Bu gün bütün Polşanı yasa boğan və o vaxtkı prezident Lex Kaçinskinin də içində olduğu təyyarə qəzasından 15 il ötür. Məhz 2010-cu ilin 10 aprel tarixində prezident Lex Kaçinsk və xanımı Mariya Kaçinska Rusiyanın Smolensk şəhəri yaxınlığında baş vermiş təyyarə qəzasında həlak oldular.
Hafta.az-ın yazdığına görə, hadisə zamanı təyyarədə Kaçinski ailəsi ilə yanaşı dövlət və hökumət rəsmiləri, ordunun yüksəkçinli zabitləri, eləcə də ekipaj üzvlərindən ibarət 96 nəfər olub. Çox təəssüf ki, dəhşətli qəzada bütün sərnişinlər dünyalarını dəyişdi.

L.Kaçinskinin avtobioqrafiyasına nəzər yetirək. O, 1948-cu il iyunun 18-də Varşavada doğulub. 1990-cı ildə əkiz qardaşı Yaroslavla birlikdə yaratdığı Mərkəzçi Qüvvələr Partiyasının əsas məqsədi azad seçkilər keçirilməsinə və Lex Valensanın prezident seçilməsinə nail olmaqdan ibarət idi. 1991-ci ildə L.Kaçinski nazir statusu ilə prezident Valensanın Dəftərxanasında Milli Təhlükəsizlik İdarəsinə rəhbərlik edirdi. O, 1992-1995-ci illərdə Ali Nəzarət Palatasının sədri, 2000-ci ildə Yeji Buzek hökumətində ədliyyə naziri olub. 2001-ci ildə "Hüquq və ədalət" Partiyasına rəhbərlik edən Kaçinski yenidən Seymin deputatı seçilir.

2005-ci il oktyabrın 9-da L.Kaçinski və Donald Tusk prezident seçkilərində daha çox səs toplayaraq ikinci tura qatılıblar. Oktyabrın 23-də keçirilən ikinci turda Lex Kaçinski səslərin 54,04 faizini toplayaraq Polşanın prezidenti seçilib və həlak olanadək bu vəzifədə çalışıb.
Qeyd edək ki, dövlət nümayəndə heyəti “Katın qırğını”nın 70 illik yubileyində iştirak etmək üçün sözügedən əraziyə uçurdu. Prezident Kaçınsk, bir qrup deputat, Polşa Silahlı Qüvvələrinin müxtəlif sahələrinin komandirləri, Prezident Admnistrasiyasının əməkdaşları, dövlət qurumlarının rəhbərləri, din xadimləri, nazirliklərin nümayəndələri, Seym və Senatın sədr müavinləri, veteran və ictimai təşkilatların təmsilçiləri, təyyarənin ekipajı – hamı qara tarixi, 24 min həmvətənlinin qətlinə fərman verilmiş Katına acı xatirəni anmaq ümidiylə gedirdi...