Jurnalistlərə hansı imtiyazlar verilsin? - SORĞU

13:15 03.04.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Təmsil olunduğumuz cameəni hazırda ən çox maraqlandıran məsələlərdən biri artıq üzərində işlənilməyə başlanılan «Media haqqında» yeni qanun layihəsidir.

Maraqlıdır, media haqqında yeni qanunun qəbulundan sonra, jurnalistlər hansı imtiyazların olmasını istərdi? Vahid kartın tətbiqi mətbuata nə verə bilər?Bu suallara elə müxtəlif media platformalarında təmsil olunan həmkarlarımız cavab verir:

Azad Əliyev, «Həftə içi» qəzetinin redaktoru:

«Mən imtiyazlar yox, hüquqlar deyərdim. Jurnalist fəaliyyəti nə qədər maneəsiz olarsa, şəffaflıq da bir o qədər təmin edilər. Media haqqında yeni qanun layihəsinin qəbulunda əsas nəzər yetirilməli amil jurnalistlərin qarşısında peşəkar fəaliyyətlə bağlı problemlər yaradan maneələrin aradan qaldırılmasıdır. Buraya reket jurnalistika, müasir trendlərdən istifadə edərək informasiya ötürən hər kəsin jurnalist adlandırılması, sosial rifah halının yüksəldilməsi, jurnalistlərin iqtisadi müstəqilliyinin təmin edilməsi, sərbəst informasiya əldə edə bilmək imkanları, jurnalistlərə hədə-qorxuya görə cəzaların ağırlaşdırılması, müəyyən sosial və vergi güzəştlərinin tətbiqi və s. aid edərdim. Jurnalistlərin məvaciblərinin o qədər də yüksək olmadığı nəzərə alınaraq mənzil təminatı, ictimai nəqliyyatdan istifadə, banklardan kredit alınmasının asanlaşdırılması, onların peşəkarlığının, dil bilgilərinin artırılmasına dəstəyin göstərilməsi kimi məqamlara da diqqətin ayrılması arzuolunandır».

APA TV-nin aparıcısı İlqar Əlfioğlu:

“Media üçün tələb olunan yeganə imtiyaz odur ki, rəsmilərə, məmurlara informasiyanı gizlətmək, verməmək ixtiyarını onların əlindən almaq lazımdır. Buna görə cinayət məsuliyyəti tətbiq olunsun. İnformasiya düz olanda mətbuata da maraq olacaq. İnformasiya verməyən mətbuatdan gizlənən məmur yerində işləməsin, başqa yolu yoxdur”.

REAL TV-nin jurnalisti Mahir Məmmədli:

“Media haqqında yeni qanunun hazırlanması çox vacibdir. KİV haqqında qanun köhnəlməkdədir və get-gedə aktuallığını itirir. Azərbaycan mediasında baş verənlər onu deməyə əsas verir ki, vahid kartın tətbiqi, jurnalistlərin vahid reyestrinin yaradılması zəruridir. Bu gün istənilən adam özünü jurnalist, media təmsilçisi adlandıra bilir. Müxtəlif sahələrdə uğursuz olan şəxslər belə sonradan özlərini jurnalist adlandırırlar, müxtəlif qara əməlləri ilə Azərbaycan mediasını, jurnalistləri gözdən salırlar. Jurnalistlər üçün imtiyazlara gəlincə, məncə, Azərbaycanda KİV-lər, onların əməkdaşları hər zaman dövlət dəstəyini hiss edirlər. Düşünmürəm ki, bizə hansısa imtiyazlar verilməlidir. Mən jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadə etdiyi illərdə də mediada idim. O vaxt jurnalistlərin gəlirləri çox az idi, bəzən aylarla maaş, qonorar problemi yaşanırdı. İndi peşəkar jurnalist nadir hallarda işsiz qalır və ya çox aşağı maaşla işləməyə məcbur olur. Bu baxımdan, jurnalistə imtiyaz yox, jurnalist kartı olan həmkarlarımıza, onların işinə hörmətlə yanaşılması, jurnalistlərin məlumat toplamasına maneə törədilməməsi lazımdır”.

