Biz həqiqətən öz torpaqlarımıza geri qayıtmağa hazırlaşırıq və bu yaxın vaxtlarda, şübhəsiz ki, baş tutacaq. Təbii ki, geri qayıtmaq öncəsi hər bir insan kimi mən də Xankəndi millət vəkili olaraq, gələcəkdə doğma şəhərimdə yaşayacam. Harada işləyəcəyəm, harada iş yerim olacaq, ofisim harada fəaliyyət göstərəcəksə bununla bağlı araşdırma aparıram.
Bu fikirəri hafta.az-a Xankəndinin millət vəkili Tural Gəncəliyev deyib. Onun sözlərinə görə, bu da təbii məsələdir:
"Sözün əsl mənasında, biz buna inanırıq və əminik ki, bu belə olacaq. Mən Xankəndi şəhərini təmsil edirəm. Gələcək fəaliyyətimi də orada görürəm. Ona görə də indidən müvafiq olaraq, araşdırmalar aparmışam. Bilirik ki, biz harada fəaliyyət göstərəcəyik. Paylaşımlarımıza xüsusilə də kəskin və məntiqsiz reaksiyaların Ermənistan tərəfindən gəlməsini başa düşmürəm. Azərbaycan Respublikasının suveren ərazisi var. Azərbaycan vətəndaşı ölkənin istənilən şəhərində, qəsəbəsində, xüsusən də millət vəkili olaraq yaşamaq və işləmək, orada fəaliyyət göstərmək üçün öz arzusunu reallaşdıra bilər. Ona görə də bu erməni tərəfinin hələ də reallıqlarla barışa bilməməsinin təzahürüdür. Yaxın gələcək bizim nə qədər doğru yolda olduğumuzu bir daha təsdiqləyəcək".