Litvanın Azərbaycan və Türkmənistandakı səfiri Kestutis Vaskelevicius Aşqabadda Türkmənistan Məclisinin (Parlament) sədri Dünyagözəl Gülmanova və bu ölkənin xarici işlər nazirinin müavini Əhməd Qurbanovla görüşüb.
Hafta.az-ın yazdığına görə, görüşlərdə ikitərəfli əlaqələr, ticarət-iqtisadi əməkdaşlıq imkanları, Avropa İttifaqının Türkmənistan və digər Mərkəzi Asiya ölkəsi ilə əməkdaşlığı, beynəlxalq asayişin qorunub saxlanılması və sair məsələlər müzakirə edilib.

Litva səfiri qeyd edib ki, geosiyasi gərginlik, xüsusilə Rusiyanın Ukraynaya təcavüzü qarşısında qaydalara əsaslanan beynəlxalq nizam - beynəlxalq hüququn prinsiplərinə riayət etmək, ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət etmək lazımdır. Litva qlobal miqyasda, o cümlədən, Ukraynada, Əfqanıstanda və digər ölkələrdə sabitliyə nail olmağa sadiqdir.
K.Vaskelevicius Litva ilə Türkmənistan arasında siyasi dialoqun saxlanılmasını davam etdirmək, qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi istəyini bildirib və ölkələr arasında ticarət-iqtisadi, mədəni və humanitar əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün şərait yaradıldığını qeyd edib.

Səfir hər iki ölkənin nəqliyyat və logistika bizneslərinin uzunmüddətli əməkdaşlıq ənənələrinin olduğunu vurğulayıb. Litvanın nəqliyyat və logistika sektorunun potensialı çox güclü olaraq qalır və o, malların Transkaspian beynəlxalq nəqliyyat marşrutu ilə daşınmasına xidmət edə bilər.
Səfirin sözlərinə görə, 2027-ci ilin birinci yarısında Litvanın Avropa İttifaqı Şurasına gözlənilən prezidentliyi dövründə ölkələrin əməkdaşlığı daha da vacib hala gəlir.

K.Vaskelevicius Türkmənistanın Avropa ilə Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrini gücləndirmək, xammal, rəqəmsal bağlantı, su və enerji sahəsində əməkdaşlığı dərinləşdirmək məqsədi daşıyan Aİ-nin “Global Gateway“ proqramından istifadə edəcəyinə inandığını ifadə edib.