Multikultural dəyərlərlə yaşayan Azərbaycan - Müzakirə

12:34 18.05.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın multikultural dəyərləri ilə bağlı söhbətimizi sosioloq Əhməd Qəşəmoğlu və politoloq Qabil Hüseynli ilə davam etdiririk:

Əhməd Qəşəmoğlu, sosioloq:

“Azərbaycanda dini inanclı insanlara hörmət var. Bu tək sözdə deyil, işdə də özünü göstərir. Bizim inancımıza görə kilsələrə həmişə Allahın evi kimi baxılıb.  İstər kilsə olsun, istərsə hər hansı bir dini məkan, hamısına bir - Allah evi kimi baxılır. İndiki vaxtda görürük ki, Azərbaycanda ayrı-ayrı dinlərə mənsub insanların bir-biri ilə dostcasına, mehriban yaşaması ölkəmizin xeyrinədir. Prezidentin özü də dedi ki, haradakı çoxmillətlilik yoxdur, orada inkişaf da yoxdur. Bu, elə-belə, bədahətən deyilən söz deyil. Bunun böyük elmi əsası var. Elə sosiologiyada, kibernetikada, fəlsəfədə müxtəlifliyi cəmiyyətin inkişafına təkan verən məqam kimi dəyərləndirirlər.  İstər din, istər elmi nəzəriyyələr olsun, hər biri göstərir ki, insanlar həmin müxtəliflikdə ziddiyyət yox, ahəngdar olaraq bir-birini tamamlayırsa, o ölkədə inkişaf olur. Prezidentin uzun illərdir apardığı siyasətin nəticəsidir ki, bütün etnik mənsubiyyətlərin, biotəmsilçilərin arasında qarşılıqlı əlaqələr qurulub. Azərbaycanda əsas aparıcı məqsəd dövlətçiliyin möhkəmlənməsidir. Yəni dinlər, hər hansı bir dinin nümayəndələri, yaxud din xadimlərinin hamısı ölkənin ümumi ideyası, dövlətçiliyin güclənməsi, Azərbaycançılıq ideyası ilə birləşir. Ortada daha yüksək, ali məqsəd olanda  yerdə qalan başqa ideyalar, başqa fərqliliklər əsas ideyaya xidmət edir. Bizim ölkəmiz də müstəqillik əldə edəndən sonra bu ideya ilə irəli gedir. Ona görə də Prezidentin bu münasibəti həm ölkəmizin mənafeyi naminədir, həm də siyasi baxımdan  beynəlxalq aləmə bir mesajdır. Bir daha hər kəsə bəyan edilir ki, siz bizi bu dinlərə, xiristianlığa, kilsələrə qarşı  xoş olmayan münasibətdə günahlandıra bilməzsiniz. Şuşada 17 məscidin hamısı özünü xristian adlandıran ermənilər tərəfindən  darmadağın edilib. Qarabağ zonasında yüzlərlə köhnə dini tikili, qədimdən qalan məbədlər məhv olub.  Bizdə isə fərqli vəziyyətdir. Biz multikulturalizmi sadəcə dildə elan etmirik,  həm də o prinsiplərə uyğun yaşayırıq. Ölkəmiz doğrudan da unikaldır. Azərbaycanda dünyanın aparıcı dinləri min illərboyu çulğalaşıb. Bu kiminsə əmri, istəyi, xahişi ilə deyil, təbii olaraq baş verir. Çox gözəl bilirik ki, Xəzər türkləri yəhudi inanclı olub, özümüz Alban türkləri udin, xristian inancında olub.  Sonra biz İslamı qəbul eləmişik.  Dünyanın aparıcı ideyaları hamısı bizə doğmadır. Burada dünyanın aparıcı dinləri bir-biri ilə təbii yolla sintezləşib.  Dünyanın başqa yerlərində də belə sintezləşən dinlər var, amma bunlar məhəlli dinlərdir. Məsələn, Tibetdə, Cənubi Amerikada hansısa məhəlli dinlər bir-biri ilə sintezləşə bilər. Azərbaycanda dünyanın aparıcı dinləri sintezləşib: yəhudi, xristian, müsəlman və atəşpərəstlik.  Bizim dahi Nizamini götürək, onun əsərlərində başqa dinlərə qarşı  böyük diqqətlə yanaşılır, yəni bizdə hər kəsə Allahın bəndəsi kimi baxılıb. Dediyim kimi, Qurani-Kərimdə də başqa dinlərə  xoş münasibət olub.  Bu bizim həyat tərzimizdir.

