“Ölkələrimiz çoxtərəfli ticarət sistemini qətiyyətlə qorumalıdır” - Si Cinpin

10:10 14.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Proteksionizm ölkələri heç bir yerə aparmır və heç bir ticarət müharibəsində qaliblər olmayacaq”.

Hafta.az-ın yazdığına görə, bunu Çin Prezidenti Si Cinpin Vyetnama səfəri zamanı dövlət mediasına bildirib.

Çin prezidenti ölkəsinin ticarət əlaqələrini gücləndirmək və qlobal ticarət hücumuna başlayan ABŞ-dan fərqli olaraq etibarlı tərəfdaş olduğunu göstərmək üçün Cənub-Şərqi Asiya turuna başlayır. Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Si Vyetnam, Malayziya və Kambocaya səfər edəcək və həmkarları ilə görüşəcək. Bu, Sinin bu il Çindən kənara ilk səfəri olacaq.

Rəsmi “Sinxua” xəbər agentliyinin məlumatına əsasən, Vyetnamda nəşr olunan qəzetlər Sidən istinadla yazıblar: “Ölkələrimiz çoxtərəfli ticarət sistemini, qlobal sənaye və təchizat zəncirlərinin sabitliyini, beynəlxalq açıqlıq və əməkdaşlıq mühitini qətiyyətlə qorumalıdır. Ticarət və tarif müharibələrinin qalibi yoxdur və proteksionizm heç bir nəticəyə gətirib çıxarmır".

Çin prezidentinin turu Asiya nəhənginin ABŞ-dan fərqli olaraq özünü sabit tərəfdaş kimi təqdim etməyə çalışdığı, prezident Donald Trampın yeni tariflər tətbiq etməklə genişmiqyaslı ticarət hücumuna başladığı vaxta təsadüf edir. Bu addım qlobal bazarları şoka salıb və Pekini eyni cür cavab verməyə sövq edib.

Sinin Vyetnam turu, bu ölkəyə 2023-cü ilin dekabrından bəri ilk səfəri olacaq. İki ölkə sıx iqtisadi əlaqələrə malikdir, lakin Cənubi Çin dənizində bəzi anlaşılmazlıqlar yaşanır.

Bu gün Vyetnam mətbuatı yazıb ki, Si Cinpin iki ölkənin bu fikir ayrılıqlarını dialoq yolu ilə həll edə biləcəyini vurğulayıb. “Sinxua” agentliyinə görə, Si deyib: "Biz münaqişələri düzgün idarə etməli, regionumuzda sülh və sabitliyi qorumalıyıq".