“Xalq" qəzetinin jurnalisti Əliqismət Bədəlov:

"KİV haqqında qanunun qəbul olunması vacibdir. Çünkü bu gün KİV-də bir özbaşınalıq var. Hər kəs bir sayt açır, bir qəzet təsis edir, istədiyi şəxsi həmin qəzetdə, saytda tənqid əvəzinə təhqir edir. Sonradan təkzib verməyin də heç bir mənası yoxdur. İstərdim ki, KİV haqqında qanununda təhqir yazan saytın və ya qəzetin cəzalandırılması öz əksini tapsın. Əgər bu olmasa, özbaşınalıq davam edəcək. Hazırda vahid kartın üzərində də iş gedir. Vahid kart elə bir əhəmiyyət kəsb etmir. Bir vaxtlar Mətbuat Şurası da vahid kart verdi. Lakin bunun heç bir əhəmiyyəti olmadı. Hər bir mətbu orqanın özünün vəsiqəsi var və bundan istidadə olunur. İstərdim ki, yeni qanunda jurnalistlərin həm də təhsil məsələsi öz əksini tapsın. Bu gün hər yerindən qalxan, təhsili olmayanlar da qəzet təsis edə bilir. Bu da mətbuatda özbaşınalıq yaradır. Bu gün mətbuat kimdənsə qisas alnaq üçün bir vasitəyə çevrilib. Bunun qarşısını almaq üçün qanunda istənilən maddənin olmasını istərdim.
İmtiyazlara gəlincə, son vaxtlar Azərbaycanda jurnalistlərin imtiyazlarla təmin olunması geniş vüsət alıb. Amma ayrı-ayrı şəxslər bundan öz şəxsi məqsədləri üçün istifadə etdi, dövlət başçımızın jurnalistlər üçün dünyada analoqu olmayan imtiyazlar yaratmasından sui-istifadə etdi. Məsələn, jurnalistlər üçün pulsuz binalar tikilib verildi. Amma müxtəlif şəxslər bundan istidadə edərək mənzilləri öz qohumlarına, jurnalist olmayan yaxınlarına, yaxud müxtəlif vasitələrlə kimlərəsə verdilər. Bu çox ciddi narazılıq yaratdı.
Eyni zamanda, qəzetlərin dövlət tərəfindən maliyyələşdirilməsi məsələsini qaldırmaq istərdim. Amma digər tərəfdən də o qədər sayt, qəzet var ki, dövlət bunların hansını təmin etsin. İmtiyaz məsələsi çox mürəkkəb məsələdir. Ümid edirəm ki, bu da qanunda öz əksini tapar. Təklif edərdim ki, 3-cü binanın bölünməsində bu ədalətsizliyə son qoyulsun. Belə bir təklifim var ki, birinci, ikinci binalarda illərlə boş qalmış mənzillərin səbəbi aydınlaşsın. Məsələn, 2013-cü ildə tikilib təhvil verilmiş jurnalistlər üçün birinci binada bu günə qədər qapısı açılmayan mənzillər var. Əgər ehtiyacı yox idisə niyə verirdilər? 30-40 il jurnalistikada can qoyanlar bu gün kirayədə yaşayırlar, amma jurnalist olmayanlara həmin mənzillər verilib, qapıları bu gün də bağlı qalıb. İstərdim növbəti bölgüdə mənzillər jurnalistlərə verilsin, təsadüfi adamlara yox.".

“1 news”in jurnalisti Babək Cahandarov:

“Media sahəsində həllini gözləyən kifayət qədər problemlər var. Misal olaraq bəzi jurnalistlərin peşəkarlığının istənilən səviyyədə olmamasını, əksər media qurumlarında maaşların aşağı olmasını, bəzi jurnalistlərin əmək müqaviləsi olmadan çalışmasını, jurnalistlərin bir sıra dövlət qurumlarından hansısa məlumatı əldə etməkdə çətinliklə üzləməsini və sair qeyd etmək olar. Bu problemlər həll edilmədən jurnalistlər üçün hansısa imtiyazların nəzərdə tutulmasından danışmaq o qədər də düzgün olmazdı. Ümumiyyətlə, jurnalistlərə hansısa imtiyazların verilməsi məsələsinin özünə yanaşma fərqlidir. Sual oluna bilər ki, jurnalistlərə imtiyazlar nə üçün verilməlidir? Başqa peşə sahibləri, məsələn, müəllimlər, həkimlər üçün də belə imtiyazlar verilə bilməzmi? Jurnalistlər üçün vahid vəsiqənin verilməsini dəstəkləyirəm. Bu həm də təsadüfi adamların mətbuata gəlməsinin qarşısının alınması, eləcə də reket jurnalistikası ilə mübarizədə effektli olardı”.

