BBC-nin fars xidməti Xomeyninin keçmiş varisi Hüseyn Əli Müntəziri ilə müxalifətin “Ölüm Komitəsi” kimi tanınan 1988-ci ildəki siyasi edamlara görə məsul şəxslər arasında gizli görüşün səs yazısını yayıb.
Hafta.az-ın yazdığına görə, Müntəzirinin vəzifədən uzaqlaşdırılmasından üç ay əvvəl baş tutan bu görüşün səs yazısında Müntəzirinin edam cəzasına şiddətlə qarşı olduğu və “Velayət-i Fakih”in iyrənc hala düşdüyü bildirilir.
Müntəziri, şəriət məsələləri üzrə keçmiş rəhbəri Hüseyn Əli Neri, Tehranın keçmiş prokuroru Morteza İsraki və prokurorun müavini İbrahim Rəisinin iştirak etdiyi toplantıda 36 il əvvəl siyasi məhbusların edamına dair təfərrüatlar müzakirə olunub. Müntəziri ilə görüşən məmurları məhbusların yaxınları və İran müxalifəti “ölüm komitəsi” adlandırır.
Sızdırılan səs yazısında o vaxtkı prezident Əli Xamenei, parlamentin keçmiş spikeri Əli Əkbər Rəfsəncani və rejimin qurucusu Xomeyninin ofisini idarə edən Əhməd Xomeyni kimi yüksək səviyyəli İran rəsmilərinin adı çəkilir.
1988-ci ilin yayında İran-İraq müharibəsi başa çatdıqdan sonra İran rejimi minlərlə siyasi məhbusu gizli şəkildə edam edib və onları bütün İranda kütləvi məzarlıqlarda basdırıb. Edamların birinci dalğasında o, köhnə rejim üzvlərini və onun tərəfdarlarını, ikinci mərhələdə isə solçuları, o cümlədən İranın solçu qruplarından olan kommunistləri edam edib.
Müntəziri edamdan əvvəl və sonra iki dəfə “ölüm komitəsi” ilə görüşüb. Daha əvvəl yayımlanan səs yazısında o, Xomeyninin o zaman ədliyyə orqanlarına həbsxanalarda edam hökmləri icra etmək göstərişi verən məktubu dərc etməsinə etirazını bildirib.
BBC-nin yaydığı yeni səs yazısında o, edamları tənqid edir və ətrafına toplaşanlara deyir: “Velayət-i Fakih camaat üçün iyrənc oldu, onun zillətinə dözdülər”.