Dərman bazarında xaos hökm sürür - bəzi preparatların heç mənşəyi bilinmir

15:26 06.08.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Son 10 gündə Azərbaycanda 11 nəfər dərmandan  zəhərlənib. Zəhərlənənlərdən 2-si uşaqlar olub. Rəsmi rəqəmlər onu göstərir ki ölkədə dərman zəhərlənmələri sayı əvvəlki illərlə müqayisədə artıb.

Məsələ sosial şəbəkələrdə də geniş müzakirə obyektinə çevrilib. Bəzi istifadəçilər ölkəyə gətirilən dərmanların tərkibindən və keyfiyyətindən narahatlıq ifadə edirlər. Bəs görəsən Azərbaycanda dərmanların keyfiyyəti ilə bağlı vəziyyət nə yerdədir? Zəhərlənmələrə səbəb olan preparatlar daha çox hansılardır?

Məsələ ilə bağlı hafta.az-a danışan Tibb  elmləri doktoru, professor Aqil Qeybulla söylədi ki, əgər zəhərlənmə faktları varsa və bu ekspedisiya tərəfindən sübuta yetirilibsə, məsələ  araşdırılmalıdır. Ona görə ki, dərman preparatından zəhərlənmə halı çox ciddi məsələdir:

““Dərman Təhlükəsizliyi Konsepsiyası”, “Milli Təhlükəsizlik Konsepsiyası”nın tərkib hissəsidir. Azərbaycanda istifadə edilən bütün dərmanlar haqqında xalqa məlumat verilməlidir. İnsanlar bilməlidirlər ki bu harada və necə istehsal edilir. Təəsüflər olsun ki, bəzi preparatların heç vətəni bilinmir. Dərman bazarında baş verən xaoslar bu cür hadisələrə səbəb olur. Ona görə hesab edirəm ki, məsələ dəqiq araşdırılmalı, lazımi səviyyəyə qaldırılmalı və ciddi tədbirlər görülməlidir”.

Daha çox hansı preparatların təhlükə yarada biləcəyinə gəldikdə isə professor hesab edir ki, keyfiyyətsiz rəng və dadlandırıcı kimi əlavələr edilən bəzi dərmanlar bu sıralardadırlar:

“Ad çəkmək bir qədər düzgün olmazdı. Ancaq fikrimcə, o dərmanlar ki aşağı keyfiyyət parametrlər ilə xarakterizə olunur, tərkibindəki dad rəng verən struktur əlavələri  keyfiyyətsizdir, belə preparatlar təhlükəli sayılır”.