“Yeni Müsavat” qəzetinin jurnalisti Afaq Mirayıq:

“Media haqqında yeni qanundan bir çox gözləntilər var. Əslində, imtiyazlardan daha çox medianın müstəqillik əldə etməsi, jurnalistlərin informasiyaya əlçatanlığını təmin etmək istiqamətində işlər görülməlidir. Fikrimcə, ölkəmizdə son illərdə tənəzzülə uğramış qəzetçilik inkişaf etdirilməlidir. Əsasən, bunun üzərində dayanmaq istərdim. Bu gün çoxlu sayda sayt, agentlik, portallar açılsa belə, bu gün ənənəvi mətbuatın özünəməxsus yeri var. Bu gün tanıdığımız ən peşəkar jurnalistlərin yolu məhz yazılı mətbuatdan keçib. Danılmaz faktdır ki, qəzetçilik bir məktəbdir! Fikrimcə, jurnakistikaya yeni gələnlər ilk olaraq qəzetlərdə çalışmalıdırlar. O ki qaldı jurnalistlərin dövlətdən müəyyən imtiyazlar almasına, dəfələrlə mediada bu məsələ gündəmə gəlsə də, sonradan həllini tapmayıb. Bu dəfə reallaşacağına ümidliyəm. Düşünürəm ki, ilk olaraq jurnalistlərin peşəkarlığının artırılması istiqamətində müxtəlif layihələr olmalıdır. Jurnalistlərin xarici dil (ən azı rus, ingilis) biliklərinin artırılması yönündə də addımlar atılmalıdır. Bunun üçün müxtəlif təlimlər təşkil edilə, əcnəbi müəllimlər dəvət edilə bilər. Eyni zamanda, yerli jurnalistlərin xarici KİV-lərdə təcrübə keçməsini arzulayıram. İkinci Qarabağ savaşında buna ehtiyacın olduğu nəzərə çarpacaq dərəcədə üzə çıxdı. Eyni zamanda, bir çox xarici ölkələrdə olduğu kimi, bizdə də jurnalistlərin metrodan və digər ictimai nəqliyyatdan istifadəsi zamanı müəyyən güzəştlərin əldə etmələrini istərdim”.

“Xalq cəbhəsi” qəzetinin jurnalisti Cavid Şahverdiyev:

“Nəqliyyatdan pulsuz istifadə, komitə və nazirliklərə göndərilən sorğulara operativ cavabların verilməsi, fövqəladə hadisələrin işıqlandırılması üçün jurnalistlərə şəraitin yaradılması, müəllif hüquqlarının tanınması, yeni qanunda internet mediası təmsilçisinin hüququnun tanınması, medianın iqtisadi dayaqlarının möhkəmlənməsi və reketçiliklə mübarizə sərtləşməlidir.

Vahid kart reket jurnalistlərin fəaliyyətinə qalxan ola bilər. Vahid kart ciddi media orqan nümayəndəsinə verilməlidir. Mediaya heç aidiyyəti olmayan insanlar çox rahatca domen adını qeydiyyatdan keçirib, özünü media kimi təqdim edə bilir. Halbuki onların nə ofisi, nə kollektivi, nə də ünvanları var. Lakin bu cür vicdanla çalışan, əsl jurnalist missiyasını yerinə yetirən təşkilatlar da var ki, o formanı dolura bilmir. Bunlar da nəzərə alınmalıdır. Düzdür, vahid kartın tətbiqinin reketçiliyin tam aradan qaldırmasında müəyyən mənada müsbət təsiri ola bilər”.

Lent.az-ın jurnalisti Ramilə Qurbanlı:

“Media haqqında qanunda jurnalistlərin hüquqları ilə bağlı məsələlərin ayrıca bənd olaraq verilməsini istərdim.

Heç bir mətbu orqanda - tv-də, saytda, qəzetdə bir nəfər də olsun jurnalist qeyri-qanuni, əmək müqaviləsi olmadan, ştatsız (ştatdan kənar müəlliflər nəzərdə tutulmur), vergi ödəmədən çalışmasın. Qanunlar kağız üzərindən başqa həm də realda öz əksini tapsın. Jurnalistə muzdlu işçi kimi deyil, yaradıcı insan kimi yanaşılsın. Jurnalist azad düşündüyünü yaza bilsin. Jurnalistin peşə fəaliyyəti üçün bütün qapılar üzünə açıq olsun. Reket jurnalistika ilə mübarizə sürətləndirlsin-reallaşsın. Media rəhbərləri jurnalistlər olsun. Jurnalistikadan bixəbər adamların o fəaliyyətlə məşğul olması, xüsusən baş redaktor olması qadağan edilsin. İmtiyaz məsələsinə gəldikdə isə - çox istərdim ki, jurnalistin qazancı ailəsini dolandırmağa çatsın. Jurnalist asılı olmasın, heç bir imtiyaza ehtiyacı qalmasın. Bunlar qanunla həllini tapa bilər”.

