Qarabağda erməni təxribatı – Müzakirə

10:36 10.03.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Son günlər Xocalı, Ağdam istiqamətlərində atəşkəs ciddi şəkildə pozulur. Erməni separatçıları atəşkəsi pozmaqla həmin ərazilərdə aparılan bərpa işlərinin qarşısını almağa çalışırlar. Belə bir məqamda Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən qəti tapşırıq verilib ki, istər sülhməramlıların olduğu ərazi, istərsə də sərhəddə baş verən təxribatlara dərhal və qeyd-şərtsiz cavab veriləcək. Ukrayna-Rusiya arasında baş verən indiki gərgin mərhələdə Qarabağda yaradılan gərginliyin əsas səbəbi nədir? Bu və digər suallar ətrafında “Həftə içi”nin “dəyirmi masa”sında müzakirələr aparan siyasətçi və hərbi ekspertlər bir həqiqətin üzərində dayandılar.

Aydın Quliyev, siyasi şərhçi:

- Ukrayna hadisələr fonunda eyni vaxtda Ermənistanın da bizim bölgədə fəallaşmaq cəhdləri müşahidə olunmaqdadır. Xüsusilə, həm Yuxarı Qarabağda qoşunların təmas xəttində, həm də sərhəddə vəziyyəti gərginləşdirmə halları müşahidə olunmaqdadır.  Bu təsadüfi deyil. Erməni qoşunları orada müəyyən istehkamlar qurur, möhkəmlənməyə cəhd göstərirlər. İmzalanmış sənədlər birmənalı şəkildə bölgədəki  qanunsuz erməni silahlılarının tam tərk-silah olunması və çıxarılmasını tələb edir. Buna baxmayaraq  ermənilər Qarabağda daha da möhkəmlənməyə cəhd göstərirlər.  Belə bir zamanda Rusiya Müdafiə Nazirliyinin olmayan “Dağlıq Qarabağ”dan  guya Ukraynaya yardımların göndərildiyi ilə bağlı təxribatçı informasiyaları da qəbuledilməzdir. Rusiya Ermənistanda özünün silahlı qüvvələrini, siyasi mövcudluğunu sürətlə artırmaqdadır.  Ukrayna hadisələrinə münasibətdə Azərbaycanın siyasi kursu Rusiyada müəyyən dairələrin xoşuna gəlmir. Azərbaycanın apardığı siyasət, Ukraynadakı hadisələri daha da qızışdırmamaq, oradakı prosesləri sülhə və təhlükəsizliyə daha çox yönləndirmək məqsədinə xidmət edən beynəlxalq hüquq normalarına uyğun siyasətdir. Bu, Rusiyanı təmin etmədiyinə görə Ermənistanda hərbi mövcudluğunu artırır. Açıq görünür ki, Rusiya Ermənistanda və Qarabağda özünün hərbi mövcudluğunu artırmaqla Ermənistanın və qondarma rejimin əli ilə Azərbaycanda təzyiqlər göstərmək planına malikdir. Belə bir şəraitdə Azərbaycan Müdafiə Nazirliyinə sərhədlərdə və təmas xətlərində təxribatların qarşısının alınması tapşırığının verilməsi şəraitə uyğun olan mövqedir.  Müdafiə Nazirliyinin bu tapşırığı lazımi səviyyədə icra edəcəyinə heç bir şübhə olmamalıdır.

Elxan Şıxəliyev, hərbi ekspert:

- Cəbhədə Ermənistanın qeyri-qanuni birləşmələri tərəfindən atəşkəsin mütəmadi olaraq pozulması hallarının artmasının siyasi və hərbi səbəbləri var. Ermənistan siyasi hakimiyyəti Rusiya-Ukrayna müharibəsinin fonunda vəziyyəti gərginləşdirmək istəyir. Əslində, rus sülhməramlılarının arxasında gizlənərək  bölmələrimizə atəş açırlarsa, bilirlər ki, bunun cavabı atəşlə veriləcək. Düşünürlər ki, qarşı tərəfdən atəşin açılması Rusiya sülhməramlılarına xəsarət yetirəcək və bu da Azərbaycan silahlı qüvvələri ilə münaqişəyə səbəb olacaq. Digər səbəb odur ki, üçtərəfli sazişə əsasən sülhün imzalanmasına dair danışıqlar gedir. Ermənistan tərəfindən sülh sazişinin imzalanmasına dair müsbət siqnallar gəlsə də, onlar ikili oyunlar oynayırlar, dedikləri ilə sahədə etdikləri üst-üstə düşmür. Rusiya sülhməramlılarının baş verənlərə ikili yanaşması  Ermənistan silahlı qüvvələrinin, Qarabağda yaşayan erməni silahlılarının ümidlərini artırır. Atəşkəsin pozulmasına məhz Rusiya sülhməramlıları səbəb yaradır. Artıq erməni separatçılarının özlərini bir siyasi qurum kimi göstərərək,  Rusiyanın silahlı qüvvələrinin Ukraynada olduğu bölgələrə yardım göstərmək istəyi, təbii ki, çox ciddi siyasi mesajdan ibarət idi.  Bunu siyasi, hərbi iradə olaraq qəbul etməyimiz mümkün deyil.  Ermənilər sahədə atdığı addımların nəticələrinə mütləq hazır olmalıdırlar. Atəşkəsin pozulması qarşı tərəfə istənilən cavabı vermək hüququnu özündə saxlayır.

