Rusiyada cinayət hallarının ən çox qeydə alındığı bölgələr

09:32 18.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, ölkədə cinayət nisbətləri bu ilin ilk 7 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz azalıb.

Hafta.az-ın "Kommersant" qəzetinə istinadən yazdığına görə, ötən il Rusiyada cinayətin ən çox işləndiyi yerlər Amur, Yəhudi Muxtar Vilayəti, Baykalətrafı bölgəsi və Tuva Respublikası olub. Bildirilir ki, bu bölgələrin ortaq cəhətləri yaşayış səviyyəsinin aşağı, miqrasiya nisbətlərinin yüksək olmasıdır.

Bu məlumatlara görə, Tuva Rusiyada həyat üçün ən təhlükəli yerlərdən biridir. Bölgədə hər 100 min nəfərə düşən qətl qurbanlarının sayı 20 nəfərdir. Bu rəqəm bəzi Latın Amerikası ölkələri ilə eyni səviyyədədir.

Müqayisə üçün xatırladaq ki, Rusiyada hər 100 min insandan dördü qətl nəticəsində ölür.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi 2022-ci ildə ölkədə ən çox artan cinayətlərdən biridir. Bu sahədə bir il ərzində açılan cinayətlərin sayı 4500-dən 7800-ə yüksəlib.

Ukraynaya qarşı hərbi təcavüzün davam etdiyi bölgələrə yaxın yerlərdə qətllərin sayının daha çox artdığı qeyd edilir.

2021-2022-ci illərdə Belqradda qətllərin sayı 96 faiz artaraq 102-yə çatıb.

Rusiyada immiqrantlar tərəfindən törədilən qətllərin sayı da bir il ərzində 247-dən 291-ə yüksəlib.