Real TV-nin jurnalisti İsmayıl Yaşaroğlu:

“Bu gün ən böyük problem rəsmi tədbirlərə jurnalistlərin daxil olması məsələsi ilə bağlıdır. Yalnız dəvət olunan xüsusi televiziyalar, saytlar tədbirlərə daxil ola bilir. Əgər sənin adın siyahıda yoxdursa, həmin tədbirə daxil ola bilmirsən. Vahid kart vasitəsi ilə Beynəlxalq, dövlət tədbirlərinə giriş imkanı yaradılsa və beynəlxalq səfərlərdə iştirak üçün akkreditasiyadan keçmək üçün üstünlüklər verilsə daha yaxşı olar”.

“Bakı-xəbər” qəzetinin jurnalisti İradə Sarıyeva:

“Hazırda medianın yenilikləri sırasında vahid kartın tətbiqi məsələsi dayanır. Vahid kartın tətbiqi jurnalistikada mühüm hadisə olardı. Mediada vahid kartın tətbiqi həm də ağın qradan seçilməsinə şərait yaradacaq, jurnalistikaya aid olmayan, lakin bu addan sui-istifadə edənlərin qarşısını kəsəcək. Vahid kartın tətbiqi onu göstərir ki, burada müəyyən imtiyazlar da olacaq. Çox arzu edərdim ki, ictimai nəqliyyatdan istifadədə jurnalistlərə güzəştlər edilsin. Tibbi xidmət sahəsində müəyyən güzəştlərin olmasını istərdim. Jurnalistikanın riskli peşə sahəsi olduğunu nəzərə alaraq, ən optimal qərarların qəbul olunmasını arzu edərdim. Qardaş Türkiyədə də jurnalistlərə bir neçə istiqamətdə güzəştlər verilib. Ümid edirəm ki, bizdə də jurnalistlər o imtiyazlardan istifadə edə biləcək”.

“Novaya vremya” qəzetinin jurnalisti Məzahir Məmmədli:

“Media Haqqında Qanunun qəbul olunmasına tələsmək lazım deyil. Məsələ medianın geniş müzakirəsinə verilməli və təkliflər paketi tərtib olunandan sonra qanunvericilik orqanına təqdim olunmalıdır.

 Azərbaycan mətbuatı rəngarəngdir. Qəzetlərin, saytların, elektron KİV-lərin yaranmasına məhdudiyyət yoxdur. İstənilən şəxs sayt yarada bilir. Yeni qanunda qeydiyyatdan keçən belə təşkilatlar nəzərə alınacaqmı, yoxsa onlar üçün də bir çərçivə olacaq, buna da diqqət yetrilməlidir.  

Eləcə də düşünürəm ki, jurnalistlərə evlərin verilməsi, KİVDF-nin olması ilə dövlət media nümayəndələrinə müəyyən qədər imtiyazlar verib. Vahid kart sistemi olacaqsa, jurnalistlərin hadisə yerindən canlı məlumatlar verilməsinə şərait yaradılmalıdır. İnformasiyanın alınması zamanı məmur özbaşınalığı, mətbutdan yayınması ilə bağlı qanun layihəsinə müddüəlar salınmalıdır. Bu gün jurnalist, hətta bir nazirin mətbuat xidmətinə çıxmaq üçün vasitəçilər axtarmamalıdır. Prioritet o olmalıdır ki, jurnalist üçün bütün sərhədlər açıq olsun. Jurnalistlərin nəqliyyatdan pulsuz istifadəsi təmin edilməlidir. Bir sözlə, jurnalist kodeksinə uyğun hallar sənəddə öz əksini tapsın”.

İctimai Televiziyanın jurnalisti Şöhrət Eyvazov:

“İstərdim ki, jurnalistlərə ictimai nəqliyyatdan pulsuz, rayonlararası nəqliyyat vasitələrindən güzəştli istifadə hüququ verilsin. Jurnalistlər muzey, qalareya və başqa sosial-mədəni obyektlərdən pulsuz istifadə edə bilsin. Media və digər qrant müsabiqələrində media kart sahiblərinə üstünlük verilsin. İş stajına görə media kartın 2 qrupa -10 il və daha yuxarı bölünməsi nəzərə alınsın. İcbari tibbi sığorta, sosial evlərin alınması və digər sosial yönümlü layihələrdən istifadə edilməsində güzəşt və üstünlüklərin tətbiqi jurnalistlərin fəaliyətinin inkişafında mühüm rola malik ola bilər».