“Soyqırım cinayətini davam etdirən hər kəs cəzasını almalıdır” - Nəriman Cəlal

09:05 24.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən Ukraynanın Ankaraya yeni səfiri təyin edilən Nəriman Cəlal 23 fevral 1944-cü il tarixli Çeçen-İnquş sürgününün və soyqırımının 81-ci ildönümünü anıb.

Hafta.az-ın yazdığına görə, Cəlal rəsmi hesabından verdiyi açıqlamada, "Bu gün 23 fevral çeçen və inquş xalqlarının soyqırımı qurbanlarının anım günüdür. 23 fevral 1944-cü ildə sovet rejimi çeçenləri və inquşları məcburi sürgünə məruz qoymağa başladı. 500 mindən çox insan öz yurd-yuvalarından didərgin salındı. Yolda soyuq, aclıq və xəstəlikdən sağ qalanlara ancaq 1957-ci ildə evlərinə qayıtmaq icazəsi verildi” deyib.

Cəlalın açıqlamasında Rusiyanın Sovet İttifaqının dağılmasından sonra azadlıq və müstəqillik istəyən çeçen xalqını ortadan qaldırmağa çalışdığını, Kremlin Ukraynaya və azadlıq istəyən digər xalqlara qarşı apardığı cinayətkar müharibədə çeçen xalqından istifadə edildiyini bildirib. Cəlalın açıqlamasında bu ifadələr yer alıb: "Çeçen xalqı Ukraynaya və azadlıq istəyən digər xalqlara qarşı Kremlin cinayətkar müharibəsində istifadə olunur. Rusiya sovet dövründə və ondan əvvəl başladığı qırğın siyasətini davam etdirir. Amma azad İçkeriya əsgərləri bizim əsgərlərimizlə çiyin-çiyinə torpaqlarımızı qoruyurlar. Onlar azadlıq mübarizəsinin nə olduğunu bilirlər və bu gün təkcə Ukraynanın yox, öz xalqının gələcəyi üçün də mübarizə aparırlar. Soyqırım cinayətlərini davam etdirən hər kəs cəzasını almalıdır”.

23 fevral 1944-cü il çeçen-inquş sürgününün və soyqırımının ildönümüdür. 1944-cü il fevralın 23-də Sovet Rusiyası tərəfindən çeçen və inquş xalqlarının deportasiyası tarixin qara səhifələrindən biri kimi yadda qalmaqda davam edir. Qanlı sürgünlərin memarı Stalinin göstərişi ilə bütün çeçen və inquşların Çeçen-İnquş MSSR və Dağıstan MSSR-dən Orta Asiyaya deportasiyası başlandı. Bəzi məlumatlara görə, çeçen və inquş sürgünləri zamanı 650 mindən çox insan kommunistlər tərəfindən sürgün edilib.

Avropa Parlamenti 2004-cü ildə çeçen və inquş xalqlarının deportasiyasını soyqırım kimi tanıyıb.