Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Oleksiy Neypapa bildirib ki, Rusiyanın Krımı işğal etdikdən sonra Kerç boğazı üzərində qanunsuz olaraq tikdiyi, Ukraynanın cənubuna qoşun və texnika daşımaq üçün istifadə etdiyi Kerç körpüsü hələ də Ukrayna ordusunun hədəfidir. Bununla belə, o vurğulayıb ki, bu cür strateji əməliyyatlarda uğur qazanmaq üçün “informasiyanın susması” lazımdır.
Hafta.az-ın yazdığına görə, Oleksiy Neypapa “Krım Reali” xəbər agentliyinə müsahibəsində Kerç körpüsü ilə bağlı "Əlbəttə ki, körpü xüsusilə indi mürəkkəb hədəfdir. Amma həyatda dağıdılmayacaq qala, keçilməsi mümkün olmayan sərhəd yoxdur. Körpü də eynilə, hər bir digər obyekt kimi hədəfdir" deyib.
Müharibədə planları ictimaiyyətə açıq şəkildə açıqlamağın düzgün olmadığını ifadə edən Neypapa, "Uğurlu olmaq istəyirsənsə, həmişə susmalısan. Əgər çıxıb sabah Kerç körpüsünü vuracağıq desək, yəqin ki, düşmən televiziyadan bunu öyrənəcək. Vurmayacağıq desək, eyni dərəcədə yanlış olar" deyə bildirib.
Hərbi Dəniz Qüvvələri komandanı Ukrayna ordusunun Krımdakı hədəflərə hücumlarında azalma olmadığını, lakin hücumlar barədə mətbuata məlumat verilmədiyini, prioritetlərin dəyişə biləcəyini bildirib və deyib: “Hücumların artıb-azalmaması ilə bağlı təhlil aparmamışam. Hər şey planlaşdırıldığı kimi gedir. Krımda və düşmənin yerləşdiyi digər ərazilərdə də hədəflər var və mətbuatda yazılmamasına baxmayaraq, onların hamısı vurulur”.
Neypapa, hücumların intensivliyinin digər cəbhələrdəki prioritetlərdən asılı olaraq dəyişə biləcəyini söyləyib.