Bir neçə gündür ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür. Ölkənin bəzi rayonlarında qar yağıb, temperatur kəskin aşağı düşməsi müşahidə olunub. Yağan qar örtüyünün hündürlüyü Aran rayonlarında 2-17 sm, dağətəyi rayonlarda 5-29 sm, dağlıq ərazilərdə 15-43 sm olub.
Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq ucqar dağ yerlərində məktəblərdə dərslərin təxirə salınması nəzərdə tutulubmu?
Təhsil Nazirliyindən hafta.az-a bu barədə bildirdilər ki, hələ ki, belə bir qərar yoxdur: “Hava şəraiti qeyri-sabit keçsə də, dərslər ölkənin hər yerində davam edir. Dərslərin təxirə salınması ilə bağlı müzakirələr yoxdur. Bu gün də hava şəraiti əvvəlki günlərdən yaxşıdır”.
Qeyd edək ki, ölkə ərazisində güclü küləkli hava şəraiti davam edir.