“Putin işğal planlarında ruslardakı tarixən formalaşmış köləlik xislətinə də güvənir...”

17:23 20.05.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Görəsən, hazırda Qərbin, Avropanın, ABŞ-ın təzyiqlərinə və iqtisadi, hərbi potensialı da tükənməsinə rəğmən Ukrayna ərazisinin işğalını davam etdirən Rusiya prezidenti Vladimir Putin hansı resurslarına arxalanıb keçmiş SSRİ sərhədlərində imperiyanı bərpa etməyi planlaşdırır? Bəlkə daha çox Rusiyanın postsovet ölkələrindəki, o cümlədən Azərbaycandakı “5-ci kalon” və agenturalarına güvənir?”

Bu sualla müraciət etdiyimiz Milli İstiqlal Partiyasının fəxri sədri, istiqlalçı depuatat Etibar Məmmədov hafta.az-a açıqlamasında bunları söyləyib:

“Bəli, bu da var. Yəni Putin, ümumiyyətlə, Rusiya rəhbərliyi, Kreml keçmiş sovet ölkələrindəki “5-ci kalon”lardan istifadəyə də meyillənib. Amma yalnız bu deyil. Bütövlükdə tarixən Rusiya əhalisi imperiya ruhunda tərbiyə olunub və Putin də həmin ənənəni davam etdirir. Torpaqların genişləndirilməsi və bunun hesabına guya xalqın rifah halının yaxşılaşdırılması və s. kimi nağıllarla əhalini sakitləşdirmək istəyir. Çünki ölkə daxilində vəziyyət çox pisdir.  Hazırda Rusiyanın işğal etdiyi torpaqların ərazisindən 5 dəfə çox böyük ərazisi var ki, orada, demək olar ki, əhali yaşamır. Amma öz yeraltı, yerüstü resurslarına və məhsuldarlığına görə həmin torpaqlar işğal edilmiş torpaqlardan heç də geri qalmırlar. Yəni öz əlində olan torpaqlardan istifadə edə bilməyən bir millət başqa qonşu millətin, dövlətin torpaqlarına göz dikir. Bu, rusların ümumi formalaşmış bir milli xüsusiyyətidir. “Ruslar” deyəndə yalnız etnik rus milləttindən olanları nəzərdə tutmuram. Bu, Rusiya ərazisində yaşayan bütün sakinlərin beyninə yeridilmiş bir xüsusiyyətdir. Yəni qonşunun yaxşı yaşaması onlarda sual yaradır ki, nəyə görə qonşu bizdən yaxşı yaşayır. Əksinə, fikirləşməkdən ki, mən daha çox, daha yaxşı işləməliyəm ki, vəziyyətimi, şəraitimi yaxşılaşdırım, deyirlər ki, gedək qonşunu əzək, onu da özümüzdən pis vəziyyətə salaq. Elə Ukraynanın işğalı da məhz bu xislətə əsaslanır.

Və Rusiya imperiyasındakı bu köləlik xisləti tarixən formalaşmış bir xüsusiyyətdir. 1861-ci ildə şar Rusiyasında təhkimçilik hüququ ləğv edilsə də, əslində sovet dövrünün xeyli hissəsini də insanların çoxu təhkimçi durumunda yaşayıb. Təsəvvür edirsiz, SSRİ-də kənd əhalisinə yalnız 1960-cı illərdə pasport verməyə başlayıblar. Şəhərlərə gələndə isə onlar yalnız xüsusi qaydada pasport ala bilirdilər. Yəni insanların, vətəndaşların sərbəst yerdəyişmə hüququ da yox idi. Xüsusi qeydiyyat rejimi var idi. Bir sözlə, Rusiya sakinlərində belə köləlik xüsusiyyətləri  hələ də qalır. Və Putin də imperiyanı keçmiş SSRİ ərazisi çərçivəsində genişləndirmək planında həm də bu xüsusiyyətə güvənir...”.