Lavrovun Bakı səfəri – politoloqların baxışı

20:16 11.05.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiya xarici işlər nazirinin Bakı səfəri müxtəlif aspektlərdə müzakirə olunur. Rusiya rəsmisinin bu səfəri hansı təkliflərlə əlamətdar oldu?

Bununla bağlı hafta.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinin cavabını ötən gün prezident İlham Əliyev konkret olaraq verib.

Çünki Lavrovun hansı missiya ilə gələcəyi və təkliflər paketində hansı məsələlərin olduğu bəlli idi. Onun sözlərinə görə, Ermənistanla konkretleşdirilən planı Kremldə müzakirə etdikdən sonra Lavrov Bakıya səfərindən əliboş dönüb:

“Çünki Moskvanın əsas planında ermenilərin Qarabağda statusu, Xocalı aeroportunun açılması və Azərbaycanın KTMT, Avrasiya İttifaqına qoşulması yer alır. Lavrovun Bakı danışıqlarında Azərbaycanın mövqeyi diqqətə çatdırıldı və demək olar ki, heç bir razılaşma əldə olunmadı. Azərbaycanın Türkiyə ilə siyasi koordinasiyali fəaliyyəti nəticəsində Rusiya Azərbaycana təzyiq etmək siyasətinə getmir və sadəcə əməkdaşlığın elə bir növünü təklif edir ki, rəsmi Bakı Moskvadan asılı olsun. Bakı üçün strateji olaraq Moskva ilə əməkdaşlıq labüddür, amma bu, Ankara və Bakı birgə koordinasiyalı fəaliyyəti nəticəsində reallaşacaq”.

M.Əsədullazadə qeyd edib ki, bu danışıqlarda "İsgəndər-M" raketi, minalanmış ərazilərin xəritəsi, sülhməramlı qüvvələrin məsuliyyət zonasında separtçıların fəaliyyəti, qanunsuz silahlı erməni birləşmələrinin çıxarılması danışıqlar predmeti olub:

“Bundan əlavə, Azərbaycan Qarabağla bağlı siyasi müstəvidə ciddi irəliləyişlər əldə edib. Demək olar ki, Qarabağda separatçıların tərksilah edilməsi reallaşacaq. Çünki Qarabağda silahli erməni birləşmələri Cənubi Osetiya presidenti yaradır. Silahlı erməni birləşmələrinin ləğvi məsələsində Moskva maraqlı deyil. Amma Rusiyanın əlavə variantı yoxdur”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyevin Lavrovla görüşdə ona digər zəruri məsələləri də xatırlatdığını vurğulayıb:

“Birincisi, dövlət başçısı dedi ki, hərbi əməliyyatlar başa çatandan sonra Azərbaycan müharibənin yekunlarına əsasən bütün hərbi əsirləri Ermənistana təhvil verib. Bu o deməkdir ki, 10 noyabrdan sonra Ermənistandan Qarabağa göndərilən və ələ keçirilən ermənilər asanlıqla təhvil verilməyəcək.  İkincisi, İlham Əliyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həlak olmuş 1600-ə yaxın erməni hərbi qulluqçunun cəsədlərini erməni tərəfə təhvil verildiyini bildirdi: “Müqayisə üçün deyim ki, Birinci Qarabağ müharibəsindən sonra bütün işğal illəri ərzində erməni tərəfi itkin düşmüş azərbaycanlı hərbi qulluqçulardan heç birinin cəsədini bizə verməyib, bizdə belə hərbi qulluqçuların sayı isə 4 minə yaxın olub”. Bu da Lavrova zəruri xatırlatma idi. Və nəhayət üçüncüsü, dövlət başçısı Lavrova Azərbaycanın Ermənistana növbəti xoş jestini xatırlatdı: “Biz Ermənistanın işğaldan azad edilmiş ərazilərdə avtomobil yolu boyunca yerləşən yaşayış məntəqələri arasında maneəsiz kommunikasiyanı təmin edirik, avtomobil yolunun 20 kilometrdən çox hissəsi erməni vətəndaşların istifadəsindədir və bu məsələdə heç bir maneə və ya çətinlik yoxdur”.

Dördüncüsü, İlham Əliyev Lavrova onu da xatırlatdı ki, bir ay ərzində Rusiya ərazisində təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistana qaz Azərbaycan ərazisindən nəql edilib: “Bu da münaqişədən sonrakı vəziyyətin normallaşmasına yönəlmiş xoş məram jesti idi. Belə nümunələr çoxdur”. İlham Əliyev Azərbaycanın sadaladığı addımları müqabilində Ermənistanda azərbaycanofobiya meyillərinin olduğunu bildirdi. Dövlət başçısı buna misal olaraq işğaldan azad edilmiş ərazilərdə praktiki olaraq hər şeyin dağıdıldığını, Ağdamın “Qafqazın Xirosiması” adlandırıldığını, Füzuli şəhərində bircə salamat binanın qalmadığını vurğuladı”.

