Evlilik yollarını ayıran valideynlər

15:19 08.04.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Boşanma qərarı verən ata-analar bu addımı uşaqlara necə izah etməlidirlər?

Son illər Azərbaycanda boşanmaların sayında artım müşahidə olunur. Məsələn, 2020-ci il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 35348 nikah və 14628 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2019-cu ilə nisbətən 45,3 faiz azalaraq 3,5, boşanma səviyyəsi isə 1,5 təşkil edib. Nikah səviyyəsi Kəlbəcər-Laçın (4,1), Aran (3,9), Dağlıq Şirvan (3,8), Yuxarı Qarabağ (3,6) iqtisadi rayonlarında və Bakı şəhərində (3,6), boşanma səviyyəsi isə Bakı şəhərində (1,8), Yuxarı Qarabağ və Kəlbəcər-Laçın (1,7) və Abşeron (1,6) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub.

2019-cu ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 63869 nikah və 17148 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə 2018-ci il ilə müqayisədə nikahların sayı dəyişməyərək eyni səviyyədə (6,4) qalıb, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.Nikahlar əsasən əhalinin hər 1000 nəfərinə Aran və Kəlbəcər-Laçın (6,9), Dağlıq Şirvan (6,8), Şəki-Zaqatala (6,6), Quba-Xaçmaz və Yuxarı Qarabağ (6,5) iqtisadi rayonlarında ölkə səviyyəsindən (6,4) yüksək olmuş, boşanmalar isə əsasən Bakı şəhərində və Kəlbəcər-Laçın (2,3), Abşeron və Yuxarı Qarabağ (2,0) iqtisadi rayonlarında ölkə səviyyəsindən (1,7) yüksək olub.

Ümumilikdə boşananlar arasında uşaqsız ailələr çoxluq təşkil edir. Lakin statistik məlumatlardan aydın olur ki, ötən illərdə uşağı olmayan ailələrdə boşanma halları nisbətən azalsa da, uşaqlı ailələr arasında boşanmaların sayı çoxalıb. Misal üçün 1990-cı illə müqayisədə 2017-ci ildə, yəni 27 il ərzində (2018-ci il istisna olmaqla) bir uşağı olan ailələrdə boşanma halları 70,95 faiz, 2 və daha çox uşağı olan ailələrdə boşanma halları 38,25 faiz artıb.1990-cı ildə boşananların 8 853 nəfəri uşağı olmayan, 2 045-i bir uşağı olan, 3 142-i iki və daha çox uşağı olanlar olduğu halda, 2017-ci ildə boşananların 6 444 nəfəri uşağı olmayan, 3 946 nəfəri bir uşağı olan, 4 124 nəfəri iki və daha çox uşağı olan şəxslər olub. Uşağı olmayan ailələr arasında ən çox boşanma halı 1990-cı ildə, uşaqlı ailələr arasında ən yüksək boşanma göstəricisi isə 2017-ci ildə qeydə alınıb. Təkcə, 2017-ci ildə boşanma nəticəsində valideynlərin biri ilə qalmış uşaqların sayı 13 110 olub ki, bu da hər 100 boşanmaya 162 uşağın düşməsi deməkdir. Ümumilikdə götürdükdə, boşanmalar daha çox şəhər yerlərinin payına düşsə də, kənd yerlərində əhalinin hər 1000 nəfərinə düşən boşanmaların da sayı artıb.

Təbii ki, boşanmaların kökündə dayanan əsas məsələlərdən biri xarakterlərin uyğunsuzluğu və bunun nəticəsində yaranan ailədaxili mübahisələr hesab olunur. Uzun müddət bu problemi həll edə bilməyən cütlüklər ayrılmağı əsas çıxış yolu kimi görürlər. Bu məsələdən daha çox təsirlənən isə uşaqlar olur. Mütəxəssislər hesab edirlər ki, evdə baş verənlər uşağın inkişafına və onun psixi sağlamlığına uzun müddətli təsir göstərir. Burada vacib olan məqam yalnız uşaqla valideyn arasındakı qarşılıqlı münasibət deyil. Valideynlərin bir-birilə necə ünsiyyət qurması həmçinin uşağın həyatında əhəmiyyətli rol oynayır və onun həyatının bütün sahələrinə - psixi sağılamlığından tutmuş dərslərindəki uğurlara və gələcəkdə münasibətlərin qurulmasına da təsir göstərə bilər. Belə ki, müxtəlif yaşlı uşaqlarda dərin və xroniki ailə münaqişəsinin nəticəsi olaraq beynin inkişafı pozuntularının, yuxu pozğunluğu, narahatlıq, depressiya, davranış və digər ciddi problemlərin əlamətləri meydana çıxır. Buna bənzər problemlər mütəmadi olaraq münaqişə mühitində yaşayan uşaqlarda müşahidə olunur. Öz aralarında razılığa gələn və mübahisəli məsələləri həll edən valideynlərin uşaqlarında isə bu hallara az rast gəlinir və ya ümumiyyətlə yoxdur.

Yeri gəlmişkən, tədqiqat göstərir ki, təqribən iki yaşından və ya daha erkən uşaqlar valideynlərinin davranışlarını diqqətlə müşahidə etməyə başlayırlar. Əgər valideynlər tez-tez mübahisə edirlərsə, bu kəskin formada baş verirsə və münaqişə öz həllini tez tapmırsa o zaman bu uşaqlara təsir göstərir. Ən əsası isə əgər bu mübahisələr uşaqların ucbatından baş verirsə,o zaman uşaqlar özlərini günahkar hesab edir və valideynərin mübahisəsində özlərini cavabdeh kimi hiss etməyə başlayırlar.

