Qohum uşağı övladlığa götürmək istəyənlərin işi asanlaşıb

12:27 13.04.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Mövcud qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində bu proses üzrə bəzi prosedurlar ləğv edilib

Azərbaycanda uşaqların qohumları tərəfindən övladlığa götürülməsi proseduru asanlaşdırılıb. Bu məsələ ötən həftə Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Mövcud qanunvericiliklə qohum dedikdə, bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları nəzərdə tutulur. Beləliklə, uşağı övladlığa götürmək istəyən qohumlara övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi, övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi, övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili, övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi kimi prosedurlar tətbiq olunmayacaq. Amma qohumlara münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən çox olmayan müddətdə övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması proseduru isə qüvvədə qalır.

Yeri gəlmişkən, son illər ölkəmizdə övladlığagötürmə ilə bağlı prosedurlar əhəmiyyətli dərəcədə asanlaşdırılıb. Belə ki, Prezidentin 2018-ci ildə “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı Fərmana əsasən Ailə Məcəlləsinin övladlığa götürmə ilə bağlı müddəaları təkmilləşdirilib və bu sahədə xidmətlərin aparılması üçün elektron idarəetmə sistemi yaradılıb. Valideyn-namizədlərin övladlığa götürmə ilə bağlı müraciəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Övladlığagötürmə ilə bağlı elektron qaydada müraciət edilməsi üçün valideyn-namizəd ilk növbədə notariat orqanında müvafiq ərizə formasını doldurur. Bundan sonra valideyn-namizəd “ASAN Login”lə alstistemdə qeydiyyatdan keçir və altsistemdə müraciət anketini doldurur.

Bu müraciət altsistem tərəfindən qəbul edilir və aidiyyəti qurumların informasiya resurslarına inteqrasiya şəraitində həmin anket məlumatları araşdırılaraq yoxlanılır.

Növbəti mərhələdə Nazirliyin DOST Agentliyinin övladlığagötürmə üzrə departamenti müraciəti qəbul edir. Məlumatlar yoxlanıldıqdan sonra valideyn-namizədin müraciəti qeydə alınır. Övladlığagötürmə tələblərinə uyğunluq olmadığı təqdirdə isə müraciətə imtina verilir. Müraciətin statusu ilə bağlı valideyn-namizədin şəxsi kabinetinə müvafiq məzmunda bildiriş göndərilir.

Mövcud prosedurlara gəlincə, övladlığa uşaq götürmək istəyən şəxs və ya şəxslər övladlığa götürməklə bağlı ərizəni ya mərkəzlərdən birinə müraciət etməklə, ya da elektron şəkildə təqdim etməlidirlər. Onlayn sistemdə anket doldurmalı və uşaq övladlığa götürmək hüququnuz olub olmadığını öyrənməlisiniz. Cinsiniz, yaşınız, ailə vəziyyətiniz, mənzil şəraitiniz (kvadrat metrlərin sayı), aylıq əmək haqqınız, uşaqların sayı, sağlamlığınızın vəziyyəti göstərilməlidir, həmçinin valideynlik hüququndan məhrum olub-olmamağınız da bildirilməlidir. Övladlığa götürən şəxslə bir yerdə yaşayan bütün ailə üzvləri notarius tərəfindən təsdiqlənmiş yazılı razılığını verməlidir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, əmək qabiliyyəti olmayan şəxslərin, məhdud əmək qabiliyyətli şəxslərin, valideynlik hüququndan məhrum olan valideynlərin, qəyyum vəzifəsindən azad edilmiş vətəndaşların, məhkum olunmuş vətəndaşların və sağlamlıqları ilə əlaqədar uşağa lazımi qayğını göstərə bilməyən şəxslərin şəxslərin övladlığa uşaq götürmək hüququ yoxdur. Həmçinin qəyyum ola biləcək şəxsin yaşı və ailə vəziyyəti də əhəmiyyətli rol oynayır. Belə ki, evli qəyyum üçün minimum yaş həddi 25, evli olmayan üçünsə minimum yaş həddi 30 təyin olunur. Bundan başqa, övladlığa götürən şəxs evli deyilsə, övladlığa götürdüyü uşaqla onun arasındakı yaş fərqi ən azı 16 olmalıdır. Məhkəmə tərəfindən üzrlü hesab edilən bir səbəb varsa, yaş fərqi azaldıla bilər.

