdığı bir vaxtda öz vətəndaşlarımıza imkan yaradacağımızı bildirmək istəyirəm”, - deyə İrakli Kobaxidze bildirib.

Baş nazir əlavə edib ki, ötən il vətənə qayıdan həmvətənlərin sayı ölkədən gedənlərin sayından bir qədər çox olub.

"Xaricdə yaşayan soydaşlarımız Gürcüstanın özünəməxsusluğunu, adət-ənənələrimizi, mədəniyyətimizi bütün dünyaya tanıdırlar. Buna uyğun olaraq, ölkəmizin inkişafında onların rolu çox böyükdür. Şadam ki, bu missiyanın əhəmiyyətini daha çox insan dərk edir" deyən baş nazir bildirib ki, hökumətin əsas qayğısı xaricdə yaşayan gürcülərin Gürcüstana qayıtması olmalıdır. “Biz əlimizdən gələni edəcəyik ki, mümkün qədər çox insan öz vətənlərinə qayıtmaq qərarı versin, burada onları müvafiq yaşayış şəraiti və layiqli işlə təmin etməliyik. Mən şadam ki, ötən il vətənə qayıdan həmvətənlərimin sayı ölkədən gedənlərin sayından bir qədər çox olub. Böyük ümidlərimiz var ki, iqtisadiyyatın sürətli inkişafı ilə yanaşı, vətənə qayıdan mühacirlərin də sayı ildən-ilə artacaq. Bu, bizim ən mühüm milli missiyamızdır”, - deyə baş nazir bildirib.

Baş nazirin sözlərinə görə, gənclərə öz vətənləri ilə sıx əlaqə saxlamaları üçün xüsusi diqqət yetiriləcək.

"Bizim kiçik xalq olaraq diasporumuza xüsusi diqqət ayırmamağa haqqımız çatmır. Dövlətin səyləri bundan sonra da diaspor nümayəndələrinin milli-mədəni özünəməxsusluğunun qorunub saxlanmasına, təhsil məsələlərinə yönəlmiş proqramların həyata keçirilməsinə yönəldiləcək. Həmçinin gənclərə xüsusi diqqət yetiriləcək, onların öz vətəni ilə sıx əlaqəsi saxlanılacaq, ölkəmiz üçün uğurlu təhsil alacaqlar, vətənimizin gələcəyini yaradan tələbələrə xüsusi diqqət yetiriləcək", - baş nazir bildirib.

Hökumət başçısı Avropa liderlərinin Gürcüstana qarşı riyakar mövqeyini də tənqid edib.  Bildirib ki. Makron, Tusk və Merzin bəyanatları “dərin dövlət”in Avropada gücləndiyini açıq şəkildə göstərir. Onun sözlərinə görə,  Makronun Albaniyada ona dedikləri geniş yayılmış bəyanatla ziddiyyət təşkil edir.

“Üçtərəfli bəyanata gəlincə, “Dərin dövlət”in Avropada gücləndiyi aydın görünür. Hər şeyi bir kənara qoysaq, mayın 26-da belə açıqlama vermək ədəb məsələsidir. Mayın 26-sı təntənəli gündür və bu gün təbrik məktublarının göndərilməsi adətdir. Heç protokola, etiketə də əməl etmirlər. Bu onu göstərir ki, onlar öz obyektiv maraqlarına uyğun gəlməyən xətt üzrə işləyirlər. Bu, çox təəssüfləndirici və kədərlidir. Makronun Albaniyada mənə dedikləri yayılan bəyanatla kökündən ziddiyyət təşkil edir. Bu da onu göstərir ki, insanlar müstəqil qərar qəbul edə bilmirlər. Avropa ölkələrinə çox ciddi təsir var və müvafiq olaraq bütün bunlar hamımızın gördüyümüz çaşqınlığa səbəb olur”, - deyə İrakli Kobaxidze bildirib.

Fransa prezidenti Emmanuel Makron, Polşanın baş naziri Donald Tusk və Almaniya kansleri Fridrix Merz Gürcüstanın Müstəqillik Günü ilə bağlı bəyanat yayaraq Gürcüstan hakimiyyətinin “demokratik geriçəkilməyə aparan hərəkətlərini, həmçinin vətəndaş cəmiyyətinə, mediaya və hökumət əleyhdarlarına qarşı hücumları pisləyib”.

"Melianın həbsi ilə bağlı açıqlamalar yadınızdadır? Üç il sonra Strasburq dövlətin qanunauyğun hərəkət etdiyini təsdiqlədi. Heç kim üzr istəmədi. İndi Caparidze məsələsi ilə bağlı eyni şeyi təkrarlayırlar", - baş nazir İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, Nika Meliyanın saxlanması ilə bağlı Strasburqun qərarı məlum olandan sonra heç bir səfirlik və ya ölkə üzr istəməyib.