Bəs, görəsən, uşaqları ailədaxili mübahisələrdən necə uzaq tutmaq olar? Boşanma qərarı verən valideynlər bu qərarı uşaqlara necə izah etməlidirlər?

Məsələyə münasibət bildirən psixoloq Vəfa Rəşidova deyib ki, bir valideyn öz uşağını şəxsiyyət olaraq görmək istəyirsə, ona bir fərd kimi yanaşması daha doğru olar:

“Hər bir valideyn qarşısında uğurlu, bacarıqlı bir bir övlad görmək istəyir. Ancaq şiddət görən, ailədaxili münaqişə yaşayan uşaqlar özgüvənsiz böyüyürlər. Və təbii ki, gələcəkdə cəmiyyətdə özlərini doğrulda bilməyəcəklər. Bir valideyn ki, özü öz əlləri ilə uşağının özgüvənini və yaxud fərd olaraq özünə hörmətini öldürürsə, burda hansı uğurdan söhbət gedə bilər? Özgüvənsiz bir uşağın gələcəkə hər hansı məqsədlərə catmağa motivasiyası belə olmaz. Valideyn ilk öncə öz uşağını yaxşı tanımalıdır. Biz kölə deyil, şəxsiyyət formalaşdırıb cəmiyyətə sağlam ruhda böyüyən bir övlad böyutməliyik. Qorxu hissi ilə böyüyən uşaqların qorxuları onların həyatında bir ömür öz izini buraxır. Şiddət uşaqlara heç nə vermır, əksinə, onların gələcəkdə həyata, insanlara olan güvənini əllərindən alır. Şiddət deyərkənan tək uşağın aşağılanmasını və yaxud döyülməsini nəzərdə tutmuram. Gözü önündə ata uşağın anasını döyməsinə də şiddət deyilir. Bir uşaq bu kimi mənzərənın şahidi olarsa, bu, birmənalı olaraq uşağın şəxsiyyətinin əzilməsidir. Nəticədə ata və uşaq arasında emosional bağın qırılmasına səbəb olur. Şiddətə məruz qalan uşaqlarda gələcəkdə ünsiyyət problemi, özünə qapanma, inamsızlıq, qorxu, ailə qurma qorxusu kimi problemlər özunü göstərir”.

Onun fikrincə, əgər valideynlər ayrılmaq barədə qərar veribsə, bu proses də mütləq uşağa izah olunmalıdır: "Boşanma, həqiqətən də, uşaqların ciddi narahatlıq və sarsıntı keçirmələrinə səbəb olur. Bunun fəsadları həddindən artıq çoxdur. Boşanma hadisəsi övladı illər boyu narahat edə bilər. Hətta vaxtilə valideynləri boşanmış insan 30-35, 40-45 yaşlarında belə bu hadisənin depressiyasını, qoyduğu izləri yaşaya bilər. Ona görə də boşanma prosesində ər və arvad ayrılıqdan öncə uşağı psixoloji hazırlaşdırmalıdır".

Mütəxəssis bildirib ki, boşanma problemlərin həlli üçün çıxış yolu deyil: "Boşanmanın mənfi tərəfləri çoxdur. Birinci növbədə, uşaq əziyyət çəkir. İkincisi, boşanan ailələr sonradan peşmançılıq içində yaşayır. Cütlüklər bunu boyunlarına almasalar belə, bu, həqiqətən də, belədir. Bu səbəbdən də, tələsik boşanmağa qərar verməkdənsə, ailəni qorumağın, problemləri yoluna qoymağın müsbət cəhətləri daha çoxdur".

V.Rəşidova vurğulayıb ki, əgər boşanma qaçılmazdırsa, heç olmasa uşağı buna hazırlamaq mütləqdir: "Təəssüf ki, biz etik qaydaları gözləyərək ayrıla bilmirik. Boşanma tərəflərin alçaldılması, dava-qışqırıq, psixoloji, bəzi hallarda fiziki zərbələrsiz ötüşmür. Ana uşağın yanında atanı pisləyir, təhqir edir, onun mənfi tərəflərini şişirdir, hadisələri qabardır və ya eyni vəziyyət ana ilə bağlı təkrarlanır. Nəticədə uşağın gözündə ata və ya ana modeli dağılır. Uşaqda ailəyə qarşı inam hissi qırılır. Övladın fikrində canlanan ailə modelini sındırmaqsa, insanlıqdan kənardır və bu, çox ciddi fəsadları olacaq bir addımdır. Uşaq sabah böyüdükdə, müəyyən evlilik yaş dövrünə çatdıqda, evlənməyi belə özünə lazım bilməyəcək. Evlənməkdən uzaq duracaq. Ailə qurmaq həvəsində olmayacaq. Onun qarşısında müəyyən suallar yaranacaq. Tutaq ki, ailə bu idimi? anam atam evləndilər və sonda belə bir durum, belə bir vəziyyət ortaya çıxdı kimi fikirlərə düşəcək. Bu kimi düşüncə tərzi ona ailə qurmağa mane olacaq. Özündən asılı olmadan şüuraltısında "mənim də quracağım ailə dağılacaq, övladlarım bu zülmü çəkəcək" kimi fikirləri oturuşacaq”.

Oxunma sayı 146