Güney Azərbaycanda ilk dəfə olaraq Təbriz Universitetində Türk Dili və Ədəbiyyatı Elmi Dərnəyinin stendi yaradılıb.
Hafta.az-ın yazdığına görə, Təbriz Universitetinin Türk dili və ədəbiyyatı fakültəsinin tələbələri 18-ci Beynəlxalq Hərəkat Festivalı ilə eyni vaxtda türk dilini və mədəniyyətini təbliğ etmək məqsədilə ingilis dili və ədəbiyyatı kafedrası ilə birgə stend təşkil ediblər.
İlk dəfə qurulan stenddə türk tarixi, ədəbiyyatı, şeir və bədii kitablarından ibarət zəngin kolleksiya nümayiş olunub.
Bundan əlavə, Güney Azərbaycan türklərinin mədəniyyətini və tarixi kimliyini gözəl əks etdirən əsl Azərbaycan kişi və qadın geyimləri də nümayiş etdirilir.
Türk Dili və Ədəbiyyatı Tələbə Elmi Dərnəyinin katibi Səccad Saburi, "Tələbələrin gecə-gündüz zəhməti sayəsində Türk Dili və Ədəbiyyatı Elmi Dərnəyi ilk dəfə "Hərəkət” festivalına qatıldı. Deyə bilərik ki, bu, hələ başlanğıcdır və qarşıda hələ çox yolumuz var. Bu stend, tələbələrin əsl Azərbaycan mədəniyyətinə, türk dilinə və ədəbiyyatına olan sevgisinin göstəricisidir” deyib.