Hansı qidalarda koronovirus təhlükəsi yoxdur? - Həkim məsləhəti

14:14 03.02.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Çində 17 205 nəfər koronavirusa yoluxub, onlardan 361 nəfər dünyasını dəyişib. Ötən gün ərzində virusa yoluxmuş insanların sayı 2229 nəfər, ölüm halları isə 57 nəfər artıb. Belə ki, 56 nəfər Hubeydə, 1 nəfər isə Çunçine şəhərində vəfat edib.

Ölkənin tibb müəssisələrində xəstəliyin olması şübhəsi ilə 152 min insanın olduğu müşahidə edilir, uğurlu müalicə kursundan sonra 475 xəstə evə buraxılıb.

Ümumdünya Heyvan Sağlamlığı təşkilatı (OİE) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni yayılmış “2019 novel koronovirus” (2019-nCoV) virusunun heyvan mənşəli olması qənaətinə gəlmişdir. Belə ki, hazırkı epidemiyanın və əvvəlki illərdə yayılmış oxşar MERS (Middle East respiratory syndrome - orta şərq tənəffüs sindromu) və SARS (Severe acute respiratory syndrome - ağır kəskin tənəffüs sindromu) epidemiyalarının yaranmasında heyvanların, heyvan mənşəli məhsulların, o cümlədən balıq və dəniz məhsullarının rolu olduğu artıq öz təsdiqini tapmışdır.

Bununla əlaqədar, artıq ölkəmiz üzv ölkə kimi OİE ilə bu sahədə müzakirələrə başlamış və respublikamızda bu xəstəliyə qarşı aparılan qabaqlayıcı tədbirlər barədə təşkilata mütəmadi məlumatlar veriləcəkdir. OİE və ÜST-ün birgə təşəbbüsü ilə “2019-nCoV” virusunun tədqiq edilməsi və onunla mübarizənin aparılması üçün “Yol Xəritəsi”nin hazırlanmasına başlanmışdır.

Azərbaycan Respublikasının Qida Təhlükəsiliyi Agentliyi (AQTA) tərəfindən infeksiya riski olan ölkələrdən respublikamıza diri heyvanların (zoopark heyvanları və vəhşi heyvanlar da daxil olmaqla), balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulmuşdur. Agentliyin regional bölmələri, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları xüsusi hazırlıq vəziyyətinə gətirilməklə gücləndirilmiş iş rejiminə keçmişlər. Eyni zamanda, hazırda xüsusi riskli hesab olunan, virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və satış şəbəkələrində nəzarət tədbirlərinin artırılması, köçəri quşların ovlanması və onlardan qida kimi istifadə olunmasına nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq qurumlarla birgə tədbirlər həyata keçirilməkdədir.

Bəs hansı qidalar bu virusa yoluxdura bilər?

Həkim terapeft Rasif Bağırov hafta.az-a açıqlamasında dedi ki, bişmiş qidalarda heç bir qorxu yoxdur, bişməmişlərdə isə bu risk aşağıdır, bundan çəkinməyə dəyməz”.

“Müxtəlif formada olan viruslar var ki, onlardan biri də koronovirusdur. Bu virus formaca tac formasında olduğuna görə buna koronovirus adı qoyulub. Bu digər viruslardan təsir mexanizminə görə heç də fərqlənmir. Bütün virus infeksiyalarında bir xüsusiyyət var ki, əgər o infeksiya mərkəzi sinir sisteminə təsir edirsə o zaman ölüm halları artır. Ağciyər və mədə bağırsağa yoluxursa, ölüm riski bir o qədər də olmur. Yaşlı insanlara yoluxanda isə ölüm riski yüksək olur. Bədənin müqaviməti virusa qarşı özünü göstərə bilmir. Bu virus da ən çox damcı üsulu ilə yayılır. İnsanlar danışdıqda ağızdan sıçrayan su vasitəsi ilə yayılır. Qidalara qaldıqda isə, bu risk azdır. Çünki açıq satılan qidalar bişirilir. Bişirildikdə isə viruslar ölür. Açıq satılan meyvələrdə  isə ola bilər olsun. Çünki insanlar toxunurlar və çiy halda yeyilir. Ancaq bu hal da çox az ola bilər. Çinin özündə bu qədər ölüm faktı qeydə alınıbsa, başqa dövlətə keçibsə bu ərzaqdan əlavə, əsasən insan vasitəsi ilə yayılıb. Bu gün Azərbaycanda qrip virusları artıb. Səhiyyə Nazirliyi müəyyən etməldir ki, bu hansı qrip virusudur. Çünki qrip virusları çoxdur. Yəni bu gün ölkədə insanların yoluxduğu virusun da adı xalqa açıqlanmalıdır. Onu da deyim ki, bu gün Azərbaycanda yayılan virus heç də orqanizmaya koronovirusdan az zədə vermir”.  

Qeyd edək ki, Azərbaycanda da koronovirusa yoluxma ilə bağlı mətbuatda xəbərlər dərc olunmuşdu. Belə ki, onların Çin vətəndaşı olduğu deyilirdi. Bu gün isə Səhiyyə Nazirliyi Çindən Bakıya gələn və hazırda xəstəxanada olan iki nəfərlə bağlı məlumat yayıb. Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib.

1. 1996-cı il təvəllüdlü Çin vətəndaşı. Sonuncu dəfə 19 yanvar tarixində Çində olub. Analizlərinin cavabı mənfidir, yəni hər hansı bir virus aşkarlanmayıb. Heç bir şikayəti yoxdur. Fevral ayının 4-ü evə buraxılacaq.

2. 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı. Çində təhsil alır. Bakıya yanvarın 28-i gəlib. Heç bir şikayəti yoxdur, amma buna baxmayaraq inkubasiya dövrü başa çatana qədər xəstəxanada saxlanılacaq.

Xüsusi tibb müəssəsinə yerləşdirilənlərin də vəziyyəti yaxşıdır. Karantində qalma müddəti başa çatan kimi onlar da evlərinə buraxılacaqlar.