Politoloq hesab edir ki, Sergey Lavrov İlham Əliyevin Naxçıvandan verdiyi mesajları nəzərə alaraq, Bakıdakı görüşlərin mətbuata açıq hissəsində nə statusdan, nə münaqişənin həllindən, nə də həmsədrlərin birgə fəaliyyətindən danışıb:

“Ancaq Lavrov Zəngəzur dəhlizinin açılması vacibliyinə də toxunmadı. Halbuki, Bakıda ona daima 10 noyabr bəyanatı və orada kommunikasiya xətlərinin açılmasıyla bağlı bənd xatırladıldı. Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında İrəvanda dediyini təkrarladı: “Kommunikasiya xətlərinin açılmasıyla bağlı dəqiq tarixi söyləmək çətindir və bu məsələlər tərəflərin razılığa ilə həll olunmalıdır”. Sergey Lavrov İlham Əliyevlə görüşdə Azərbaycanla Ermənistan sərhədinin delimitasiya və demarkasiya ilə bağlı məsələlərinin olduğunu bildirdi: “Bu məsələlərin hamısı asan deyil, lakin hamısı həll edilə biləndir. Biz əminik ki, hərbi ekspertlər diplomatların iştirakı ilə qarşılıqlı məqbul qərarlar barədə razılığa gələ biləcəklər”. Deməli, bu məsələ Ermənistan qədər Rusiyanı da narahat edir.

Lavrov mətbuat konfransında azərbaycanlı jurnalistin “Ermənistanın minalanmış xəritələrin Azərbaycana təhvil verməməsini və Ermənistanda faşitlərin qəhrəmanlaşdırılmasını necə dəyərləndirirsiniz?” sualına elə cavab verdi ki, Ermənistanın xətrinə dəyməsin”.

E.Şahinoğlu qeyd edib ki, Lavrov minalarla bağlı problemin “humanitar məsələ” kimi qiymətləndirərək bunu “əsirlərin qaytarılmasıyla” əlaqələndirdi. Yəni demək istədi ki, Ermənistanın istədiyi bütün digər məsələlər həll olunduqdan sonra minalanmış ərazilərin xəritəsi Azərbaycana verilə bilər:

“Lavrov sualın ikinci hissəsinə cavab olaraq Ermənistanda faşist Njdeyə qoyulan abidəyə də toxunmadı: “Nasitlərin qəhrəmanlaşdırılmasını bir sıra Avropa ölkəsində, Baltik dövlətlərində və Ukraynada müşahidə edirik”. Lavrov bu sırada Ermənistanın adını çəkmədi. Bu yerdə Ceyhun Bayramov söz almaq məcburiyyətində qalaraq Ermənistanın Njde və Monte Melkonyan kimi faşistləri və terrorçuları qəhrəman kimi qələmə verməsindən tutmuş İrəvanda tanınmış siyasi və ictimai xadim Mahatma Qandinin heykəlinin yandırılmasına qədər olayları sadaladı. Lavrovun bu sözlərə heç bir reaksiyası olmadı.

Lavrov İlham Əliyevlə görüşdə belə bir cümlə də işlətdi: “Beynəlxalq mədəni irsin qorunub saxlanmasına cavabdeh olan təşkilat kimi UNESCO da bu səylərdə iştirak etməkdə maraqlıdır”. Azərbaycan torpaqları uzun illər işğal altında qalanda, məscidlər, kitabxanalar, muzeylər dağıdılanda, yandırılanda bu nə Rusiyanı, nə də UNESCO-nu maraqlandırırdı. İndi isə Lavrov və UNESCO Qarabağda araşdırmalar aparmaq istəyirlər. Məqsəd azad edilmiş ərazilərdə ermənilərin iddia etdikləri, ancaq onlara aid olmayan qədim kilsələr haqqında hesabat hazırlamaqdır.

Beləliklə, Sergey Lavrovun əvvəlcə Ermənistana, daha sonra Azərbaycana səfəri yekunlaşdı. Heç nə baş vermədi. Lavrov sadəcə tərəfləri sakitləşdirməyə çalışdı və Azərbaycanı narahat edən heç bir məsələyə də aydınlıq gətirmədi”.