Dəyişən səfirlər, Vaşinqtonun Cənubi Qafqaz gedişi

10:49 28.03.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Region üzrə Azərbaycana qarşı qərəzli çıxışları ilə diqqət çəkən ABŞ-ın Ermənistandakı səfiri öz vəzifəsindən geri çağrılır. Erməni qəzetləri diplomatın postunu bir ay sonra tərk edəcəyini və ABŞ-da məhkəmə qarşısına çıxarılacağını da yazıb. Belə qeydlər var ki, ABŞ Ermənistana neytral mövqe sərgiləyən səfir təyin edəcək. Bütün bunlar ABŞ-ın Cənubi Qafqaz siyasətində hansı konturları seçəcəyindən xəbər verir?

Bu istiqamətdə hafta.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, ABŞ Ermənistandakı səfirini dəyişdirir. Üstəlik hələ Azərbaycana da səfir təyin olunmayıb. Bundan sonra Azərbaycan hökuməti Tramp hakimiyyəti ilə sıx əməkdaşlığa ümid edir.

E.Şahinoğlu qeyd edib ki, ABŞ Ermənistana və Azərbaycana da öz fikirləri olan diplomatları təyin etməlidir. Onun fikrincə, bu diplomatlar Amerikanın milli və təhlükəsizlik maraqlarından çıxış etməlidirlər.

Politoloq Donald Trampın öz dostunu Türkiyə səfir göndərməsini də təsadüfi saymayıb.
E.Şahinoğlu qeyd edib ki, bu gün ABŞ-ın əsas diqqəti Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərq məsələlərinə yönəlib. Bununla yanaşı, ekspert son zamanlar ABŞ-ın Cənubi Qafqaz maraqlarının artdığını da istisna etməyib.

“ABŞ Prezidentinin Milli Təhlükəsizlik müşavirinin Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə telefon söhbəti, eləcə də ABŞ dövlət katibinin bu günlərdə Ermənistan baş naziri Nikol Paşinyanla etdiyi telefon söhbətləri Cənubi Qafqaza artan maraqlarının göstəricisidir. Ermənistan-Azərbaycan arasında imzalanacaq sülh sazişinin mətni artıq razlaşdırılıb. Azərbaycan-Ermənistan arasında sülh sazişi imzalanacaqsa, Vaşinqton bundan pay almaq istəyəcək. Hesab edirəm ki, səfirlərin dəyişdirilməsinə bu siyasətin tərkib hissəsi kimi baxmaq lazımdır”.