“Mayın 21-də Türkiyənin Ankara şəhərində “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda gerçəkləşdirdiyimiz beynəlxalq konfransla Qərbi Azərbaycana qayıdış yolunda irəliyə doğru növbəti, çox mühüm və tarixi bir addım atmış olduq”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli bildirib.
Ə.Ələkbərli qeyd edib ki, Qərbi Azərbaycan İcmasının və “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən konfransa Azərbaycan və Türkiyədən 250-dən artıq iştirakçı, o cümlədən Azərbaycanın və Türkiyənin dövlət nümayəndələri, millət vəkilləri, universitet rektorları, elm adamları, qeyri-hökumət təşkilatlarının və medianın təmsilçiləri qatıldılar.
Konfransın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətinin səsləndirilməsi konfransda ədalət və sülh məsələləri üzrə aparılan müzakirələrə istiqamət verdi və konfransın işinə böyük dəyər qatdı”.
Deputat konfransa Bakı və Ankara tərəfindən yüksək səviyyədə verilən dəstəyi də xüsusi qeyd edib. O, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin və Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Efkan Alanın açılış nitqləri ilə davam edən konfransda Türkiyənin və bütün Türk dünyasının Kamal Çiçək, İlbər Ortaylı, Tufan Gündüz, Okan Yeşilot, İbrahim Atnur və b. kimi dünyaca məşhur elm adamlarının, TBMM-nin Çiğdem Ərdoğan, Vedat Bilgin, Derya Yanık kimi komissiya sədrlərinin Qərbi Azərbaycan tarixi və Qərbi Azərbaycanlı soydaşlarımızın qayıdış hüququ ilə bağlı çıxışları konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı və Qərbi Azərbaycan məsələsinin Türkiyə ictimaiyyətinə effektiv şəkildə təqdim edilməsinə imkan verdi”.