Rusiya rəhbərliyi həm rəsmilər, həmçinin bu ölkədə yaşayan nüfuzlu, varlı erməni oliqarxları vasitəsilə Ermənistanı Avropa Birliyi(AB) ilə inteqrasiyaya gedib Avrasiya İqtisadi İttifaqından(Aİİ) uzaqlaşacağı təqdirdə əhalinin böyük çətinliklərlə üzələşəcəyi ilə hədələməkdə davam edir.
“Keçən il Ermənistanla ticarət dövriyyəmiz 12 milyard dollara yaxın olub və əhəmiyyətli artım nümayiş etdirib...” “Bizim Ermənistanın maraqlarını pozmaq planımız yoxdur və ola da bilməz”.
Hafta.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, bunları Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində deyib və əlavə edib ki, Ermənistan Rusiyanın müttəfiqi və strateji tərəfdaşıdır.
“Bizi Gürcüstan kimi onlarla çoxəsrlik ümumi tarix, Böyük Vətən müharibəsində qazanılan ümumi Qələbə bağlayır, ümid edirəm ki, mayın 9-da 80 illiyini birlikdə qeyd edəcəyik”.
Fakt budur ki, AB və Aİİ-yə eyni vaxtda qoşulmaq obyektiv olaraq qeyri-mümkündür, çünki bu ittifaqların müxtəlif gömrük və tarif qaydaları var. Onlar mahiyyətcə fərqli iqtisadi bloklardır. Müvafiq olaraq, bizim erməni tərəfdaşlarımız, yəqin ki, müəyyən məqamda hansı istiqamətə getdiklərini qərar verməli olacaqlar: Avropa Birliyinə inteqrasiya və ya Aİİ vasitəsilə Avrasiya inteqrasiyasında iştirakın davam etdirilməsi. Bu iştirak Ermənistan əhalisinə aşkar fayda gətirir. Və bu, ilk növbədə, Ermənistanın ÜDM artımı üçün çox əhəmiyyətli rəqəmlərlə ifadə olunur. Son bir ildə bu, təxminən 6% təşkil edib.
Digər tərəfdən, indiki mərhələdə Ermənistan və digər ölkələr üçün Avropa Birliyi nədir? Bu, qeyri-müəyyən giriş perspektivi olan tələblər və meyarlar toplusudur. Əgər Ermənistan Avropanın seçdiyi yolla getsə, bu, obyektiv olaraq İrəvanın Aİİ-dəki tərəfdaşları ilə hazırda mövcud olan iqtisadi münasibətlərə yenidən baxılmasına gətirib çıxaracaq. Çox güman ki, bu, təəssüf ki, Ermənistan əhalisi üçün də olmaqla, kifayət qədər ağrılı proses olacaq. Ölkə rəhbərliyinin Aİİ-dən çıxmaqla nəyi itirə biləcəyini, Avropa İttifaqına daxil olmaqla əslində nə qazana biləcəyini öz əhalisinə izah edəcəyini güman etmək məntiqlidir”, - Qaluzin bildirib.
“Bu gün Rusiya Ermənistan iqtisadiyyatını enerji resursları ilə təmin edən əsas ölkədir. Qaz və neft məhsulları sabit və qurulmuş boru kəmərləri vasitəsilə Ermənistan üçün əlverişli şərtlərlə verilir. Əgər Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxsa, qiymətlərin və tədarükü tənzimləyən vahid mexanizmlər fəaliyyətini dayandıracaq, bu da qazın, neft məhsullarının, elektrik enerjisinin qiymətlərinin qalxması deməkdir.
Bu barədə isə Moskvada Ermənistan İş Adamları Assosiasiyasının təşkil etdiyi biznes forum zamanı “Taşir” Şirkətlər Qrupunun prezidenti və Ermənistan İş Adamları Assosiasiyasının prezidenti Samvel Karapetyan danışıb.
“Ermənistanın bütün iqtisadiyyatı ciddi zərbə ala bilər ki, bu da iqtisadiyyatın ayrı-ayrı sahələrinin iflic olmasına və ölkənin iqtisadi sisteminin sabitliyinin pozulmasına gətirib çıxara bilər...Təhlükəsizliyə xələl gətirə biləcək istənilən addım qısamüddətli siyasi hesablamalara deyil, real milli maraqlara əsaslanaraq diqqətlə nəzərdən keçirilməlidir”,- erməni əsilli Rusiya oliqarxı qeyd edib.