Rusiyadan Avropaya boru kəməri ilə qaz nəqlinin yenidən başlaması çətin olacaq. Bu barədə yazan “Bloomberg” qeyd edir ki, Avropa İttifaqı 2027-ci ilə qədər Rusiyanın enerji mənbələrindən tam müstəqil olmağı hədəflədiyi üçün bu proses asan olmayacaq.
Hafta.az-ın yazdığına görə, 2022-ci ilə qədər Avropanın təbii qaz idxalının 40 faizini Rusiya təmin edirdi. Lakin 2024-cü ildə bu nisbət 14 faizə düşüb. Hazırda işlək vəziyyətdə qalan yeganə xətt “Türk axını”dır ki, bu xətt vasitəsilə qaz Türkiyə və Qara dəniz vasitəsilə Macarıstan, Serbiya və Slovakiyaya ötürülür.
“Şimal axını” boru kəməri təxribat nəticəsində dəyən ziyana görə üç ildən artıqdır ki, təmir olunmur və onun təmirinə nə qədər vaxt lazım olacağı bəlli deyil. Bundan əlavə, Almaniya boru kəmərlərinin təkrar istifadəsi üçün lazımi icazələri vermir.
“Yamal-Avropa” boru kəmərinin yenidən işə düşməsi üçün Polşanın razılığı lazımdır, lakin Varşava Rusiya qazının idxalına qəti şəkildə qarşıdır.
“Bloomberg” bildirir ki, ən asan variant Ukrayna ərazisindən tranziti bərpa etməkdir. Lakin “Qazprom”la “Naftoqaz” arasında tranzit müqaviləsi dekabrın 31-də başa çatıb və indiyədək yeni saziş bağlanmayıb. Ukraynadan keçən qaz axını Avropanın ümumi tələbatının 5 faizdən azını ödəyirdi. Bu marşrut Rusiya və Ukrayna üçün iqtisadi fayda gətirə bilərdi, lakin iki ölkə arasında danışıqlar tarixən çətin və uzun sürdü.
Bundan əlavə, Avropadakı bir çox şirkət Rusiyanın enerji təchizatçıları ilə əlaqələri kəsib. Almaniyanın Uniper SE və Avstriyanın OMV AG şirkətləri Qazprom-la uzunmüddətli müqavilələrini ləğv ediblər. İtaliyanın Eni SpA və Fransanın Engie SA şirkətləri 2022-ci ildə kəsilən qaz tədarüklərinə görə Qazprom-a qarşı təzminat iddiaları qaldırıb.
Bəzi bazar analitikləri hərbi əməliyyatların başa çatmasından sonra Rusiya qazının Avropaya təkrar axınının arta biləcəyini düşünürlər. Lakin əksər ekspertlər bu qayıdışın məhdud olacağını proqnozlaşdırırlar.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin demişdi ki, Moskva və Vaşinqton enerji məsələsində razılığa gələrsə, Avropaya qaz nəqli yenidən başlaya bilər. Putin Avropanın ucuz rus qazından faydalanacağını bəyan edib.