Təbii ki, övladlığagötürmə ilə bağlı mövcu sistem övladlığa götürmə hüququnuzun olduğunu təsdiqləyərsə, sosial işçilərlə birbaşa təmas mərhələsinə keçə bilərsiniz. Birincisi, övladlığa götürən şəxs müsahibədən keçməli və nə üçün uşaq övladlığa götürmək istədiyini izah etməlidir. İkincisi, sosial işçilər qəyyumun yaşayış şəraitinin övladlığa götürmə üçün uyğun olub-olmadığını yoxlayır və hər iki tərəfin imzalamalı olduğu akt tərtib edirlər. Növbəti mərhələ həftədə üç saatdan çox olmayan təlimlər mərhələisidir. Bu təlimlər çərçivəsində uşaqla ünsiyyət qurma prosesində rastlaşa biləcəyiniz psixoloji məqamlar və çətinliklər müzakirə olunur. Təlimlər başa çatdıqdan sonra övladlığa götürəcək şəxs imtahan verir və qiymətləndirilir. Bundan sonra uşaq seçimi mərhələsi başlayır və övladlığa götürən şəxsin də, övladlığa götürülən uşağın da cins, yaş və dillə bağlı istəkləri nəzərə alınır. Bu prosedur elektron şəkildə də həyata keçirilə bilər. Yəni, namizəd tərəf anket doldurur, sistem isə namizədin istədiyi uşağı övladlığa götürə bilib-bilməyəcəyi haqqında məlumat verir.  Bütün xüsusiyyətlər üst-üstə düşürsə, neytral ərazidə görüş vaxtı təyin olunur. Qəyyumla uşağın təması (həftədə 40 saatdan çox olmayaraq) yaranan münasibəti qiymətləndirən sosial işçilərin nəzarəti altında baş verir.

Növbəti mərhələ isə ilkin yerləşdirmə mərhələsidir. Bütün sınaqlardan müvəffəqiyyətlə keçən qəyyum uşağı üç ay müddətinə öz evinə aparır. Burada da sosial işçilər tərəfindən müşahidə aparılır: birinci həftə ərzində onlar ailəyə üç, daha sonrakı həftələrin hər birində isə bir dəfə baş çəkir. Uşağın uyğunlaşması yaxşı keçdiyi halda, bütün lazımi sənədlər məhkəməyə göndərilir. Məhkəmədə övladlığa götürmə barədə işə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş xüsusi icraat qaydasında baxılır. Valideyn hüquqları qüvvəyə mindikdə yeni ata və ya ana uşağın adını və soyadını, doğum yerini və tarixini dəyişdirə bilər. Bununla yanaşı, yadda saxlanılmalıdır ki, övladlığa götürülmüş uşaq 16 yaşınadək rübdə bir dəfə onun vəziyyətini, yaşayış şəraitini və qohumlarla münasibətini yoxlayacaq sosial işçilərin nəzarəti altında olacaq. Əgər valideynlər vəzifələrini yerinə yetirməzsə, valideyn hüquqlarından sui istifadə edərsə, uşağa şiddət tətbiq olunarsa, valideyn xroniki əyyaş və ya narkomandırsa, övladlığa götürmə ləğv ediləcək. Eyni zamanda, bu proseduru ləğv etmək üçün uşağın öz istəyi də kifayətdir.

Qeyd edək ki, Azərbaycanda övladlığagötürmə ilə bağlı yeni sistem işə düşəndən, yəni, 01.11.2019-cu il tarixindən sonra ümumilikdə 32 uşaq övladlığa verilib, onlardan 21-i yaxın qohumlar tərəfindən övladlığagötürmə halıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən verilən məlumata görə, bu müddət ərzində yaxın qohumlar tərəfindən övladlığagötürmə üzrə müraciətlər ümumi müraciətinin 35 faizini təşkil edib.

Məsələyə münasibət bildirən sosioloq, professor Əhməd Qəşəmoğlu deyib ki, övladlığagötürmə ilə bağlı yaradılan mexanizmin böyük faydası olacaq.

“Təbii ki, övladlığa uşaq götürmək istəyənlərin test edilməsi, onların hərtərəfli yoxlanılması müsbət nəticə verəcək. Bu şəxslərin yalnız psixoloji vəziyyəti, sağlamlığı deyil, eyni zamanda, onların sosial vəziyyəti, yaşadığı şərait də yoxlanır. Bu olduqca əhəmiyyətli məsələdir. Kimsə övladlığa uşaq götürmək istəyirsə və buna onun sağlamlığı, psixi vəziyyəti imkan verirsə, lakin maddi vəziyyəti, şəraiti imkan vermirsə, bu halda onlar övlad götürə bilməyəcəklər. Çünki övladlığa götürülən uşaq hərtərəfli təmin edilməlidir. Uşaqlar onlardan bütün mənalarda valideynlik qayğısı görməlidirlər. Ölkəmizdə övladlığagötürmə ilə bağlı əvvəllər bir sıra problemlərin mövcud idi. Bəzi imkanlı adamlar gedib uşaq evlərinin rəhbərləri ilə danışıb, rüşvət müqabilində uşaqları övladlığa götürürdülər. Bu da övladlığa götürülən müəyyən uşaqlar üçün elə də asan olmurdu. Onların istismar edilməsi, incidilməsi kimi hallar da vardı. Bilirsiniz ki, belə uşaqlar yeni valideynlərinin dözülməz münasibətindən bezərək evdən qaçıb yenidən internata qayıdırdılar. Güman edirəm ki, yeni mexanizm bütün bu problemlərin aradan qalxmasına səbəb olacaq. Uşaqlar o adamlara övladlığa verilməlidir ki, doğrudan da onlarda valideynlik hissi olsun”.

Oxunma sayı 990