Rusiyanın Ankarada yeni səfiri Sergey Verşinin olacaq

09:42 03.06.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Türkiyədəki səfirini dəyişməyi planlaşdırır. “Kommersant” qəzetinin üç fərqli mənbəyə əsaslanaraq verdiyi xəbərə görə, Rusiyanın Ankaradakı yeni səfiri xarici işlər nazirinin müavini Sergey Verşinin olacaq.

Hafta.az-ın yazdığına görə, Sergey Verşinin 2018-ci ilin mart ayından xarici işlər nazirinin müavini vəzifəsini icra edir. Verşinin bu vəzifəyə qədər Rusiya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika Departamentinin direktoru, həmçinin 2011-ci ildən Xarici İşlər nazirinin Yaxın Şərq sülh prosesi üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışıb.

Bu rolda təcrübəli diplomat Yaxın Şərq üzrə Dördlüyün (Rusiya, ABŞ, Aİ və BMT) danışıqlarında Rusiyanı təmsil edib. 2013-cü ildən Suriya böhranının həllində fəal rol oynayıb və müxtəlif beynəlxalq platformalarda iştirak edib. O, 2017-ci ilin yanvarından Astana formatında danışıqlarda Rusiya nümayəndə heyətinə başçılıq edib, Cenevrə və Vyanada Suriya müxalifəti ilə görüşlərə qatılıb. Qəzetin yazdığına görə, Verşinin 2017-ci ildən Türkiyənin səfiri vəzifəsində çalışan Aleksey Yerxovu əvəz edəcək.