“Sərhəd problemi üçüncü tərəflərin müdaxiləsi olmadan həll edildi” - Politoloq

10:07 17.03.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tacikistanla Qırğızıstan arasında illərdir davam edən sərhəd problemi nəhayət, rəsmi sazişlə aradan qaldırıldı. Artıq bu iki qonşu dövlət keçmişin umu-küsülərini bir yana qoyaraq ikitəırəfli əlaqələri maksimum inkişaf etdirməyə, ticarəti, insanların gediş-gəlişini artırmağa çalışırlar.

Hafta.az-ın yazdığına görə, bununla bağlı tacik politoloq Qosim Bekməhəmməd yerli mətbuata açıqlamasında uzun illərdir davam edən mübahisələrə və münaqişələrə son qoyan sərhəddə üçüncü dövlətlərin vasitəçiliyi olmadan razılığa nail olunmasında iki ölkə hökumətlərinin siyasi iradəsinin rolunu qeyd edir.

“Tacikistan-Qırğızıstan sərhəd mübahisələrinin həlli bir sıra amillərlə çətinləşmişdi və onların həlli hər iki tərəfin maraqlarına daha çox cavab verən rasional yanaşma tələb edirdi. Bunun üçün vaxt və siyasi iradə tələb olunurdu və xoşbəxtlikdən, Düşənbə və Bişkek sonda bunu nümayiş etdirdilər”, - ekspert “Asia-Plus”a bildirib.

O qeyd edib ki, əvvəllər Mərkəzi Asiya ölkələri arasında sərhəd münaqişələri həll edilərkən üçüncü tərəfin vasitəçiliyinin zəruriliyi məsələsi heç vaxt qaldırılmayıb. Tacikistan və Qırğızıstana gəlincə, 2020-ci ildən bəri münaqişənin həllində üçüncü tərəfin vasitəçiliyi dəfələrlə təklif edilib, lakin Düşənbə və Bişkek problemi yalnız ikitərəfli əsasda həll etməyə üstünlük verib.

“Bu prinsipə sadiq qalaraq, hər iki tərəf son bir il ərzində danışıqlar prosesində əhəmiyyətli irəliləyiş əldə edib və son nəticədə sərhəd mübahisələrinə son qoya bilib. Ona görə də Tacikistanla Qırğızıstan arasında dövlət sərhədi haqqında Sazişin və digər müvafiq sazişlərin imzalanması iki dövlətin rəhbərlərinin və xalqlarının siyasi iradəsini və istəyini aydın şəkildə əks etdirir” deyən politoloq bildirib ki, üçüncü tərəflərin vasitəçilik təkliflərindən yan keçilərək diqqətin ikitərəfli danışıqlara yönəldilməsi, son nəticədə Tacikistan və Qırğızıstanın bütün mübahisələri yalnız siyasi və diplomatik üsullarla həll etmək potensialını açıq şəkildə nümayiş etdirib.

“Təbii ki, bütün Mərkəzi Asiya ölkələri Tacikistanla Qırğızıstan arasında sərhəd mübahisələrinin tezliklə həllini dəstəkləyib və bunu regional inteqrasiya prosesinin gücləndirilməsi üçün mühüm element hesab ediblər. Bununla belə, bəzi ekspertlər Tacikistan və Qırğızıstanın danışıqlar prosesində göstərdiyi böyük səylərə məhəl qoymayaraq, qeyri-peşəkar və qərəzli şəkildə danışıqların nəticələrini əsasən üçüncü tərəfin rolu ilə əlaqələndirməyə çalışır. Bununla da Düşənbə və Bişkekin qarşılıqlı güzəşt əldə etmək imkanlarını şübhə altına alırlar. Amma indi belə hiylələr mütləq nəticə verməyəcək və Tacikistan-Qırğızıstan münasibətlərinin vəziyyətinə təsir etməyəcək”, - deyə politoloq fikrini yekunlaşdırıb.

Xatırladaq ki, Tacikistanla Qırğızıstan arasında dövlət sərhədi haqqında sazişi martın 13-də Bişkekdə prezidentlər Emoməli Rəhmon və Sadır Japarov imzalayıblar. Bundan sonra Tacikistan-Qırğızıstan sərhədində iki quru keçid məntəqəsi açılıb və ölkələr arasında hava əlaqəsi bərpa edilib.