Qaradağda “2 fevral – Azərbaycan gəncləri günü” münasibətilə yığıncağı keçirilib

16:40 31.01.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “2 fevral – Azərbaycan gəncləri günü” münasibətilə rayonun fəal gənclərinin yığıncağı keçirilib.

Hafta.az yazır ki, yığıncaqda Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin şöbə müdiri Gündüz Vəliyev iştirak edib. Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gülqoyma mərasimindən sonra musiqiçilərin müşayiəti ilə rayon gənclərinin nailiyyətlərini əks etdirən sərgiyə baxış keçirilib. Daha sonra toplantı öz işini Heydər Əliyev Mərkəzindəki Konfrans zalında davam etdirib.

Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov Dövlət Gənclər Siyasəti istiqamətində idarənin gördüyü işlər, “2 Fevral - Azərbaycan gənclər günü” münasibətilə keçirilmiş tədbirlər barədə qısa məlumat verib. Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin iştirakından danışaraq Azərbaycan gənclərini vahid təşkilat altında birləşdirmək, dövlət orqanlarının diqqətini gənclərlə bağlı problemlərə yönəltmək məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusilə vurğulanıb.

Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Azərbaycan gənclərinin beynəlxalq hərəkatdakı rolundan, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq məqsədilə xaricdəki azərbaycanlı diasporaların fəaliyyətindən danışıb. O, iri sənaye regionuna çevrilməkdə olan Qaradağ rayonundakı quruculuq və abadlıq işlərindən, yaxın gələcəkdə reallaşacaq irimiqyaslı layihələrdən danışaraq bu istiqamətdə gənclər üçün böyük perspektivlər açıldığını söyləyib. Bu ilin “Könüllülər ili” olduğunu diqqətə çatdıran T.İsmayılova gəncləri könüllülər hərəkatına qoşulmağa səsləyib.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin şöbə müdiri Gündüz Vəliyev dövlət orqanlarının diqqətini gənclərlə bağlı məsələlərə yönəltmək məqsədilə Prezident İlham Əliyevin həyata keçirdiyi sosial islahatlardan, o cümlədən 2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyasının, Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının qarşıya qoyduğu məsələlərdən söz açıb. Gənclər adından çıxış edən 112 saylı hərbi hissənin zabiti leytenant Orxan İsmayılov, Odlar Yurdu Universitetinin tələbəsi Günay Yusifova ölkədəki gənclər hərəkatına, idmana göstərilən diqqət və qayğıya, yaradılan hərtərəfli şəraitə görə Prezident İlham Əliyevə minnətdar olduqlarını bildiriblər.

Tədbirin sonunda gənclər sahəsi üzrə rayon, şəhər və ölkə birinciliklərinin qalibləri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclər rayon rəhbərliyi tərəfindən fəxri fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.