Kamran Cəfərov: “Ermənistan rəhbərliyinin hələ də düşünməyə vaxtı var”

12:27 11.04.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Biz sülh istəyirik, sülhü istəməyən Ermənistandır. Ona görə də Ermənistan mütəmadi olaraq bu gün də mövqelərimizi atəşə tutur. Bu, Ermənistanın sülh deyil, revanşist niyyətlərini ortaya qoyur”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Kamran Cəfərov bildirib.

K.Cəfərov Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgədə sülhün, sabitliyin təmin olunması üçün atılan mühüm addımlara diqqət çəkməklə, məhz ölkəmizin daim sülh təşəbbüsləri ilə çıxış etdiyini bildirib. Sülh müqaviləsinin bütün mətninin müəllifinin də Azərbaycan olduğunu təsadüfi saymayıb. 

Deputat qeyd edib ki, Azərbaycan daim sülh istəyi, təşəbbüsü ilə çıxış edir.

“Ermənistan isə revanşist niyyətlərindən əl çəkmir. Bu gün də Ermənistan sərhəddə hücum məqsədi ilə yeni istehkamlar qurur. Ermənistanın region üçün təhlükəli ssenarisində Avropa İttifaqı missiyası da rol oynayır.

Ermənistan bilməlidir ki, istənilən cavabı verməyə hazırıq. Biz buna qadirik. Dəmir yumruq yenə də yerindədir. Ermənistan rəhbərliyinin hələ də düşünməyə vaxtı var”.