“Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası artıq 30 ildir ki, dostluq və əməkdaşlıq içində fəaliyyət göstərirlər”.
Hafta.az-ın yazdığına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Bakıda keçirilən "Azərbaycan – Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi" mövzusunda konfransda deyib.
Azərbaycan- Çin əməkdaşlığının böyük potensiala və yaxşı gələcəyə malik olduğunu qeyd edən Əli Əhmədov qeyd edib ki, bu əməkdaşlıq hər iki xalqın maraqlarına tam uyğundur.

“İki ölkə arasında əməkdaşlığın ilk növbədə, qarşılıqlı iqtisadi faydaya əsaslandığını vurğulayan Ə.Əhmədov deyib: "Hazırda bəşəriyyətin gələcəyi naminə dövlətlərin və xalqların ciddi düşünməsinə zəmin yaranıb. Ona görə də əlaqələrin, qarşılıqlı dəyərlər sisteminin yenidən qurulmasına ehtiyac var".
Ə.Əhmədov bildirib ki, Çin dünyanın iqtisadi cəhətdən güclü dövlətlərindən biri və ikinci ən çox əhalisi olan ölkədir: "Çin dünyanın daha ədalətli prinsiplər əsasında qurulması üçün qarşısına qoyduğu məqsədlərə çata biləcək potensialda ölkədir. Azərbaycanın xarici siyasətinin ana xəttini isə sülh gündəliyi təşkil edir. Azərbaycan bu istiqamətdə təkcə regionda deyil, ümumilikdə dünyada çox ciddi fəaliyyət göstərir. Azərbaycan ənənəvi olaraq Şərqlə Qərb arasında körpü rolunu oynayıb. İndi isə Azərbaycan Qlobal Cənub arasında körpü rolunu oynamaq missiyasını öz üzərinə götürüb. Hesab edirəm ki, ölkəmiz bu missiyanı yerinə yetirmək üçün ən vacib parametrlərə sahibdir".