Sülh sənədinin imzalanmasına kompleks yanaşmaq lazımdır - Natiq Miri

14:49 08.04.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistan və havadarları Azərbaycanla imzalanması gözlənilən sülh sazişinin üzərində yeni oyunlar qurur. Erməni siyasətçiləri Azərbaycanla razılaşdırılan iki müddəanı az qala bütün əngəllərin aradan qaldırılması kimi təqdim edərək, sənədin imzalanmasının gecikməsini Bakının üzərinə atmağa çalışırlar.

“Moody’s” martın 13-də Azərbaycan-Ermənistan arasında sülh sazişinin şərtləri üzrə razılığın əldə olunmasını müsbət addım kimi dəyərləndirsə də, yaxın gələcəkdə gərginliyi dayanıqlı şəkildə həll edəcək sazişin imzalanmasını gözləmədiyini açıqlayıb. Ümumən sülh sazişinin hansı müddətə imzalanması və qarşısında duran əngəllər və həllini tapacağı təqdirdə regiona  verəcəyi vədlər müzakirə predmeti olaraq qalır.

Politoloq Natiq Miri  hafta.az-a qeyd edib ki, sülh sazişi sadəcə 15-17 müddəadan ibarət və yalnız prinsipləri özündə ehtiva edən sənəd deyil. Onun fikrincə, bu sənədin qalıcı olması üçün hüquqi təminat olmalıdır.

“Sülh sənədi” deyiləcək razılaşdırılan sənəddə ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi var. Ermənistan "çərçivə sazişi" deyərək buna imza ata bilər. Ancaq qanunvericilikdə -konstitusiyada digər dövlətə qarşı ərazi iddiası yer almaqda davam edirsə, bu, sülh sazişinin davamlılığı ilə bağlı şübhələr yaradır. Ona görə də bu gün Azərbaycanın sülh sənədini imzalamaqda müəyyən tərəddüdləri var”. 

N.Miri vurğulayıb ki, sülh prosesi tək ərazi bütövlüyü ilə məhdudlaşmır. Çünki burada münaqişə predmetinin səbəbi olacaq ərazilər var.

“Ona görə də önə çıxan amillərdən biri də sərhədlərin müəyyənləşməsidir. Ən nəhayət, diplomatik münasibətin qurulması üçün istər yol nəqliyyat kommunikasiyalarına, istərsə də digər əməkdaşlıqlar yönündə kommunkasiyalara ehtiyac var. Ermənistan hələlik bu yöndə müsbət addım atmayıb. İrəvan hələ də 10 noyabr sənədinə uyğun üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Bunlar həllini tapmayınca, Azərbaycan sülh sənədini imzalamayacaq”.

N.Miri bildirib ki, Ermənistan son iki müddəanı razılaşdırmaqla, bütün dünyaya bəyan edir ki, guya bütün məsələlər razılaşdırılıb, yerdə qalan tək maneə məkan və zaman məsələsi ilə bağlıdır. Politoloq bunun yalan və əvvəlcədən düşünülmüş növbəti erməni hiyləsi olduğunu bəyan edib.

“Azərbaycan məlum iki müddəa razılaşdırılandan sonra ortaya yeni tələblər qoymayıb. Azərbaycan illərdir, Ermənistan konstitusiyası və digər normativ aktlarında ərazi iddialarının ortadan qaldırılmasını tələb edir. Paralel olaraq bunun erməni ictimai şüurunda yer alması və həzm olunmasını tələb edir. Çünki "sülh" dediyimiz anlam erməni icimaiyyəti tərəfindən düzgün qəbul olunmursa və Azərbaycana qarşı düşmən mövqeyində dayanırlarsa imzalanacaq sülh sazişi kağız parçasından başqa bir şey olmayacaq. Ona görə də referendum keçirilməli və orada ermənilərin sülh tərəfdarı olduğu təsdiq olunmalıdır. Bunu yeni konstitusiya ilə təsbit etmək olar.  Belə ki, yeni konstitusiyada ərazi iddiaları tamamilə ortadan qaldırılandan sonra  erməni ictimaiyyəti bu sənədə səs verməklə dolayısı ilə Azərbaycanla sülh istədiklərini bəyan etməlidirlər. Ona görə sülh məsələsi ləngiyir. Erməni hakimiyyəti, erməni siyasətçiləri bunu dünyaya fərqli müstəvidə təqdim edirlər. Bu baxımdan razılaşdırılan sülh sənədinin 17 müddəası hər şeyin həll olunduğu anlamına gələ bilməz və bu, dayanıqlı sülh sənədi deyil”.

Politoloq hesab edir ki, Ermənistan öz konstitusiyasında ərazi iddialarından əl çəkmədikcə, və erməni ictimaiyyətinin Azərbaycana düşmən mövqeyindən əl çəkməsi üçün addımlar atmayınca sülh sənədinin imzalanması bölgəyə sülh gətirməyəcək.

“Bu sənədin imzalanmasına kompleks yanaşmaq lazımdır. Bu, bütöv bir sistemdir -sərhədləri, diplomatik əlaqələri, ticari və digər sahələr üzrə əməkdaşlıqların təmin olunması ilə bərabər sülh yaratmaq olar. Sadəcə prinsipləri nəzərdə tutan sənədin imzalanması regiona sülh vəd etmir. Bütün bunlar həll olunandan sonra sənədin imzalanması üçün məkan, vaxtı razılaşdırıla bilər”.