Rusiyadan, Ukraynadan köç başladı – Azərbaycan bu sosial yükə hazırdırmı?

10:33 10.03.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Rusiya-Ukrayna arasında gərginlik hər keçən gün daha da artır. İki ölkə arasında davam edən müharibə nəticəsində ukraynalılarla yanaşı, bu ölkədə yaşayan digər xalqlar, o cümlədən azərbaycanlılar da Ukraynanı tərk etmək məcburiyyətində qalıblar. Son rəsmi məlumata görə, artıq Azərbaycana 4375 nəfər təxliyə edilib.

Onların arasında çarter reysləri ilə təxliyə edilənlər 2298 nəfər, quru yolu ilə isə 2077 nəfər təşkil edib. Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən əksəriyyəti Rumıniyanın Yassi şəhərindən olmaqla, Rumıniya və Polşa ərazisindən indiyədək 12 çarter reysi təşkil olunub. Digər bir tərəfdən, Ukrayna qarşı təcavüzlə əlaqədər dünya ölkələri Rusiya qarşı ciddi sanksiyalar tətbiq etməkdədirlər. Artıq bu sanksiyaların bəziləri qüvvəyə minib ki, bunun da Rusiya iqtisadiyyatında ciddi çöküşlərə səbəb olacağı proqnozlaşdırılır. Bu da o deməkdir ki, proses qonşu ölkədə yaşayan həmvətənlərimiz işinə də təsirsiz ötüşməyəcək və işini itirən soydaşlarımız geriyə qayıtmaq məcburyyətində qalacaqlar.

Bəs, görəsən, Rusiya -Ukrayna arasında vəziyyətin gərginləşməsinin Azərbaycan üçün sosial yükü nə qədər olacaq? Təxminən ölkəyə nə qədər insan qayıda bilər? Həmin şəxslərin işlə təminatı məsələsi necə həll olumalıdır? Bu insanların  yaşadıqları şəhərlərə təkar qayıtması ehtimalı nə qədərdir?