Şair Ramaldanov, hərbi ekspert:

- Qarabağda, eləcə də sərhəddə müşahidə olunan atəşkəsin pozulması faktı regionda sülhün bərqərar edilməsi və üçtərəfli sazişin yerinə yetirilməsinə qarşı müəyyən xarici qüvvələrin hazırladığı təxribatla bağlıdır. Regionda böyük dövlətlərin də maraqları toqquşur və proses xarici ölkələrdəki erməni diasporalarının vasitəsilə həyata keçirilir. Azərbaycan müharibədə qalib gəlib, ərazi bütövlüyünü bərpa edib və bu, dünya dövlətləri tərəfindən tanınıb. Revanşist erməni qüvvələri - keçmiş erməni rəhbərliyinin Köçəryan, Sarkisyan klanı tərəfindən idarə olunur. Üçtərəfli bəyanata əsasən Rusiya sülhməramlı qüvvələri Azərbaycanda ermənilərin çox yaşadığı ərazilərdə yerləşiblər. Həmin sənədin 4-cü bəndi icra olunmayıb. 4-cü bənddə göstərildiyi kimi, erməni silahlıları tərk-silah edilib, ərazidən xaric edilməlidir. Üzərindən 1 il yarım vaxt keçsə də, bu tələb yerinə yetirilməyib. Separatçı rejim hələ də Qarabağda özünə lazım olan silahlı qüvvələri saxlayır. Sülhməramlıların yerləşdiyi ərazidə mövqe qurub xidmət aparırlar. Əlbəttə, bu qüvvələr tərksilah edilməyənə qədər Azərbaycana təhlükə yaradacaq. Qarabağda yerləşən separatçı rejimin rəhbəri beynəlxalq axtarışa verilsə də, bu gün də erməni silahlı qüvvələrinə rəhbərlik edir. Əlbəttə, rus sülhməramlı qüvvələri öz vəzifələrini yerinə yetirmədiklərindən, ermənilər bu şəraitdən istifadə edirlər. Separatçılar sülhməramlı qüvvələrlə Azərbaycan dövləti arasında soyuqluq yaratmağa çalışırlar. Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sazişi bağlanmaqla münasibətlər yeni mərhələyə daxil olub. Ermənilər bunu qəbul edə bilmirlər. Ukraynanın bu məsələlərə təsiri yoxdur. Azərbaycan dövləti məsələni ciddi qoymalıdır. İşğaldan azad olunan o ərazilərdə kənd təsərrüfatı işləri aparılır və orda insanlar üçün təhlükə yarana bilər. Bu məsələ rus sülhməramlıların qarşısında ciddi qoyulacaq. Sülhməramlılar ya 4-cü bəndi yerinə yetirəcək, ya da Azərbaycan öz ərazilərində antiterror əməliyyatı apararaq erməniləri tərksilah etməlidir.  Rusiya-Azərbaycan arasında münasibətlərin yüksəldiyi ərəfədə, yəqin ki, dövlətlər bu məsələdə ortaq məxrəcə gələcəklər. Bəlkə də məhz yaxın zamanlarda biz Rusiya sülhməramlları müvvəqqəti yerləşdiyi ərazilərdən  erməniləri tərksilah edilməsinin şahidi olacağıq. Müharibə zamanı ermənilər Azərbaycan Ordusuna qarşı döyüşmək üçün muzdlular gətirmişdilər. O muzdluların indiyə qədər harada olması barədə məlumat yoxdur. Ola bilsin, muzdlu dəstələr sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə məskunlaşıb, öz çirkin əməllərini törətməkdə davam edirlər. Onlar da aşkarlanmalı, tərk-silah edilməlidir. Azərbaycan Ordusu əməliyyat şəraitinə yetərli qədər nəzarət edir”.