Rəşad Bayramov: “Müstəqil xarici siyasət yürütmək hər ölkənin imkanında olan bir şey deyil”

16:26 26.05.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan uzun müddətdir ki, dostlara, düşmənlərə müstəqil siyasət yeritdiyini və ölkənin maraqları, beynəlxalq hüquq normalarına uyğun ədalətli mövqe ortaya qoyduğunu sübut edib. Azərbaycan onu da sübut edib ki, heç bir halda təzyiqlərə boyun əymək fikrində deyil. Bunu Bayden hakimiyyətinə, Avropanın ayrı-ayrı institutlarına, Avropa İttifaqına, o cümlədən rəsmi Moskvaya da sübut etmişik”.

Bunu hafta.az-a politoloq Rəşad Bayramov Ukrayna xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri, eləcə də Azərbaycanın Ukraynaya dəstəyi fonunda ikitərəfli münasibətləri şərh edərkən bildirib.

R.Bayramov qeyd edib ki, mövcud beynəlxalq münasibətlər sistemində heç nəyə baxmayaraq müstəqil xarici siyasət kursu yürütmək hər ölkənin imkanında olan bir şey deyil.  Xüsusən də, bu, Azərbaycan kimi müxtəlif istiqamətlərdən təzyiq və təsirlərlə üzləşən ölkə üçün çox çətindir.

“Ukrayna-Rusiya müharibəsinin ilk günüdən Ukraynanın ərazi bütövlüyünə dəstəyi bəyan edərək, bunu beynəlxalq tədbirlərdə ifadə etmişik. Azərbaycan müharibənin ilk günlərindən Ukraynaya dəstəyini ifadə edərək 40 milyon dollardan artıq humanitar dəstək göstərib, bundan sonra da bu dəstəyi göstərəcəyinə şübhə yoxdur. Azərbaycan uzun illər ərzində separatizmdən əziyyət çəkən, ərazisi hərbi təcavüzə uğramış ölkədir və bu baxımdan Ukraynanın düşdüyü vəziyyəti yaxşı dəyərləndirmək imkanına malikdir. Ona görə də Ukrayna xarici işlər nazirinin Azərbaycana səfər edərək  ölkəsinin ərazi bütövlüyü, suverenliyini dəstəklədiyinə və verilən humanitar yardıma görə təşəkkürünü bildirməsi tamamilə başadüşüləndir. Azərbaycan tərəfinin bundan sonra Ukraynaya dəstəyini bildirəcəyi ilə bağlı bəyanatları, kimlərin nə düşünməsindən,  Azərbaycana qarşı hansı mövqe sərgiləməsindən asılı olmayaraq Azərbaycanın müstəqil xarici siyasət yürütməkdə davam etdirəcəyinin mesajı, bariz sübutudur”.