Türkiyə Cümhuriyyətinin başqanı Rəcəb Tayyib Ərdoğan Bakıya gəlir. Türkiyə Prezidentinin nəzərdə tutulan Bakı səfəri diqqətlə izlənilir və bu istiqamətdə kifayət qədər ciddi mülahizələr səslənir. Məlumatlara görə, Şuşada Azərbaycanla Türkiyə arasında iki ölkə arasında bu zamana qədər imzalanmış müqavilələrdən daha geniş miqyaslı müqavilə imzalanacaq. Nədir bu müqavilə və bunun hərbi, siyasi əhəmiyyəti nədən ibarətdir? Bu, dünyaya hansı mesajın verilməsidir?
Türkiyə başqanının Azərbaycan səfəri ətrafında cərəyan edən prosesləri hafta.az-a siyasətçilər şərh edirlər.
Azərbaycanla Türkiyənin birgə layihələri bütün regiona əməkdaşlıq və tərəfdaşıq imkanları yaradır
Milli Məclisin deputatı Asim Mollazadə hafta.az-a bildirib ki, Türkiyə Prezidentinin Azərbaycana -Şuşaya səfəri bu iki qardaş ölkənin ciddi istiqamətlərdə birgə fəaliyyətləri ilə bağlı dünyaya verilən növbəti mesajdır. Türkiyə Prezidentinin Şuşaya səfərinin əsas mesajı isə “Qarabağ Azərbaycandır!”.
“Bu, dünya üçün mühüm bir mesajdır. Dünya gücləri bilməlidir ki, Azərbaycan tək deyil. Kimlərsə Azərbaycana qarşı revanşist və sahibkarlıq iddiaları ilə çıxış etməyi düşünürsə, bilməlidirlər ki, bizim birliyimiz sarsılmazdır və Qarabağı qoruyacağıq, cənnətə çevirəcəyik. Qarabağda çox mühüm layihələr həyata keçirəcəyik. Söhbət nəqliyyat layihələrindən, mühüm bir dəhlizin açılışından gedir. Azərbaycanla Türkiyənin birgə layihələri tək Qarabağda deyil, bütün regiona əməkdaşlıq və tərəfdaşıq imkanları yaradır. Dünya bu birliyə müsbət təcrübə kimi yanaşaraq, tərəfdaşlıq və əməkdaşlıq sisteminin inkişafına qoşulmalıdır”.
A.Mollazadə Azərbaycan-Türkiyə birliyinin bütün sahələri əhatə edəcəyini istisna etmir. Onun fikrincə, təhlükəsizlik sahəsi təbii olaraq əməkdaşlığın bütün sistemlərinin təməlini təşkil edir.
“Biz bu birliyin əhəmiyyətini bütün dünyaya açıqlayırıq. Bu birliyin hələ çox böyük işləri irəlidədir. Heç bir dövlət bunun qarşısını almaq imkanına malik deyil”.
A.Mollazadə “Zəngəzur dəhlizi”nin açılması ilə bağlı müzakirələri ən mühüm layihələr sırasında qeyd edərək, bu məsələdə Türkiyə ilə Azərbaycanın maraqlarının sıx şəkildə birləşdiyini bidirir:
“Təbii ki, bu dəhlizin açılması Rusiyanı da maraqlandırır, çünki Avropaya yeni bir yol açılır. Eyni zamanda Ermənistan qapanmış vəziyyətdən normal bir dövlətə çevrilmək şans qazanır. Gələcəkdə tərəfdaşlıq, əməkdaşlıq üçün strateji proqramlar üçün şəraitin yaradılması tək iştirakçı ölkələr üçün deyil, qonşu dövlətlər üçün də böyük önəm daşıyır”.
Türkiyə Prezidentinin Şuşaya ayaq basmasının özü böyük siyası mesajdır
Milli Məclisin deputatı Fazil Mustafa hafta.az-a bildirib ki, Türkiyə Prezidentinin tək Azərbaycana - Şuşaya səfərinin özü dünyaya bir mesajdır.
“Türkiyə bu günə qədər Azərbaycanla bir yerdə idi, indi də bunun davam etdiyini bir daha nümayiş etdirir. Türkiyənin bölgədə əhəmiyyətli rolu var və Azərbaycan da bütün məsələləri Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçirir. Bu səfərdə konkret olaraq ciddi sənədlər imzalanacaqdır. Sənədlərin məcmusu ilə bağlı hələ ki, məlumat verilməyibdir. Təməlqoyma məsələləri, müəyyən çağırışlar, müəyyən açıqlamalar, bəyanatlar olacaq. Bunların hamısı böyük bir tarixi hadisə və böyük tarixi əhəmiyyətə malikdir. Türkiyənin bölgədə, birbaşa Şuşada mövqe bildirməsi olduqca ciddi əhəmiyyət daşıyır və Azərbaycanın da maraqlarına tamamilə uyğundur. Hesab edirəm, bu məsələdə Azərbaycan Türkiyə ilə birlikdə olduğunu bir daha göstərən davranış sərgiləyir. Ümid edirik, bu proseslər ümumilikdə bölgədə sülhə və böyük açılıma daha çox töhfə verəcək”.
