Ermənistanla sülh müqaviləsinin tam mətni nə vaxt dərc ediləcək?..

17:00 17.03.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistan Milli Assambleyanın sədri Alen Simonyan Azərbaycanla sülh müqaviləsinin tam mətni ilə tanışdır. Onun sözlərinə görə, mətndə Ermənistan üçün təhlükəli məqam yoxdur.

Hafta.az xəbər verir ki, “Armtimes” nəşrinin yaydığı məlumata görə, erməni spiker bu haqda parlamentdə jurnalistlər üçün keçirdiyi brifinqdə danışıb.

"Bütün məqamlar ikitərəflidir. “Təhlükəli məqam var” deyirsinizsə, bu, Azərbaycan üçün də eyni dərəcədə təhlükəlidir”, -A.Simonyan belə deyib.

Sülh müqaviləsinin tam mətninin nə vaxt dərc ediləcəyi barədə suala isə parlament sədri belə cavab verib:

“Mətni dərc etməyin vaxtı və məqamı gələndə, təbii ki, dərc edəcəyik”.

Ermənistan parlament sədri onu da əlavə edib ki, mətnin nəşri ilə bağlı müzakirələr aparılacaq:

“Biz birtərəfli heç nə etmək istəmirik”.

“Son bir neçə ildə biz bu vəziyyətdə gündəm yaradan və gündəmə uyğun gələn partiyaya çevrilə bildik, böyük məğlubiyyətdən sonra bu, çox çətin oldu, amma buna nail olduq”, -deyə A.Simonyan diqqətə çatdırıb.