“Sülhməramlı olmaq sülh elçisi olmaq deməkdir. Bu, böyük şərəf və yüksək məsuliyyətdir - yalnız həqiqətən cəsur döyüşçülərin öhdəsindən gələ biləcəyi bir vəzifədir. Bilirsiniz ki, hazırda dünyada vəziyyət çox ağırdır, müxtəlif münaqişələr baş verir. Təəssüf ki, hər şeyi danışıqlar yolu ilə həll etmək mümkün deyil. Belə şəraitdə sülhməramlı qüvvələrin rolu artır”.
Hafta.az-ın yazdığına görə, bu sözləri Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə vermiş zabit və əsgərlərlə görüşdə deyib.
Prezident xatırladıb ki, 2014-cü ildən Qazaxıstan silahlı qüvvələri BMT-nin sülhməramlı əməliyyatlarına qatılıb və 80 vətəndaş hərbi müşahidəçi və qərargah zabiti kimi bir neçə missiyada iştirak edib. O cümlədən, BMT-nin xüsusi əməliyyatlarına 700-ə yaxın hərbçi cəlb edilib.

Qasım-Jomart Tokayev qeyd edib ki, heç də bütün ölkələr sülhməramlı qüvvələrin iştirakçısı ola bilmir. Onun sözlərinə görə, bu fürsət Qazaxıstan ordusuna ötən il daha bir tarixi addım atmağa imkan verib.
“Qazaxıstan ilk dəfə olaraq müstəqil şəkildə sülhməramlı missiyaları yerinə yetirdi. Colan təpələrində aparılan əməliyyat sayəsində BMT ilə əməkdaşlığımız keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Qazaxıstan tamhüquqlu sülhməramlı kontingenti olan ölkələr sırasına qoşulub. Biz Mərkəzi Asiyada bu sahədə böyük təcrübəyə malik ölkələrdən biriyik”, - dövlət başçısı deyib.
Ali Baş Komandan qeyd edib ki, hərbi kadrların mühüm tapşırıqları yerinə yetirmək üçün hazırlanması vəzifəsi diqqətəlayiqdir. Onun sözlərinə görə, qısa müddət ərzində döyüşçülərin hazırlanması və beynəlxalq standartlara cavab verən avadanlıqlarla təchiz olunması istiqamətində yüksək səviyyəli işlər aparılıb.
Prezident deyib: "Qazaxıstan ordusu ən mürəkkəb vəzifələri yerinə yetirməyə qadirdir. Suriyada münaqişənin həlledici məqamında siz praqmatik və qətiyyətli davrandınız və bununla da Qazaxıstan ordusunun yüksək peşəkarlıq səviyyəsini təsdiqlədiniz və bütün dünya qazax döyüşçülərin şücaətinin şahidi oldu. İndi biliklərinizi digər hərbi qulluqçulara ötürmək vacibdir”.

Bu gün 158 qazaxıstanlı Afrika və Yaxın Şərqdə sülhməramlı qüvvələrin tərkibində xidmət edir. Gələcəkdə BMT çərçivəsində digər missiyalarda da iştirak planlaşdırılır.
Sonra Qasım-Jomart Tokayev Colan Təpələrində BMT-nin sülhməramlı missiyasında iştirak etmiş hərbi qulluqçulara dövlət mükafatlarını təqdim edib.
Xatırladaq ki, Qazaxıstan sülhməramlılarının ilk dəstəsi Suriyadan qayıdıb.