5-6 milyard manat risk altında

Mövzunu hafta.az-a şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, hər iki ölkədən Azərbaycana kifayət qədər miiqrant qayıdacaq: “İlk öncə deyim ki, artıq Rusiyaya qarşı sanksiyaların təsirini Azərbaycan hiss etməyə başlayıb. Rusiya banklarının SWIFT-dən çıxarılmasına görə qarşılıqlı əməliyyatlarda çətinliklər ortaya çıxacaq. Ümumyyətlə, Statistika Komitəsinin məlumatlarına baxmış olsaq, son 30 ildə Azərbaycandan daimi yaşamaq üçün gedən hər 100 vətəndaşdan 70-i Rusiya və Ukraynanı seçib. Düzdür, burada Rusiyanın payı daha çoxdur və təxminən 280 min nəfər bu ölkəyə gedib. Amma nəzərə almaq lazımdır ki, Ukraynada da kifayət qədər azərbaycanlı var. Alternativ hesablamalara görə, Ukraynada 500 min, Rusiyada 2,5 milyon azərbaycanlı yaşayır. Yəni, bu problem təqribən 2 milyon azərbaycanlının həyat tərzinə öz təsiri göstərəcəkdir.  Ukyarnadan təhlükəsizlik məsələləri ilə bağlı miqrasiya daha sürətli baş verəcək. Rusiyadan isə artıq orta və uzunmüddətli dövrdə geri dönüş prosesi başlayacaqdır. Bu, 2014-cü il təcrübəsində də özünü göstərdi. Krımla bağlı Rusiyaya tətbiq olunan sanksiyalar bu ölkədə iqtisadiyyatın geriləməsinə və bu fonda həmvətənlərimizin Rusiyadan, Ukraynadan geri qayıdışına səbəb olmuşdu. Burada digər bir məqam da var. Mərkəzi Bankın məlumatına görə, ölkə əhalisinin əhəmiyyətli hissəsinin aylıq büdcə gəlirlərinin formalaşmasında remitenslərin ciddi rolu vardır. Belə ki, miqrantlar öz ailələrinə, yaxınlarına pul göndərirlər. Bu məbləğ indiki halda təxminən 1 milyard dollar civarındadır. Yəni, ölkəyə təqribən 1,7 milyard manat həcmində remitensi gəlir. Ancaq alternativ hesablar göstərir ki, təkcə Rusiyadan Azərbaycana fərqli kanallarla 3 milyard dollar pul daxil olur. Biz təxminən bu gün yalnız iki ölkədən 5-6 milyard manat arasında ölkəyə remitenslərin risk altında olduğunu deyə blərik. Bu da əhalinin ötən il üzrə gəlirləri ilə müqayisə aparmış olsaq, 10-11 faizinə bərabər həcmində bir göstəricidir. Əhalinin cəmi gəlirləri 54 milyard manat olub və bunun nə qədər hissəsinin kəsiləcəyini demək çox çətindir. Lakin böyük ehtimalla ən azı 1/3-i azalacaq. Rusiyada böyük ehtimalla bundan sonrakı proseslər bu ölkənin iqtisadiyyatının əhəmyyətli dərəcədə azalmasına gətirib çıxaracaq. Bunun da Azərbaycana ciddi fəsadları olacaq. Bu fəsadları regionlar aspektindən təhlil etmiş olsaq görərik ki, Lənkəran və Gəncə-Qazax iqtisadi rayonları remitenslərdən daha çox asılıdır. Lənkəranda ailə büdcəsinin hər 100 manatından təxmnən 15-18 manatı, Gəncə-Qazaxda 10-12manatı remitenslərdən formalaşır. Ona görə də bu bölgələr daha sərt şəkildə təsirlənəcəklər. Pullar azalacaq, əhalinin alıcılıq gücü aşağı düşəcək, dolayısı ilə yoxsullaşma riski artacaq. Bəzi bölgələr isə bu prosesdən daha az təsirlənəcək. Məsələn, Dağlıq-Şirvan ərazisi. Bu iqtisadi rayonda əhalinin gəlirlərində remitenslərin payı heç 1 faizə də çatmır. Eyni zamanda, bura qayıdanların əmək bazarında yaradacağı əlavə yük də nəzərə alınmalıdır. İndiki iqtisadi şərtlər daxilində əmək bazarında təzyiqləri artıracaq. Bu işsizliyin və bazarda təşvişdən doğan ümumi əməkhaqqı səviyyəsinin aşağı düşməsinə səbəb olacaq. Müharibə uzun çəksə təsirləri pandemiyanın təsirlərindən belə çox olacaq”.

Mövcud vəziyyət hökumət qarşısında ciddi çağrışlar formalaşdırır

Ölkəyə gələn miqrantların geri qayıtma ehtimalına gəlincə, ekspert vurğulayıb ki, bu proses müharibənin nə qədər davam edəcəyindən asılı olacaq: “ 2014-cü ildə Rusiyaya tətbiq olunan sanksiyalar nəticəsində geri qayıdan soydaşlarımızın təcrübəsi göstərir ki, onlar Azərbaycana gəlsələr də, çoxları buradakı mühitə uyğunlaşa bilmədilər. Onlar fərqli siyasi və biznes mühitindən Azərbaycan bazarına daxil olmuşdular. Bu baxımdan da onların böyük əksəriyyəti ya geri qayıtdı, ya da geri qayıtmağa cəhd göstərdi. İndiki şərait daha fərqlidir və Ukraynada müharibənin nə vaxta kimi davam edəcəyini proqnozlaşdırmaq çox çətindir. Eyni zamanda, Rusiya iqtisadiyyatına qarşı sanksiyalar daha geniş miqyaslı və uzunmüddətli hədəflərə hesablanmış sanksiyalardır. Rusiyanın özü çətinə düşdükcə miqrantlara qarşı aqressiya, təzyiq da artacaq. Bu hökumətin mövqeyində də əks olunacaqdır və hökümət də hansısa formada miqrantlara qarşı daha sərt addımlar atacaqdır. İndiki halda bütün bunlar böyük ehtimalla reallaşması gözlənilən tendensiyalardır. Bu proses xeyli müddət davam edəcəkdir ki, nəticə etibarilə bu da hökümət qarşısında ciddi çağırışlar formalaşdırır”.

