Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev Aktau şəhəri yaxınlığında təcili eniş edən Bakıdan Qroznıya J2-8243 reysini həyata keçirən Embraer 190 təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmanın necə davam etdiyini bildirib.
Hafta.az-ın Kazinform-a istinadən yazdığına görə, nazir deyib:
“İstintaqı aparan ölkə Qazaxıstandır. İstənilən araşdırma bir neçə mərhələyə bölünür. Birinci mərhələ materialların toplanmasıdır. Bu mərhələ başa çatıb. İndi ikinci mərhələ həyata keçirilir - toplanmış materialların öyrənilməsi. Hazırda araşdırma mərhələsindəyik. Bu iş çərçivəsində bizim mütəxəssislər dəvət olunmuş xarici mütəxəssislərlə birlikdə Bakıda, Qroznıda və Rostov-na-Donda olublar”.
O, həmçinin əlavə edib ki, təyyarə materialları Qazaxıstandadır.
Xatırladaq ki, təyyarə qəzası 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında baş verib. Təyyarədə 5 ekipaj üzvü də daxil olmaqla 67 nəfər olub. Hadisə nəticəsində 38 sərnişin həlak olub, 29 nəfər sağ qalıb.
Dekabrın 30-da Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) olayın hərtərəfli və qərəzsiz araşdırılmasına çağırıb.
Fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi aviasiya qəzasının təhqiqatı ilə bağlı ilkin hesabat dərc edib.
Yekun hesabat bu ilin dekabrına qədər dərc olunacaq.