Paşinyan kilsəyə qarşı - MÜZAKİRƏ

16:11 05.06.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda baş nazir Nikol Paşinyanla kilsə arasında gərginlik artan temp üzrə inkişaf edir. Qarşıdan seçkilər gəldiyini nəzərə aldıqda, bu proses növbəti bir ildə Ermənistan daxilində siyasi gərginliyin əsas fiqurlarının kimlər olacağından xəbər verir. 

“Paşinyanla kilsə arasındakı qarşıdurma uzun müddətdir davam edir və başadüşüləndir. Kilsə Ermənistanda faktiki olaraq ayrı-ayrı ölkələrin beşinci kolonu qismində çıxış edir, Paşinyan hakimiyyətini hədəfə alan mövqe ortaya qoyurlar”.

Bunu hafta.az-a politoloq Rəşad Bayramov Ermənistanda keşiş Paşinyan qarşıdurması ilə bağlı açıqlamasında bildirib.

Politoloq keşiş Baqratın hakimiyyətə qarşı başlatdığı hərəkatı xatırladaraq, Ermənistanda kilsənin rəhbərliyində təmsil olunan şəxslərin müxalif mövqedən çıxış edərək Paşinyan haqqında ictimai rəydə mənfi obraz yaratmağını qeyd edib.

“Ermənistanda qarşıdan seçkilər dövrü gəlir, Baqrat və kilsə ayrı-ayrı bölgələrdə etiraz aksiyalarına başlamaqla bağlı müvafiq addımlar atırlar. Bu istiqamətdə insanları toplamaq, onları kütləvi şəkildə meydana çağırmaq istiqamətində aktiv fəaliyyət göstərirlər. Paşinyan da bunu görərək kilsənin ictimai rəyə olan təsir imkanlarını azaltmaq, qarşıdakı seçki dövründə özünün əsas müxalifətini, yəni Rusiyanın 5-ci kolonunu sıradan çıxarmaq üçün müvafiq olaraq kilsəyə qarşı kampaniya başlayır. Əslində, Paşinyan uzun müddətdir ki, gizli formada ictimai şüura təsir edirdi, indi isə açıq şəkildə bu istiqamətdə mövqe ortaya qoyub. Həm özü, həm də komandasının ayrı-ayrı üzvləri, həm də Paşinyanın həyat yoldaşının son dövrlərdə kilsə ilə bağlı işlətdiyi ifadələr buna əyani misaldır”.

Politoloq bildirir ki, burada məqsəd kilsənin ictimai rəyə təsir imkanlarının minimallaşdırılmasıdır. “Paşinyan özü də bir erməni olaraq kilsənin insanlara, ictimai şüura təsir imkanlarını nəzərə alaraq, kilsəni özünə ram edə bilmədiyi üçün onunla kütlə arasında bir sədd çəkməyi qarşısına hədəf qoyub. Bu baxımdan, birinci mərhələdə kilsəyə ayrılan maliyyənin, kilsə üçün yığılan pulların ayrı-ayrı məqsədlərə xidmət etməsi ilə bağlı bir ictimai rəy təşkil etdi və nəticədə, çoxlu sayda faktlar ortaya çıxarıb, insanlarda kilsəyə qarşı inamsızlıq toxumu səpməyə çalışdı. İndi isə faktiki olaraq yenə də kilsənin dini məqsədlərə deyil, kilsə rəhbərlərinin ayrı-ayrı şəxsi məqsədlərə və ümumilikdə, müxtəlif dövlətlərin maraqlarına xidmət etdiyi ilə bağlı ictimai rəyə mesajlar verərək mövqelərinin maksimum zəifləməsinə çalışır”, - politoloq bildirib.

“2026-cı il seçkiləri bu qarşıdurmada hlləlledici məqamlardan biridir. Paşinyan yenə qalib gəlsə ondan sonra erməni kilsəsi hücumları bir az da gücləndirəcək. Ola bilər ki, qanunvericilik yolu ilə kilsəni özünə tabe etdirmək yollarını axtaracaq”. Bunu hafta.az-a siyasi icmalçı Abutalıb Səmədov bildirib.

A.Səmədov Nikol Paşinyanla erməni kilsəsi arasında münasibətlərin ikinci Qarabağ müharibəsindən sonra kəskinləşməyə başladığını qeyd edib.

“Kilsə nümayəndələri Paşinyanın atdığı addımların əleyhinə bəyanatlar verdilər və bu da təbii ki, hökumət başçısının xoşuna gəlmədi. Kilsəni nüfuzdan salmaq üçün müəyyən addımlar atılmağa başladı. Kilsənin tədbirlərinə bəzən qatılmadılar, kilsə müəyyən tədbirlərdə hökuməti nüfuzdan salmaq üçün addımlar atdı. Sonra kilsə nümayəndələri insanları küçələrə çıxarmağa cəhd göstərdilər, Paşinyan hakimiyyətini yıxmağa çalışdılar. Son günlər bu proses bir az da sürətlənib. İsveçrədə erməni mədəni irsi ilə bağlı erməni kilsəsi tədbir təşkil etdi və bütün ermənilərin katolikosu siyasi məzmunlu çıxış söylədi. Təbii ki, bu cür davranış nə bizi qane edə bilərdi, nə də erməni hökumətini, çünki erməni katolikosu hökumətin səlahiyyətinə müdaxilə edirir”, - politoloq qeyd edib.

Onun sözlərinə görə, kilsə belə bir təsəvvür yaratmağa çalışır ki, hökumətin görməli olduğu işləri onlar edir. A.Səmədov məhz kilsənin bu davranışlarının Paşinyanın kilsə xadimləri haqqında müəyyən bəyanatlar verməsinə səbəb olduğunu deyir. 

“Kilsə xadimləri evlənməmək barədə öhdəlik götürdülər, sonradan bu vədlərinə əməl etmədilər. Kilsələrdə vəziyyət həddindən artıq pisdir, tikilini təşkil edən materiallar, köhnə əşyalar və sair ləvazimatlar uçub-tökülüb. Kilsələrin durumu ürəkaçan deyil. O, təhsil nazirinə də göstəriş verdi ki, bu məsələ ilə bağlı bir sənəd hazırlasın. Ondan sonra katolikosun seçilməsi məsələsinə müdaxilə etdi. Paşinyan dedi ki, katolikosun namizədliyinin mənəvi keyfiyyətləri mütləq hökumətdə müzakirə olunmalı və seçilib-seçilməməsinə rəhbərlik qərar verməlidir. Bu, çox ciddi narazılıqla qarşılandı, Ermənistan daxilində və xaricində olanlar hökumət əleyhinə bəyanatlar verdilər. Ziddiyyətlər davam edir. Aydındır ki, bundan sonra münasibətlərin düzəlmə ehtimalı yoxdur...”