Kolumbiyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə Bakıda “Kolumbiya musiqisi gecəsi” keçirilib. Tədbir iştirakçılarını titrədən məşhur “Puerto Candelaria” klubu bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış edib. Latın Amerikası xalqlarının musiqilərini ifa edən kollektiv indiyədək “Cinema Tropico”, “Kolombian Jazz”, “Amor u Deudas”, “Yo Me Llamo Cumbia” və sair kimi 5 albom buraxıb, Fanfarre Kiokarlia, Andrea Eçeverri, Herencia de Timbiqui və Monsieur Perinenin simasında bir sıra nəhəng sənətçilərlə əməkdaşlıq edib.
Yarandığı 2000-ci ildən bəri keçən 19 il ərzində dünyanın böyük hissəsini gəzib, konsertlər verən “Puerto Candelaria” qrupunun təqdim etdiyi ritmli musiqi nömrələri Azərbaycanda da alqışlarla qarşılanıb və rəqslərlə müşayiət olunub.
Qeyd edək ki, tədbir çərçivəsində Kolumbiya yazıçılarının əsərlərindən və bu ölkənin incəsənət nümunələrindən ibarət sərgi açılıb.
Bir az da “Puerto Candelaria” klubu haqda oxucularımıza məlumat verək:
2000-ci ildə Kolumbiyanın Medellin şəhərində böyük musiqiçi, “Latin Grammy” mükafatının laureatı olan Juanço Valensia tərəfindən yaradılan qrup Cumbia, Rock, Ska, Jazz, Chucu Chucu və World Music-dən insanları çılğın rəqsə dəvət edən mahnılar təqdim etməkdədir. Qrupun digərlərindən bir önəmli fərqi dinləyicini coşduran mahnılarla yanaşı, çılğın rəqslər, teatr və əyləncəni özündə birləşdirməsidir.
“Puerto Candelaria” fəaliyyəti dövründə Kolumbiya səhnəsində rekordlara imza atıb, dünya ölkələrində yüzlərlə konsert verib, milyonlarla pərəstişkar toplaya bilib. O cümlədən, Braziliya və Fransa kimi ölkələr artıq bu qrupun musiqi dünyasının bir parçasına çevrilib. “Merlín Producciones” kimi səsyazma studiyası isə sözügedən qrupun səsini dünyaya yayaraq, daha da tanınmasında rol oynayıb.
Qrup "Puerto Candelaria Sinfónico" adlı şouda orkestrlə birlikdə sanki böyük bir tamaşa göstərir. Məhz istedadları və qazandıqları sevginin nəticəsi olaraq qrup fərqli vaxtlarda Berkli Musiqi Kollecinə, eləcə də Rotterdam və Pekin Konservatoriyalarına dəvət alaraq, orada təcrübə keçib.
Vaxt keçdikcə öz çıxışları ilə musiqinin sərhədlərini aşan “Puerto Candelaria” Kolumbiyada ailələrin bir nömrəli əyləncəsi olan “El Primavera Fest” kimi festivalın təşkilatçısına çevrilib.
“Puerto Candelaria”nın daha bir özəlliyi onun Kolumbiyanın milli adət-ənənələrini özündə yaşatması, təqdim etdiyi parçalarda mütləq milliliyi göstərməsidir. Qrupun timsalında bu “sehrli gəminin” səs yolçuluğuna çıxmasında və dünyanın çox sayda limanında lövhər salmasında, illərdir burada çalışan, dəstənin rəhbəri və pianoçu Juanço Valensianın rolu əvəzsizdir.
“Puerto Candelaria” insan yaşayan bütün materiklərdə tanınır. Çünki dünyanın 100-ə yaxın şəhərində coşqulu konsert proqramları ilə çıxış edən qrup “Cumbia Rebelde” “Colombian Jazz” və sair kimi fərqli ritmlərin yaradıcısıdır və bütün bunlar, yuxarıda da qeyd etdiyimiz kimi, indiyədək buraxdığı 5 albomda dinləyiciyə təqdim edilməkdədir.
Dünya şöhrətli qrup İspaniya və Fransaya qastrol səfərlərindən sonra dünən Azərbaycanda konsert verdikdən sonra Türkiyəyə yola düşüb və iyulun 5-də İstanbulda pərəstişkarları ilə görüşəcək. Bundan əlavə, 6-7 iyulda Fransada, 10 iyulda Polşada, 12 iyulda Fransada, 14 iyulda Rusiyada, 16 iyulda Fransada, 18 iyulda Portuqaliyada, 19 iyulda İrlandiyada, 2021 iyulda Fransada, 22 iyulda İtaliyada, 24-25 iyulda yenidən Fransada, 27 iyulda Almaniyada, 28 iyul – 1 avqust tarixlərində yenidən Fransada, 2 avqustda Almaniyada, 3 avqustda Avstriyada, 4 avqustda Fransada, 6 avqustda Latviyada, 7-8 avqustda Macarıstanda və sair konsert proqramları ilə çıxış edərək tamaşaçıları əyləndirəcək.
Bu arada qeyd edək ki, qrup “Kolombian Jazz" (2002), "Llego la Banda" (2006), "Vuelta Canela" (2010), "Cumbia Rebelde" (2011) "Amor y Deudas" (DVD - 2014), "Bana Cumbia Diyorum" (" 2019) və "Cinema Trópico" (2019) adlı disklərini də bazara çıxarıb.
“Puerto Candelaria”nın qurucusu və hazırkı rəhbəri Juanço Valensia, meneceri Juan Felipe Arango, səs mühəndisi Gabriel Vallejo, prodessoru Julio Marin və sairdir.