Rusiya prezidenti Vladimir Putinin müşaviri Anton Kobyakov Sovet İttifaqının "hələ də qanunla mövcud olduğunu" iddia edib.
Hafta.az-ın yazdığına görə, Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda çıxış edən Kobyakov, hətta Qərbdə də konstitusiya hüququ mütəxəssislərinin uzun müddətdir ki, bu fikri ifadə etdiyini söyləyərək, "Çünki Sovet İttifaqının dağılması prosesi hüquqi cəhətdən düzgün aparılmadı" deyib. Onun sözlərinə görə, 1922-ci ildə SSRİ-ni yaradan Xalq Deputatları Qurultayının qərarı olmasaydı, ləğvetmə qüvvədə olmazdı.
1991-ci il dekabrın 8-də imzalanan Bjelovejskaya müqavilələrinin hüquqi baxımdan çox qəribə olduğunu vurğulayan Kobyakov, “Bu sənədlər sonradan RSFSR, Ukrayna və Belarusun Ali Sovetləri tərəfindən təsdiqləndi, lakin bu qurumların belə səlahiyyətləri yox idi” deyib. Kobyakovun bəyanatı son illərdə SSRİ-nin dağılması ilə bağlı yenidən müzakirələr fonunda səslənib.
Vladimir Putin bundan əvvəl bir neçə dəfə Sovet İttifaqının dağılmasından kədərləndiyini bildirərək, hadisəni “XX əsrin ən böyük geosiyasi fəlakəti” kimi qiymətləndirmişdi.
Digər tərəfdən, Rusiya Ədliyyə Nazirliyi 2022-ci ildə “SSRİ vətəndaşları” hərəkatını ekstremist təşkilat kimi tanıyıb. Bu qrup Sovet İttifaqının hələ də qanuni olaraq mövcud olduğunu bildirir və müasir Rusiyanın qanunlarını, institutlarını və pasportlarını tanımaqdan imtina edir. Hərəkat 2019-cu ildən Komi Ali Məhkəməsinin qərarı ilə qadağan olunmuş təşkilatlar siyahısındadır.