“Tacikistan yeni təhdidlərlə mübarizə aparmaq üçün əməkdaşlığa hazırdır” - Emoməli Rəhmon

09:15 16.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mayın 16-da Tacikistan prezidenti Emoməli Rəhmon Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının 56-cı iclasında iştirak etmək üçün Düşənbəyə gəlmiş MDB xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüş keçirib.

Hafta.az-ın yazdığına görə, bu haqda Tacikistan Prezident Admnistrasiyasının mətbuat xidməti məlumat yayıb.

Görüşdə Rəhmon region ölkələri arasında səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu gün əsas çağırışlar beynəlxalq terrorizm, ekstremizm, radikalizm, narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz silah alveri və kibercinayətkarlığın artmasıdır.

“Mürəkkəb beynəlxalq siyasi vəziyyəti qeyd edən prezident qlobal risklərin və regional təhlükəsizlik arxitekturasına çağırışların təzyiqinin artması tendensiyasına diqqət çəkib”, - deyə məlumatda bildirilir.

Prezident qeyd edib ki, Tacikistan artıq terrorizm və ekstremizmlə mübarizə üçün iki strategiya qəbul edib, təhlükəsizlik üzrə beynəlxalq dialoq platforması olan “Terrorizm və ekstremizmə qarşı mübarizə üzrə Düşənbə prosesi” çərçivəsində bu istiqamətdə işi davam etdirmək niyyətindədir. O, həmçinin yeni təhdidlərə birgə mübarizə aparmaq üçün ölkənin MDB çərçivəsində əməkdaşlığı gücləndirməyə hazır olduğunu bildirib.

2025-ci ildə MDB-yə sədrlik Tacikistana keçib. Ölkənin əsas prioritetləri təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi və Birliyin fəaliyyətinin təkmilləşdirilməsidir.

Sədrlik çərçivəsində artıq bir çox tədbirlər, o cümlədən Minskdə Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr keçirilib, Birliyin işinin təkmilləşdirilməsi və əsas görüşlərə hazırlıq məsələlərini müzakirə edilib. O cümlədən, oktyabrın 10-da Düşənbədə MDB dövlət başçılarının sammitinin, bu il iyunun 5-də isə hökumət başçılarının iclasının keçirilməsi planlaşdırılır.