44 günlük müharibədə gördük ki,  Azərbaycanda olan xalqların hamısı müharibədə iştirak elədi. Bu müxtəliflik Azərbaycanın  böyük gücüdür. Dünyada ən dağıdıcı model etnik qarşıdurma və dini qarşıdurmadır. Azərbaycan çox ağıllı yol seçərək, etnik mənsubiyyətlər və dini fərqliliklər arasında xoş münasibət yaradıb. O mənfur silahlar Azərbaycanda düşmənlərin arzu etdiyi qədər işləməyəcək.

Qabil Hüseynli, politoloq:

- Hazırda Fransa kimi dövlətlərin Azərbaycana qarşı çıxışları, guya bu ölkədə xristian məbədlərinə diqqətin olmaması ilə ermənilərin  qaldırdığı hay-küyün arxasında məkrli niyyət dayanır. Azərbaycan dövlətinin digər dinlərə, multikultural dəyərlərə münasibəti hər bir dinə aid olan məbədə qarşı sərgilənən xoş münasibətdə öz təzahürünü tapır.

Ölkədə olan xristian məbədlərinin bir hissəsi rus-pravoslav kilsəsi, yerdə qalanlar isə Alban kilsələrdir. Ermənilər o abidələrin zahiri üslubunu dəyişərək öz adlarına çıxırlar. İndi həmin məbədlərin öz sahibləri  olan udinlər və digər millətlərin nümayəndələri də bildirirlər ki, bunlar Alban kilsəsinin sərəncamında olan dini məbədlərdir. 1838-ci ildə ruslar Azərbaycan ərazisində olan bu Alban kilsələrini zorla erməni qriqorian kilsəsinin tabeliyinə verib. Erməniyə də bu lazım idi.  Ümumiyyətlə, bu bölgədə ermənilərin və onların qəyyumlarının  uzağa gedən, həmin kilsələrin yerləşdiyi əraziləri də qəsb etmək kimi çox alçaq niyyətləri olub. İndi daşlar yerinə oturur. Şuşada təmir olunan kilsənin erməni qriqorian kilsəsinə heç bir aidiyyəti yoxdur.  İndi Alban tayfalarının bir qolu olan udinlər öz kilsələrinə sahib çıxıblar. Azərbaycan dövləti  Kəlbəcər rayonunun Vəng kəndindəki kilsəyə, Laçındakı Ağoğlan kilsəsinə də rəhbər təyin edib.  Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələ rayonu ərazisində Nic kəndindəki kilsəni bərpa ediblər.  O kilsə çox böyük kilsədir və çox yaxşı təmir olunub.  Yerli əhali, din xadimləri bundan razılıq edirlər.  Bir təmir olunmamış kilsə qalıb, o da 1 nömrəli məktəbin yanındakı kilsədir. Həmin kilsə də ola bilsin, məktəbin özü də  təmir edilsin. Alban xalqının dini ənənələrini yaşadan insanlara dövlət tərəfindən kömək göstərilməsi qərara alınıb. Azərbaycanın dini dəyərlərə göstərdiyi bu ehtiram bütün dünayaya mesajdır. Multikulturalizmin Azərbaycan modeli “Xarıbülbül Festivalı”nda özünü bir daha göstərdi.  Heç bir ölkə Azərbaycan qədər ərazisində yaşayan kiçik xalqların folklor ansamblını, mədəniyyət nümunələrini bu qədər gözəl şəkildə ortaya çıxara bilməz. Monoetnik dövlət olan Ermənistanda yezidi kürdlərə və malakanlara bu cür qayğı göstərilirmi? Dini mədəni irsinə hüsn-rəğbətlə yanaşırlarmı? Əlbəttə ki, yox. Dünya buna diqqət etməlidir.

Azərbaycanda yaşayan digər xalqların, millətlərin I və II Qarabağ savaşında iştirak edərək böyük qəhrəmanlıq göstərdiyi hər kəsə məlumdur. O xalqlar bizimlədir. Yəhudi Aqarunov I Qarabağ savaşında qəhrəmancasına döyüşüb həlak oldu. İndi onun abidəsi Xətai rayonunun ən görkəmli guşəsində ucaldılıb. Eləcə də digər xalqların nümayəndələri öz vətənləri hesab etdikləri Azərbaycan üçün vuruşublar. Azərbaycan türkü ilə onları bağlayan qardaşlıq tellərini sübut ediblər.