Qazaxıstan Baş nazirinin müavini – Xarici işlər naziri Muxtar Tileyberdi səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovu qəbul edib.
Hafta.az-ın yazdığına görə, Qazaxıstanın XİN başçısı səfirin ikitərəfli siyasi, ticarət-iqtisadi və mədəni-humanitar münasibətlərin inkişafına verdiyi mühüm töhfələri qeyd edib. Bildirilib ki, Xəzər dənizinin dibi ilə optik-lifli rabitə xəttinin tikintisi ilə əlaqədar sazişin imzalanması, “Azərsun” logistika mərkəzinin və “Morport Aktau” ATZ ərazisində transformator zavodunun tikintisi, Mangistau vilayəti ərazisində plastik borular istehsal edən zavodunun işə salınması onun Qazaxıstanda 13 illik diplomatik fəaliyyəti zamanı həyata keçirilib.
Nazir M.Tileyberdi, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Fərmanına əsasən, Rəşad Məmmədova ikitərəfli münasibətlərin inkişafına verdiyi şəxsi töhfələrə görə 2-ci dərəcəli “Dostık” ordenini təqdim edib.