F.Mustafa bildirir ki, Türkiyə Prezidentinin Şuşaya ayaq basmasının özü böyük siyası mesajdır.
“Bu mesajın əhəmiyyəti bu səfərdən sonra özünü daha çox hiss etdirəcək. Bu səfərin özü bir bəyanatdır, müqavilədir və Azərbaycan-Türkiyə dostluğunun açıq şəkildə ifadəsidir. Azərbaycan sərhədlərinin bütövlüyü, suverenliyi, Zəngəzur dəhlizi və s. məsələlərə dəstək verə biləcək addımlardır”.
Bu, türk cümhuriyyətlələri adına önəmli bir mesajdır
Politloq Natiq Miri hafta.az-a bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana - Şuşaya səfəri tarixi hadisədir. Onun sözlərinə görə, 1992-ci il 8 may işğalından sonra böyük Türk cümhuriyyətinin prezidenti ilk dəfədir, azad olunmuş Şuşaya səfər edir.
“Bu səfər tarixi əhəmiyyəti ilə yanaşı, həm də mənəvi-psixoloji vəziyyət yaradır. Bu həm Azərbaycan xalqı, həm də bütövlükdə bütün anlamda türk toplumları üçün önəmlidir. Şuşa işğaldan azad olunan simvolik türk şəhəri xarakteri daşıyır. Bu, bütün türk toplumları ilə bərabər, Azərbaycan, eyni zamanda, türk torpaqlarında gözü olan işğalçı dünyaya verilən bir mesajdır ki, türk heç bir zaman torpaqlarının işğalı ilə razılaşan deyil. Bütün dünyaya çatdırılır ki, artıq bundan sonra nəinki Şuşa şəhəri, bütövlükdə Qarabağ və Azərbaycanın heç bir ərazisi işğal obyekti ola bilməz. Bu nöqteyi-nəzərdən, “Türkiyə hər bir zaman Azərbaycanın yanında olacaq” mesajını verir. Rusiya nə qədər sülhməramlı statusunda olsa da, bir imperiya dövləti kimi hər zaman Azərbaycan kimi müstəqil siyasət yeritmək istəyən ölkəni ram etmək fikrindədir. Ona görə də Qarabağ məsələsindən Azərbaycan əleyhinə təzyiq mexanizmi kimi istifadə edir. Ona görə də bu səfərin verdiyi mesaj həm Türkiyə, Azərbaycan, həm də bütün türk cümhuriyyətləri adına önəmli bir çağırışdır. Ayrıca Ərdoğanın Şuşa səfəri, Şuşanın nə qədər önəmli və bütövlükdə İslam və türk coğrafiyasının mədəniyyət paytaxtı olduğu anlamına gəlir. Türkiyə bunu Şuşada yeni, diplomatik konsulluğun yaradılması ilə bilavasitə tətbiq edir. Bəyan edir ki, bəli, Şuşa önəmli şəhərdir, türk etnosları coğrafiyası üçün mədəniyyət paytaxtıdır. Ona görə də bütün türk etnoslarının mədəniyyət paytaxtı olan Şuşanın nəinki işğal olunmasını, hətta bu barədə düşünməyin belə yasaq olduğunu diqqətlərə çatdırır. Şuşada türk məktəbinin açılacağı bildirilir ki, bu da çox önəmlidir. Bu məktəbdə tədris sistemi Azərbaycandakından fərqli olacaq. Şuşada təhsil alan uşaqlar tamamilə başqa bir tərbiyədə təhsil alıb böyüyəcəklər. Bu da gələcəkdə Azərbaycana türklük, əsgər yetişdirmək anlamında xüsusi strateji anlama malikdir”.
Politoloq hesab edir ki, bu səfərdə hərbi anlamda da mühüm addımlar atılacaq. Hərbi-sənaye sahəsində, birgə strateji silahların istehsalından tutmuş, türk qoşunlarının Azərbaycanda yerləşdirilmə məsələsinə qədər növbəti ciddi amiləri özündə əhatə edə bilər.
“Yaxın 10 il ərzində Azərbaycanın təhlükəsizlik sistemində bəlkə də ən önəmli hadisə olacaq. Bu gün bizim buna ehtiyacımız var. Regionumuz elə bir bölgədir ki, ciddi təhlükəsizlik sistemi qurulmasa, ciddi ordusu olmasa, burada ayaqda durmaq mümkün deyil. Bu gün zəif Ermənistan qlobal səviyyədə havadarlarının hesabına ayaqda dura bilir. Azərbaycan dünyada özünə havadar axtarmır. Türkiyə Azərbaycana qardaş dövlətdir və bu məsələlərə yanaşanda fərqli prizmadan baxmaq lazımdır. Türkiyə Azərbaycanın yanında öz varlığını göstəririsə, bu, Azərbaycanın təhlükəsizlik sisteminə ciddi faktlar əlavə edəcək. Azərbaycanda gözü olan, Azərbaycanı zəiflətmək istəyən qonşu və qlobal güclər üçün ciddi mənada çəkindirici məqam olacaq”.