“Rusiya şəhərlərinə birbaşa uçuşların başlayacağına ümid edirik” – Ersin Tatar

09:23 15.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar Ercan hava limanı ilə Rusiya hava limanları arasında birbaşa uçuşların başlayacağına ümid etdiklərini açıqlayıb. Tatar Şimali Kiprdə yaşayan təxminən 25-30 min Rusiya vətəndaşının olmasına diqqət çəkərək, birbaşa uçuşların həmin insanlar üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Hafta.az-ın yazdığına görə, Tatar, 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya mediasına verdiyi müsahibədə hazırda Türkiyənin bir çox şəhərindən Ercan Hava Limanına birbaşa uçuşlar olduğunu xatırladaraq, "Niyə Moskvadan da təyyarələr gəlməsin?" deyə sorğu edib.

"Çikaqo Konvensiyasına görə, tanınmayan ölkələrin hava limanlarına birbaşa eniş qadağandır, lakin Türkiyədən uçan təyyarələr Moskvadan da uça bilər. Burada çox sayda rus yaşayır, övladları bizim məktəblərə gedir, cəmiyyətin bir hissəsinə çevriliblər. Hazırda Moskvadan gələn sərnişinlər əvvəlcə İstanbula, ya da Antalyaya enir, sonra isə transfer edirlər. Bu isə əlavə xərc və vaxt tələb edir", - Tatar bildirib.

Tatar Cənubi Kipr rəhbərliyinin bu mövzuda danışıqlara mane olduğuna da diqqət çəkib. O bildirib ki, bu cür maneələr Şimali Kiprdə yaşayan xarici icmaların həyatını çətinləşdirir.

KKTC rəhbəri, əvvəlki açıqlamasında Rusiya ilə Türkiyə arasında sıx hava trafikinə diqqət çəkərək, "Rusiyanın Moskvadan Ercana birbaşa uçuşları qəbul edəcəyinə inanıram" demişdi. O, adlarını açıqlamadığı iki Rusiya aviaşirkətindən birbaşa uçuşlar təşkil etmək üçün müraciət aldıqlarını söyləyib. "Bu şirkətlər və ya başqaları birbaşa səfər tələb edə bilər. Mən bunu təsdiqləməyə hazıram, çünki bu, bütün tərəflərin marağında olacaq", - deyə o, bu məsələdə açıq olduğunu vurğulayıb.