Mina terroru can alır, dünya susur

18:15 04.06.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün daha bir faciəni yaşamağa məcbur qaldıq – işğaldan azad olunmuş Kəlbəcər rayonu ərazilərdə avtobusun minaya düşməsi nəticəsində iki media nümayəndəsi – AZƏRTAC-ın müxbiri İbrahimov Məhərrəm Əli oğlu və AZTV-nin operatoru Abışov Sirac Abış oğlu, eləcə də Kəlbəcər RİH-in Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak oldu, dörd nəfər isə yaralandı. Bu həmkarlarımız sülh şəraitində, öz doğma torpaqlarımızda və ən əsası, peşə fəaliyyətlərini yerinə yetirərkən həlak oldular.

Azərbaycan tərəfi noyabrın 10-dan - 44 günlük müharibə nəticəsində Ermənistanın təslim aktını imzaladığı gündən Ermənistandan minalanmış ərazilərin xəritəsini tələb edir. Beynəlxalq müharibə qanunlarına əsasən Ermənistan bunu etməliydi. Amma ermənilər hər vəchlə bu xəritəni vermək istəmir. Ən pisi isə odur ki, dünya birliyi ermənilərin bu cinayəti qarşısında susur. Nəticə də göz önündə - ölüm hallarının sayı durmadan artır.

Burada bir sual yaranır: Ermənistana de-fakto nəzarət edən, sülh sazişinin imzalanmasında vasitəçilik edən və öz üzərinə məsuliyyət alan Rusiya, istər müharibə dövründə, istərsə də müharibədən sonrakı aylarda, həmsədr ölkə olduğunu unudaraq ardarda Azərbaycanın əleyhinə açıq bəyanatlar səsləndirərək, Ermənistana dəstək ifadə edən, hətta lazım olarsa İrəvana hərbi dəstək sözü verən Fransa, dünyada polis rolunu oynayan ABŞ hara baxır, niyə elə özlərinin yazdığı beynəlxalq qanunları pozan Ermənistanı qınamır?

Bu arada qeyd edək ki, Azərbaycan Hökuməti bu neçə ay ərzində dəfələrlə Minsk qrupunun həmsədr ölkələrinə, dünyanın qalan bütün cəmiyyətlərinə müraciət ünvanlayıb. Son olaraq bu günlərdə beynəlxalq məhkəməyə də belə bir müraciət göndərilib. Xeyri yoxdur, Ermənistan dünyanı vecinə almır. Niyə? Onu Fransa, Rusiya, Amerika, nə bilim hansı türk düşməni dövlətlər dəstəkləyir. Yəni özünə çox arxayındır.

Əlacımız özümüzə qalıb. Dünyanın hər yerində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları bu məsələdə nə düşünürlər, olduqları ölkələrin hökumətlərinin və ümumiyyətlə, ictimaiyyətinin fikrini hansısa yolla mina xəritəsi məsələsinə yönəldə bilərlərmi?

Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov bu gün Kəlbəcər rayonu ərazisində avtobusun minaya düşməsi və iki jurnalistin həlak olmasından sarsıldığını dilə gətirərək bildirdi ki, dünya birliyi bu cinayətlərin qarşısını almaq üçün Ermənistana ciddi təzyiqlər göstərməlidir. “Beynəlxalq qanun-qaydalar var. Əgər müharibə sülh müqaviləsi imzalanmaqla başa çatıbsa, tərəflər minalanmış ərazilərin xəritəsini qarşı ölkəyə verməyə məcburdur. Bundan əlavə, Gürcüstanda yaşayan azərbaycanlılar olaraq müşahidə edirik ki, ermənilər hərbi əsirlərlə bağlı Azərbaycan və Türkiyəyə qarşı dünya miqyasında iş aparırlar. Çalışırlar ki, Azərbaycanın əleyhinə imic yaradaraq bundan sui-istifadə etsinlər, minalanmış ərazilərin xəritəsinin qaytarılması məsləsi bu prosesin kölgəsində qalsın. İndi Ermənistan xəritəni verməkdənsə, cinayətkar ünsürlərinin guya əsir olduğunu dünyaya isbatlamaq istəyir. Hansı ki, Ermənistanın əsir olaraq qələmə verdiyi həmin şəxslər əsir sayıla bilməzlər. Onlar məhz müharibə başa çatandan sonra Azərbaycan ərazilərində saxlanıblar. Məlum olub ki, bu cinayətkarlar hərbi paltar geyinmiş diversantlar, terrorçulardır, separatçılardır. Onlara qarşı məhz terrorçuluğa və separatçılığa qarşı keçərli olan cəzalar tətbiq edilməlidir”, - deyən GAK sədri əlavə edib ki, Gürcüstanda yaşayan azərbaycanlılar, eləcə də Azərbaycan diaspor təşkilatları ilk gündən Azərbaycanın hüquqlarını müdafiə etməkdədirlər. Bu gün də dünya birliyini Ermənistan hökumətinə təzyiq göstərməklə minalanmış ərazilərin xəritəsini Azərbaycana təhvil verməyə nail olmağa çağırırlar.

