“Tramp Putini İstanbula çəkməyə çalışır” – Tolqa Sakman

09:05 14.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Donald Tramp mayın 15-də İstanbulda keçirilməsi gözlənilən Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı təəccüblü açıqlamalar verib.Ağ Evdə mətbuat konfransında danışan Tramp görüşü "potensial olaraq yaxşı görüş" adlandırıb və orada iştirak edə biləcəyinə eyham vurub.

Hafta.az-ın yazdğına görə, görüşlə bağlı danışan Türkiyədə fəaliyyət göstərən Diplomatik Əlaqələr və Siyasi Araşdırmalar Mərkəzinin (DIPAM) sədri Dr. Tolqa Sakman “Düşünürəm ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Vladimir Zelenskini həmsöhbət kimi qəbul etmədiyi üçün Tramp görüşə qatıla biləcəyini söyləməklə Putini İstanbula çəkməyə çalışır” deyib.

Bu vəziyyətin Trampın prosesi dəstəklədiyi anlamına gəldiyini ifadə edən Sakman, qeyd edib ki, bu davranış Trampın prosesin sülhlə bitmə ehtimalının yüksək olduğuna inandığını göstərir.

ABŞ-ın Səudiyyə Ərəbistanında qurmağa çalışdığı vasitəçilik platformasının “həddindən artıq Amerika təsiri” səbəbindən işləmədiyini söyləyən Sakman, deyib ki, Putinin Türkiyəyə xüsusi üstünlük verməsi Trampın prosesdəki rolunu azalda bilər, Tramp şəxsən iştirak edərək bunu bərpa etməyi düşünə bilərdi. Ancaq indiki şəraitdə Putin və ya Trampın bu danışıqları ən yüksək səviyyədə İstanbula çatdıracağı mühit hələ yaradılmayıb.

“Tramp İstanbula gələrsə, bu, ABŞ, Rusiya, Ukrayna və Türkiyə liderlərinin bir araya gəldiyi son dövrün ən diqqətəlayiq zirvə toplantısı olacaq” deyən Sakman əlavə edib: “Çünki bu sammit təkcə Rusiya-Ukrayna müharibəsinin yekunu üçün deyil, həm də son vaxtlar yüksələn müzakirələrə cavab olacaq. Təbii ki, belə bir zirvədən sülhün çıxma ehtimalı çox yüksək olduğu üçün bütün aktyorlar buna uyğun mövqe tutmağa çalışacaqlar. Tramp və Putinin yaxşı anlaşdığı görünsə də, onların eqolarının toqquşması ehtimalı yüksəkdir və Zelenski Trampın sülh baxışından o qədər də məmnun deyil. Ona görə də Türkiyə təkcə Rusiya və Ukrayna arasında sülh üçün deyil, həm də bu ölkələrlə ABŞ arasında münasibətlərin yeni formasını müəyyən etmək üçün diplomatik manevr etməlidir”, - Sakman bildirib.