ABŞ prezidenti Donald Tramp xaricdən idxal edilən bütün mallara rüsumların tətbiq ediləcəyini açıqlayıb. O, bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.
Hafta.az-ın yazdığına görə, Tramp tariflərə tabe olacaq 185 ölkənin siyahısını mediaya göstərib. Baza tarifi 10 faizdir. Ancaq bir çox ölkələr üçün tariflərin daha yüksək olduğu ortaya çıxıb. Məsələn, Çindən gələn mallara gömrük rüsumları 34 faiz, Avropa İttifaqı ölkələrindən 20 faiz, İsveçrədən 31 faiz, Qazaxıstandan 27 faiz təşkil edir.
Şərqi Asiya ölkələrinə tətbiqlənən faizlər daha yüksəkdir: Vyetnam 46 faiz, Kamboca 49 faiz, Laos 48 faiz və sair.

Siyahıda Rusiya, Meksika, İran, Kanada və Belarusun adı yoxdur. Hansı ki, Vaşinqton Ukrayna mallarına 10 faizlik ticarət vergisi tətbiq etmək qərarına gəlib.
Yeri gəlmişkən, Moldova (31 faiz) və Qazaxıstan (27 faiz) istisna olmaqla, postsovet ölkələrinin çoxuna 10 faizlik ən aşağı rüsum tətbiq edilib.

ABŞ-ın ən aşağı rüsum tətbiq etdiyi dövlətlərdən biri də Azərbaycandır (10 faiz).
Qardaş ölkə Türkiyə də ən aşağı rüsum (10 faiz) tətbiqlənən ölkələr siyahsıındadır.
Tramp minik avtomobilləri, yük maşınları və onların ehtiyat hissələrinin idxalına 25 faiz rüsum tətbiq etmək barədə sərəncam imzalayıb.
Ağ Ev rəhbəri tariflərin tətbiqini “iqtisadi müstəqillik bəyannaməsi” adlandırıb və aprelin 2-nin tarixə “Amerikanın Sənayenin Bərpa Günü” kimi düşəcəyini bildirib. O, tariflərin qaldırılmasını istəyən dövlət başçılarına rüsumları ləğv etməyi tövsiyə edir.

Tramp deyib ki, “ABŞ-ın dostları və düşmənləri” onilliklər ərzində Amerika iqtisadiyyatını talayırlar, lakin buna tariflərin tətbiqi ilə “son qoyulub”. Onun sözlərinə görə, bu, ABŞ iqtisadiyyatı üçün "qızıl dövrə" gətirib çıxaracaq, "iş yerləri və fabriklər ölkəyə qayıdacaq".
ABŞ prezidenti bildirib ki, bu tariflərdən gələn "trilyonlarla dollar" vergilərin azaldılması və dövlət borcunun ödənilməsi üçün istifadə olunacaq.

“İllərdir ki, zəhmətkeş Amerika vətəndaşları geridə qalıb, digər ölkələr isə daha da zənginləşib və güclənib – əsasən bizim hesabımıza. İndi çiçəklənmə növbəmizdir, bu yolla vergiləri və dövlət borcunu azaltmaq üçün trilyonlarla dollar xərcləmək imkanımız var”, - Amerika prezidenti bildirib.
Bildirilib ki, 10 faizlik baza rüsumu aprelin 5-dən, bir sıra ölkələr üçün isə “qarşılıqlı” tariflər aprelin 9-dan qüvvəyə minəcək. Tramp tariflərin məbləğini dəyişə biləcəyi ilə bağlı da xəbərdarlıq edib.