Azərbaycan ziyalılarının UNESCO-nun Baş direktoru Odre Azuleyə indiki Ermənistan ərazisində Azərbaycana məxsus mədəni irsin yox olma təhlükəsi ilə bağlı ünvanladığı müraciət bir çox tarixi faktların araşdırılması üçün imkan yaradır.
Bu fikirləri hafta.az-a millət vəkili Könül Nurullayeva deyib.
Millət vəkilinin sözlərinə görə, məktubda da qeyd edildiyi kimi, Ermənistanda yaşamış və bu yerlərin köklü sakinləri olan azərbaycanlılara qarşı XX əsrin əvvəllərindən etibarən aparılmış etnik təmizləmə siyasəti nəticəsində soydaşlarımız öz dədə-baba torpaqlarından kütləvi deportasiyaya məruz qalıb. 1988-ci ildə - sonuncu deportasiya zamanı 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrilmişdir.
Fəaliyyətini bəşəri miqyasda mədəni irsin mühafizəsi istiqamətində quran UNESCO - nun yalnız Qarabağda deyil, Ermənistan ərazisində də monitorinq aparmasına ehtiyac var. Çünki Ermənistan Qarabağda olduğu kimi, burada da məqsədli şəkildə sözügedən ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini silir, Azərbaycan xalqının mədəni irsinin mənşəyini dəyişdirirlər. Təsadüfi deyil ki, İrəvan quberniyasında 300-dən çox məscid 20-ci əsrin əvvəllərində qəsdən dağıdılmış, özününkiləşdirilmiş və ya digər məqsədlər üçün istifadə edilmişdir.
Ermənistanda azərbaycanlılara məxsus 500-dən çox qəbiristanlıq məhv edilib. Bu məzarlar arasında Azərbaycanın aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin də qəbirüstü abidəsi var.
Məlumdur ki, Azərbaycan aşıq sənəti bəşəriyyətin qeyri-maddi mədəni irs nümunələri siyahısına salınıb. Bu mənada UNESCO aşıq sənətinin nümayəndəsinə qarşı bu qeyri-insani davranışa xüsusi həssaslıqla yanaşılmalıdır. Bu yanaşma Ermənistanın heç bir ümumbəşəri dəyəri tanımadığını bir daha təsdiqləyir. Həyata keçirilən bu vandallıq aktları bir daha Ermənistanda terrorun dövlət siyasəti olduğunu təsdiqləyir.
Bu illər ərzində cəzasız qalan Ermənistan terroru coğrafiyasını daha da genişləndirib.
Ermənistanda Azərbaycan xalqına məxsus olan mədəni irsin hazırki vəziyyəti haqlı olaraq bizi narahat edir. Orada elə bəşəri dəyərlər var ki, onların aqibəti UNESCO kimi nüfuzlu təşkilatları da narahat etməlidir.
UNESCO ətraflı hesabat təqdim etmək məqsədilə Ermənistan hökumətinə rəsmi sorğu göndərməli, Azərbaycan xalqının əsrlərlə tarixi olan mədəni və tarixi irsinin hazırki vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana ekspert qrupunun göndərilməsi təmin etməlidir.
Ermənistanın bu illər ərzində sərgilədiyi terror və vandallıq aktları həm də Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün nümunəsidir.
Bu, eyni zamanda beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bu müharibə cinayətlərinə görə Ermənistan cavab verməlidir.