Krım tatarlarının deportasiyası: bu günün tarixi

15:45 18.05.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Hər xalqın öz tarixi və bu tarixin ayrılmaz hissəsi - faciəli hadisələri var. Krım tatar xalqı üçün, şübhəsiz ki, belə bir hadisə 18 May 1944-cü ildə baş verib. Həmin gün Sovet hakimiyyəti, SSRİ Dövlət Müdafiə Komitəsinin qərarına uyğun olaraq, Krım Muxtar Sovet Sosialist Respublikasının yerli əhalisinin - Krım tatarlarının tarixi vətənlərindən kütləvi şəkildə deportasiyasına başladı".

Bu cümlələr Ukraynanın ölkəmizdəki Səfiri Vladyslav Kanevskinin Hafta.az-a göndərdiyi məqalədə yer alır. Bildirilir ki, deportasiya qəfildən, sübh çağı başladı. Evlərdə əsasən uşaqlar, qadınlar və qocalar var idi. O dövrdə kişilər Qırmızı Orduda döyüşürdülər - 1944-cü ilin yazında, II Dünya Müharibəsində.

"Krım tatarlarının ailələri üçün şəxsi əşyaları, paltarları, ev əşyaları və 500 kiloqrama qədər yemək götürmələrinə icazə verildi. Lakin, əslində, yığışmaq bir neçə dəqiqədən yarım saata qədər vaxt verilmişdi, heç kəsin ən vacib əşyalarını belə toplamaq imkanı olmadı" deyilən məqalədə diplomat qeyd edir ki, insanlar dəmiryoluna aparılaraq yük vaqonlarına mindirildi və yarımadanın xaricinə - Sibir, Ural, Orta Asiyanın ucqar bölgələrinə göndərildi. "1944-cü il 18-20 may tarixlərində Krımdan 194 mindən çox tatar deportasiya edildi və ümumiyyətlə, Krımın tatar əhalisinin demək olar ki, hamısı - 200 mindən çoxu deportasiya edildi. Deportasiya dəhşətli nəticələrə gətirib çıxardı. Deportasiya olunanların təxminən 46 faizi eşelonlarda insanların daşınması zamanı və həmçinin sürgün yerlərində ilk illərdə aclıqdan və xəstəlikdən öldü. Faktiki olaraq köçkünlərin bütün mülkləri müsadirə edildi: evlər, həyətyanı torpaq sahələri, mal-qara, əkinçilik məhsulları. Sovet hakimiyyəti kütləvi şəkildə kitabxanaları, məktəbləri, məscidləri bağladı, əlyazmaları və kitabları məhv etdi", - məqalədə bildirilir.

Sonradan Krım muxtariyyət statusundan məhrum edildi və RSFSR-in adi bir bölgəsinə çevrildi və daha sonra şəhərlərin, kəndlərin, mahalların, çayların əksəriyyəti adi Sovet adlarına dəyişdirildi.

Cənab Kanevski yazır ki, Sovet hakimiyyət orqanları Krım tatarlarını etnik ərazilərdən məhrum etməklə kifayətlənmədilər. Sovet hökuməti Krımın SSRİ-nin tərkibindəki adi bir bölgəyə bənzəməsi və Krım xalqının şəxsi mənsubiyyətini itirməsi üçün mümkün olan hər şeyi etdi.

"Kütləvi deportasiyadan sonra Krım yarımadasına SSRİ-nin müxtəlif bölgələrindən olan insanlar yerləşdi, əksəriyyəti RSFSR-in yerli sakinləri idi" yazan diplomat fikrini belə davam etdirir: "Yalnız 14 noyabr 1989-cu ildə SSRİ Ali Soveti, deportasiyanı qınayan "Məcburi köçürülməyə məruz qalan insanlara qarşı qanunsuz və cinayətkar repressiv əməllərin tanınması haqqında" Bəyannamə qəbul etdi. Yalnız 1989-cu ildə Krım tatarları kütləvi şəkildə tarixi vətənlərinə qayıtmağa başladılar. Yalnız 45 ildən sonra son dərəcə zəngin bir mədəniyyəti, dili, adətləri, ənənələri olan bu millət yenidən torpaqlarında yaşamaq üçün real bir fürsət əldə etdi. 45 il sürgündə yaşadıqdan sonra!".

Diplomat məqalədə təəssüflə bildirir ki, tatarlar yarımadaya gəlsələr də, evləri və əmlakları onlara qaytarılmadı. Artıq öz məktəbləri, kitab mağazaları və məscidləri yox idi. Ancaq buna baxmayaraq, yenə də geri döndülər. Əcdadlarının səsini eşitdikləri üçün torpaqlarına qayıtdılar. Yenidən yarımadada tatar mahnılarını səsləndirməyə, tatar dilində kitab nəşr etdirməyə və məscidlər tikməyə qayıtdılar. Onlar tarixi ədaləti bərpa etmək üçün geri döndülər.

"Bu gün Krım Tatar xalqının tarixindəki bu faciəli hadisədən 77 il keçir. Bu gün hər bir Krım tatarı, öz xatirələri və düşüncələri ilə bir səhər Sovet rejiminin kiçik vətənlərini əllərindən aldığı günə qayıdır. Həmin gün onlar həlak olanları yad edir, sağ qalanlar qarşısında baş əyirlər. Hər il bu gündə ukraynalılar Krım tatarlarının sürgün edilməsini ağrı ilə xatırlayır, çünki onların ağrıları bütün Ukrayna xalqının ağrısıdır. Bu gün bir daha bütün dünya ictimaiyyətini dəhşətli cinayət olan - Krım yarımadasının Rusiya tərəfindən işğalına qarşı birləşməyə çağırırıq. 2014-cü ildən bəri bu gözəl və mənzərəli bölgənin yerli əhalisi davamlı təqib altındadır: Məclisin yasaqlanması, siyasi motivli təqiblər, dini zülm, Rusiya vətəndaşlığını qəbul etmədiyi üçün yarımadadan deportasiya olunanlar və sair", - yazır Ukraynanın ölkəmizdəki səfiri Vladyslav Kanevski.

Diplomat məqaləni aşağıdakı sonluqla bitirir: "77 il öncə olduğu kimi, bu gün də Krım tatarları başqa ərazilərə köçürülür, Krım yarımadasına isə Kremlin göstərişi ilə bu torpağa heç vaxt tarixi bağlılığı hiss edə bilməyəcək insanlar köçürülür. 77 il öncə olduğu kimi, bu gün də Krımda fəal şəkildə ruslar yaşayır. Amma 1980-ci illərin sonunda Krım tatarları Krıma qayıtdı. Yaxın gələcəkdə tarixi ədalətin qalib gələcəyinə ürəkdən inanırıq. Axı Rusiya nə qədər yarımadanın işğalını qanuniləşdirməyə çalışsa da, həqiqət bizim tərəfimizdədir: Krım Ukraynadır!".