şğulluqla bağlı problemlər daha da gərginləşəcək

Məsələ ilə bağlı hafta.az-la fikirlərini bölüşən iqtisadçı-ekspert Xalid Kərimli deyib ki, Ukraynada 200 minə yaxın soydaşımızın yaşadığı bildirilir: “Əslində mövcud vəziyyətlə əlaqədar onlardan neçə nəfərinin ölkəmizə qayıdacağını proqnozlaşdırmaq çətindir. Biz ancaq ehtimallardan danışa bilərik. Bu məsələdə çoxlu qeyri-müəyyənliklər var. Təxminən on minlərlə insan geri qayıda bilər. Mən inanmıram ki, bu say yüz minlərlə olsun. Burada iki məsələ var. Ukraynadan geri qayıdan azərbaycanlıların bir çoxu sosial cəhətdən zəif əhali qrupuna aiddir. Onların çoxu fəhlələrdir, günəmuzd işləyən insanlardır. Rusiya Ukraynadan imkanlar baxımından daha geniş, varlı ölkədir. Ukraynadan gələnlər sadəcə canlarını götürüb qaçırlar, onların əllərində ciddi vəsait yoxdur. Təbii ki, bu ölkədən geri qayıdanlar Azərbaycan üçün müəyyən sosial yük yaradacaqlar. Digər tərəfdən, Azərbaycanda birdən-birə minlərlə iş yerinin yaradılması imkanları məhduddur. Ukraynadan gələnlərdən fərqli olaraq Rusiyada yaşayan soydaşlarımız problemləri fərqlidir. Yəni, Rusiyada hələ ki, təhlükəsizliklə bağlı problem yoxdur. Soydaşlarımız sadəcə iş yerlərini, bizneslərini qorumaq istəyirlər ki, qərbin sanksyaları altına düşməsinlər. Artıq onlar qərb tərəfdaşları ilə əməkdaşlıq etməkdə çətinlik çəkirlər. Bu da ona gətirib çıxaracaq ki, ölkəmizə axın olacaq. Rusiyadan geri qayıdanlar daha çox imkanlı təbəqə, iş adamları ola bilər. Onlar da öz biznesləri qorumaq üçün Azərbaycana qayıda bilərlər. Yəni, Ukraynadan gələn azərbaycanlılar sosial problemləri artıracaq, Rusyadan gələnlər isə daha fərqli təbəqə olacaq. Eyni zamanda da, Rusiya iqtisadiyyatı daralır, bu ölkədə günəmuzd işdə işləyən insanların gəlirləri nəzərəçarpacaq dərəcədə aşağı düşəcək. Bunların bəziləri işlərini itirəcəklər deyə geri qayıdacaqlar. Ümumiyyətlə, bölgədə baş verən bu problemlərin Azərbaycana ciddi ziyanı var. Hər iki ölkə əməkdaşlığımızın, əlaqələrimizin geniş olduğu ölkədir. Tutaq ki, hökümətin ilin əvvəlində və yaxud büdcə planlamasında Rusiyadan, Ukraynadan on minlərlə azərbaycanlının Azərbaycana qayıdacağı və onların məşğulluğunun təmin ediləcəyinə dair bir planı yoxdur. Hökümət bu prosesə hazırlıqlı deyil. Həm də nəzərə alaq ki, Ukraynadan, Rusiyadan geri qayıdan insanlar ölkəmizdə iş istəyəcəklər. Halbuki onlar mövcud vəziyyət ortaya çıxmamışdan öncə ölkəyə pul göndərirdilər. Artıq pul göndərən deyil, pul istəyən tərəfə çevriliblər. Bu baxımdan Ukrayna-Rusiya münaqişəsinin uzumüddətli davam edəcəyi təqdirdə, Azərbaycana göndərilən həm valyutanın kəskin aşağı düşməsinə gətirib çıxaracaq, həm də ölkədə məşğulluqla bağlı problemləri daha da gərginləşdirəcək”.