Ankarada “Ukrayna müqavimətində qadın və uşaqların səsi” adlı sənədli film nümayiş olunub. Proqrama qatılan ukraynalı uşaqları müalicə edən türkiyəli həkim, professor Hakan Ağır QHA-ya açıqlamasında deyib ki, Rusiyanın 24 fevral 2022-ci ildən bu yana Ukraynaya qarşı hərbi hücumları artıq dördüncü ildir Ukrayna xalqına, xüsusilə də qadın və uşaqlara ciddi təsir göstərir.
Hafta.az-ın yazdığına görə, bu çərçivədə Ukrayna-Rusiya müharibəsinin ukraynalı qadın və uşaqlara təsirlərinin öyrənilməsi lazım olduğunu qeyd edən Ağır, “Müharibə qadınların üzərinə çox ciddi yüklər qoydu.rtıq çox sayda qadına təkcə ana deyil, həm də ata olmaq, evə çörək gətirmək üçün pul qazanmaq lazımdır. Yaşadıqları vəziyyətin öhdəsindən gəlmək üçün uşaqlarına dəstək olmalıdırlar. Bunlar hər biri üçün asan olmayan şeylərdir. Onlar həqiqətən çox çətin həyat yaşayırlar", - deyib.
Ukrayna-Rusiya müharibəsi nəticəsində yaranan sağlamlıq problemlərinə də toxunan Ağır deyib ki, bunlara xəstəliklər, xərçənglər, travmalar, müharibə yaralanmaları da əlavə olunduqda ölkədə qadın və uşaq sağlamlığı ilə bağlı çox böyük problem yaranır. Onlar üçün görüləcək ən vacib şey təbii ki, maddi dəstəkdir.
Digər tərəfdən, o, bu dəstəyin necə yönəldilməsinin, eləcə də hazırkı maliyyə dəstəyinin də önəmli olduğunu vurğulayaraq deyib: “Qərbli dostlarımız ukraynalılarla və bizimlə oturub, tərəfləri bir araya gətirərək, prioritetləri müəyyən edərək, bunu necə dəyərləndirə biləcəyimiz üzərində mümkün qədər tez işə başlamalıdırlar. Çünki müharibə davam edərkən, onun nəticələri ortaya çıxır. Uşaqlarda yaşanan ağır psixoloji problemlər, qadınlarda yaşanan travmalar asanlıqla müalicə olunan problemlər deyil. Çox ciddi investisiyalar və yardım lazımdır”.