ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən səfirliyə namizədlər toplantısında Türkiyə ilə bağlı diqqətçəkən açıqlamalar verib. Tramp Türkiyəni “yaxşı ölkə” adlandırmaqla yanaşı, Türkiyə lideri üçün “lider də əladır” deyib.
Hafta.az-ın yazdığına görə, görüşdə iştirak edən adlar arasında ABŞ-ın Ankaradakı səfirliyinə namizədliyi irəli sürülən Tom Barak da olub. Senatdan təsdiq aldıqdan sonra vəzifəsinin icrasına başlayacaq Barak mətbuata verdiyi qısa açıqlamada Türkiyəni "ən qədim sivilizasiyalardan biri" olaraq xarakterizə edib. Bu sözlər Türkiyənin tarixi və mədəni zənginliyini vurğuladığı üçün diqqət çəkib. Barak həmçinin Trampla işləməkdən məmnun olduğunu bildirib və ABŞ prezidentinə təşəkkür edib.
Barakın Türkiyə ilə bağlı müsbət fikirlərinə biganə qalmayan ABŞ prezidenti Donald Tramp “Yaxşı ölkədir, lideri də yaxşıdır” deyərək dolayı yolla həm Türkiyəyə, həm də prezident Rəcəb Tayyib Ərdoğana dəstək mesajı verib.
Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfiri vəzifəsinə namizədliyi irəli sürülən Tom Barak Kaliforniya ştatında doğulub boya-başa çatıb. 77 yaşlı Barak Cənubi Kaliforniya Universitetində bakalavr təhsilini, hüquq fakültəsini isə San Dieqo Universitetində başa vurub. 1900-cü ildə Livanın Zahle şəhərindən ABŞ-a köçən Livan xristian ailəsinin nəvəsi Barak ailəsinin təvazökar mənşəyinə baxmayaraq, karyerasında mühüm addımlar atdı. Atası baqqal, anası isə katibə işləyirdi.
Barak tələbəlik illərində reqbi ilə maraqlanıb və peşəkar həyatına Səudiyyə Ərəbistanında hüquqşünas kimi başlayıb. 1980-ci illərdə Ronald Reyqan administrasiyasında Daxili İşlər Nazirliyinin müşaviri müavini vəzifəsində çalışmış Barak Kaliforniyanın Ranço del Kielo bölgəsində Reyqanla qonşu olmaqla siyasi dairələrdə tanınmasını artırıb.