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları birliyinin sədri Seymur Nəsirov bildirdi ki, məhz bu məsələ ilə bağlı ilk gündən Misir ictimaiyyətini məlumatlandırmağa çalışıblar, ölkənin fərqli mətbuat orqanlarında məqalələr dərc edir, görüşlər keçirirlər və sair. “Biz qanun çərçivəsində yaşadığımız ölkədə hər zaman Azərbaycan Dövlətinə dəymiş ziyanları maksimum şəkildə üzə çıxarmağa çalışırıq. Bəzi ölkələrdə mitinq-nümayiş keçirmək mümkün olsa da, Misirdə bu aksiyaların təşkilinə icazə verilmir. Burada fövqəladə vəziyyət rejimi hakimdir. Qeyd edim ki, hətta 44 günlük müharibə dövründə ermənilərə də piket və sair keçirməyə icazə verilmədi. Yenə deyirəm: biz öz haqq işimizi mətbuata çıxmaqla, eyni zamanda siyasi və ictimai səviyyələrdə, tələbələrlə görüşlər keçirməklə davam etdiririk”, - deyən S.Nəsirov əlavə etdi ki, İkinci Qarabağ müharibəsi vaxtı onlara, şəxsən özünə qarşı ermənilər tərəfindən nalayiq fikirlər yazılıb. Bu onları qorxutmayıb, ruhdan salmayıb. “İndipendent Arabi”yə müsahibəm oldu. Orda da Azərbaycana qarşı edilən haqsızlığı, ikiüzlülüyü dilə gətirmişəm”, -  S.Nəsirov bildirdi.

Hollandiya Azərbaycan Evinin sədri Elxan Mirhəşimli deyir ki, Azərbaycan əsgərinin və Ali Baş Komandanın rəhbərliyi ilə 44günlük muharibədən sonra Azərbaycan torpaqları işgaldan azad olundu, üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan sazişi imzalandı. Bu müqavilə imzalanandan sonra işgaldan azad olunmuş Qarabağda və ətraf ərazilərdə minaya düşüb ölənlərin, yaralananların sayı 120-yə çatıb. “Kəlbəcərdə minaya düşüb ölən jurnalistlərimiz üçün də çox üzüldüm. Bu minalar hələ çox canlar alacaq Azərbaycanda.  Ermənistan mina xəritələrini verməkdən boyun qaçırır. Beynəlxalq təşkilatlar, Avropa Birliyi ölkələri susqunluğunu qoruyur, Ermənistanla ərköyün uşaq kimi davranırlar, nəinki onlara təzyiq olunmur, əksinə, dəstək verilir. Bunun bir neçə səbəbi var: bizim türk olmağımız, din faktoru və ikili standartlar. Hollandiyada da xristian partiyaları Ermənistanın qara təbliğatını aparır Azərbaycanın əleyhinə. Sual yaranır: biz nə edə bilərik? Əlbəttə, aksiyalar keçirmək, mitinqlər etmək olar, yalniz biz bu aksiyalardan nə qazanacağıq, onu fikirləşək. “Aksya xatirinə aksiya olmaz!” – deyən E.Mirhəşimlinin sözlərinə görə, öncə düşünməliyik ki, bu günədək nə etmişık, ermənilərin ərazimizin minalanmasında hansı qurumları maarifləndirmişık, görüşlərimiz olubmu, informasiya mübarizəsi aparmışıq, hansı səviyyədədir gördüyümüz işlər? O, sual edir ki, əgər aksiya keçırilsə onu hansı Avropa mətbuatı işıqlandıracaq, hansı siyasi partiya bu aksiyaya qoşulub, dəstək verəcək, hansı yerli - Avropada və Hollandiyada fəaliyyət göstərən qeyri-hökumət təşkilatları bu aksiyaya qoşulacaq və sair. “Biz bu qurumlarla daim işləməliyik ki, bizi tanısınlar, istədiyimiz zaman dəstək versinlər. Yoxsa bizə lazım olanda muraciət edirik, bu işlər belə aparılmır, Azərbaycanın auiditoriyasından, mediadan başqa heç bir işə yaramır, özumuz deyib, özumuz eşidəcəyik. Necə ki, illərdir belə davam edir. Bunlar tək bir adamın edəcəyi iş deyil, burada komanda, maliyyə lazımdır, o da bizdə yoxdur. Potensialı olanlar da haqsızlıqları görüb uzaqlaşır. Bu işlərdə siyasi qərarlar alınmalıdır, siyasətdən anlayan regional prosesləri analiz edə bilən insanlar cəlb olunmalıdır. Duyğularımızla göstərdiyimiz fəaliyyət bu proseslərdə keçərli deyil. Siyasi partiyalarla, Parlamentdə görüşlər keçrilməlidir, mətbuatla daimi olaraq əlaqələr yaradılmalıdır ki, ermənilərin yalan təbliğatının qarşısını faktlarla alaq. Potensialı olan insanlarımızdan yararlanıb, güclü lobbi qurmalıyıq. Pərakəndə şəkildə könullu fəaliyət göstərən diasporla, dərnək fəaliyəti ilə məşğul olanlarla biz heç nəyə nail ola bilmərik”, -  E.Mirhəşimli deyir.

Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov bildirir ki, onlar 44 günlük müharibə dövründə ölkəmizin maraqlarını təmin edən bütün məlumatları Avstriya mediasında yayınlamağa çalışıblar. “Müharibə başa çatdıqdan sonra da minalanmış ərazilərin xəritəsi ilə bağlı cəmiyyət olaraq ciddi işə başladıq, ölkədə fəaliyyət göstərən xarici ölkə səfirliklərinə, konsulluqlarına bu müstəvidə məlumatlar göndərdik. Amma təəssüf ki, bir çox hallarda onlar bizə email-cavab göndərirdilər ki, guya Azərbaycan xristian erməni xalqını qırır və sair. Əlbəttə, biz onlara konkret faktlarla sübut etməyə çalışdıq ki, heç də fikirləşdikləri kimi deyil. Əksinə, müharibə tamamilə Azərbaycan ərazisində gedib, azərbaycanlılar öz torpaqlarını erməni işğalından azad ediblər. Bu gün jurnalistlərin minaya düşərək həlak olması xəbərini də eşidən kimi, tez alman dilində məlumat hazırlayaraq parlamentə, vilayət parlamentlərinə, kanslerə və ölkənin prezidentinə göndərdik. Məktubda qeyd etdik ki, müharibənin başa çatmasından neçə aylar keçməsinə baxmayaraq, Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi üzündən çox sayda dinc insan həlak olur” deyən F.Əzizov çox təəssüflə əlavə etdi ki, ermənilər özlərini hər zaman məzlum xalq kimi göstəriblər və bu səbəbdən də Avropada onlara inanırlar.

“Vaxtilə ermənilərin diaspor təşkilatları, yerli icmaları inkişaf edəndə, Azərbaycan toplumu buna fikir verməyib, ona görə də onlardan xeyli geri qalırıq” deyən F.Əzizoa görə, amma son vaxtlar Diasporla İş üzrə Dövlət Komitəsinin də dəstəyi ilə, Azərbaycan icmaları öz sözünü deyə bilir. “Ermənilər ilk gündən müharibəni xristian-müsəlman qarşıdurması kimi qələmə verib. Odur ki, bu gün Azərbaycan tərəfi bu yalanı puç etməyə səy göstərir. Biz ortaya fakt qoyduq: bu necə dini münaqişə ola bilər ki, ermənilərə daha çox müsəlman ölkələri dəstək verib. Bu ölkələr İran, Suriya, Livan, hətta Fələstindir. Azərbaycanın haqqını isə İsrail kimi bir dövlət müdafiə edib. Bütün bu məlumatlarla yerli ictimaiyyəti əmin etməyə çalışırıq ki, bu, Azərbaycanın öz ərazilərini Ermənistanın işğalından azad etmək üçün apardığı Vətən müharibəsidir. Biz haqqımızı daha açıq formada ictimaiyyətə çatdırmaq üçün küçə aksiyaları da keçirmək istədik, amma icazə vermədilər. Çünki, rəsmi qurumlar müharibə məsələsi olduğundan, keçiriləcək aksiyada qarşıdurmanın yaşana biləcəyindən ehtiyyatlandılar. Ona görə də, məsləhət gördülər ki, bütün etirazımızı media vasitəsilə çatdıraq. Biz də işimizi bu müstəvidə qururuq. Elə ötən günlərdə - mayın 30-da Respublika Gününə həsr olunmuş tədbir keçirdik, avstriyalı rəssam Azərbaycanın qələbəsi münasibətilə çəkdiyi rəsm əsərini gətirib, təqdim elədi, Azərbaycan dövlətinin və xalqının yanında olduğunu bildirdi”, - dedi Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri.